Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 30-dan çox
KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfərini
təşkil edib. Oktyabrın 23-də səfər çərçivəsində KİV
nümayəndələri Tovuz rayonunun Hacallı kəndindəki Milli
Qəhrəman Qasım Rzayev adına tam orta məktəbdə olublar.
Qeyd edək ki, ikigünlük səfər çərçivəsində 30-dan çox
KİV nümayəndəsi Tovuz rayonunun Hacallı, Qazax rayonunun
Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış
olacaq, bölgədəki hərbi hissələrin birində əsgər və
zabitlərlə görüşəcəklər. Səfərin təşkilində məqsəd
ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və
ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi
informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
Media nümayəndələri Hacallı kəndindəki Milli Qəhrəman
Qasım Rzayev adına tam orta məktəbdə gənclərin
çağırışaqədərki hazırlığı və ingilis dili dərslərini
izləyib, müəllimlər və kənd sakinləri ilə söhbət
ediblər. Məktəbin direktoru Mehriban Rüstəmova
Ermənistan silahlı qüvvələri tərəfindən təhsil
müəssisəsinin vaxtaşırı atəşə tutulduğu, müəllim və
şagirdlərin həyatı üçün real təhlükə yarandığı haqqında
məlumat verib. O, tədris ocağının divarlarında, sinif
otaqlarında və hətta yazı lövhəsindəki güllə yerlərini
göstərərək, belə hallarda şagirdlərin təhlükəsizliyini
təmin etmək üçün görülən tədbirlərdən söhbət açıb.
İşğalçı ölkə hərbi birləşmələrinin heç bir humanitar
prinsiplərə sığmayan əməllərinə baxmayaraq məktəbdə
şagirdlərin dərsə davamiyyəti pozulmur.
Jurnalistlər 43 illik pedaqoji təcrübəyə malik, Milli
Qəhrəman Q.Rzayevin müəllimi Səmayə Hüseynova ilə söhbət
ediblər. S.Hüseynova Milli Qəhrəman Q.Rzayev haqqında
xatirələrini danışıb, onun məktəb illərində də
vətənpərvər hisslərlə yaşadığını bildirib.
Səfərin məqsədi və əhəmiyyəti barədə fikirlərini
bildirən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun
müdiri Cəsarət Valehov Hacallı kənd tam orta məktəbinin
nailiyyətləri və məzunların ali məktəblərə qəbulu
göstəricilərini nəzərə çatdırıb. C.Valehov qeyd edib ki,
bu təhsil müəssisəsini bitirən məzunların 30 faizindən
çoxu müxtəlif universitetlərə, o cümlədən də hərbi ali
məktəblərə qəbul olunublar.
Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova
bildirib ki, rayon ümumi təhsil müəssisələrinin 40
faizindən çoxu Ermənistanla sərhəd ərazilərdə yerləşir
və müntəzəm olaraq düşmən tərəfindən atəşə məruz qalır.
Lakin buna baxmayaraq, həmin tədris ocaqlarının normal
fəaliyyəti qorunub saxlanılır. Təsadüfi deyil ki, ilbəil
rayon məktəbləri nailiyyətlərini artırır və məzunların
ali məktəblərə qəbulu göstəriciləri yüksəlir.
Daha sonra media nümayəndələri və digər qonaqlar Qərb
bölgəsindəki "N" saylı hərbi hissədə olub, Hacallı kənd
tam orta məktəbinin X və XI sinif şagirdlərinin əyani
gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər.
Hərbi hissənin zabit və əsgərləri döyüş silahları və
hərbi sursatdan istifadə qaydaları haqqında şagirdlərə
məlumat verib, onların tətbiqini əyani şəkildə nümayiş
etdiriblər.
Yerli sakinlər Təhsil Nazirliyinin bu təşəbbüsünü
alqışlayıb və belə səfərlərin onlara mənəvi ruh
verdiyini bildiriblər. |