Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Naxçıvan Dövlət Universitetində M.T.Sidqinin 160 illik yubileyi qeyd olunub

 

Böyütmək üçün şəkili seçinNaxçıvan Dövlət Universitetində görkəmli pedaqoq, maarifçi, şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin maarifpərvər Azərbaycan ziyalılarının, görkəmli ictimai xadimlərinin, şair və yazıçılarının, pedaqoqlarının adlarının əbədiləşdirilməsi, elmi-ədəbi irslərinin öyrənilməsi və təbliği istiqamətindəki xidmətlərindən bəhs edib. Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif  Talıbovun imzaladığı, "Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında" 20 avqust 2014-cü il tarixli sərəncamı Azərbaycan realist ədəbiyyatının inkişafında, məktəb, mətbuat, teatr  sahəsində müstəsna xidmətləri olan Sidqinin həyat və yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib.

Tərbiyə işləri üzrə prorektor, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Məmməd Rzayev "Məhəmməd Tağı Sidqi kamil şəxsiyyət tərbiyəsi haqqında" məruzə edərək "Elminə əməl etməyən alim əlində bir işıqlı çıraq saxlayan kora bənzər" söyləyən Sidqinin əxlaqla zəkanın, biliyin və elmin vəhdəti, kamil insan formalaşdırılmaqla bağlı mütərəqqi baxışlarından, "Tənviri-əfkar", "Nəsihətnamə" "Heykəli-insana bir nəzər", "Qızlar məktəbi" əsərlərindəki pedaqoji görüşlərindən danışıb.

Pedaqogika və psixologiya kafedrasının dosenti, YAP universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, Azərbaycan Respublikasının əməkdar müəllimi Kamal Camalov "Məhəmməd Tağı Sidqinin pedaqoji fəaliyyəti" adlı məruzəsində qeyd edib ki, Sidqi 1894-cü ildə Ordubadda yeni tipli "Əxtər" məktəbini, Naxçıvanda "Tərbiyə" məktəbini yaratmaqla Azərbaycan maarifçilik hərəkatında, ictimai fikir tarixində mühüm yeri olan tanınmış ziyalıların və ədəbi simaların yetişməsinə xidmət göstərmişdir. C.Məmmədquluzadə, H.Cavid, Ə.Qəmküsar, M.S.Ordubadi kimi görkəmli şəxsiyyətlər Sidqinin maarifçilik ideyalarının layiqli davamçıları olmuşlar.

Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, professor Elbəyi Maqsudov "Məhəmməd Tağı Sidqinin hekayələrində tərbiyə metodları", texnologiya müəllimliyi ixtisası üzrə III kurs tələbəsi, M.T.Sidqi adına fəxri təqaüdçü İnci Adilzadə "Məhəmməd Tağı Sidqinin əsərlərində təlim məsələləri" mövzularında məruzə edərək Sidqinin Naxçıvanda pedaqogikanın təşəkkülündəki rolundan, özünəməxsus təlim-tərbiyə üsullarından bəhs ediblər. Məruzələrdə görkəmli maarif xadiminin Azərbaycanda ilk pedaqogika və coğrafiya dərsliklərinin və uşaq nəsrinin ilk mükəmməl nümunələrinin müəllifi olduğu vurğulanıb, əxlaqi-didaktik əsərləri, lirikası təhlil olunub.

Konfransda görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin əsərlərindən, onun barəsindəki elmi-tədqiqatlardan ibarət sərgi nümayiş olunub.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov