Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na keçirilən müsabiqə başa çatıb

 

2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na keçirilən müsabiqə başa çatıb.

Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 571 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib. Bu tələbələr Harvard Universiteti, Oksford Universiteti, HEC Paris, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi ali təhsil müəssisələrindən məzun olmaqla, qısa bir müddətdə Azərbaycana dönərək müvafiq sahələrin davamlı inkişafına təminat verəcəklər.

Dövlət Proqramının əsas məqsədi qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan builki seçimlərdə üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində istər yüksək TQDK göstəricilərinə malik, istər beynəlxalq olimpiada iştirakçıları, istərsə də müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayış etdirmiş 153 tələbə isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq imkanı əldə ediblər.

Sevindirici haldır ki, ilk dəfə olaraq 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarə olunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb.

Ümumilikdə tələbələrin əsasən Türkiyə, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük verdiyi müşahidə olunub. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25 nəfər, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb.

Növbəti tədris ili üçün müsabiqə şərtlərinin müəyyən edilməsi istiqamətində hazırlıq işləri davam etməkdədir və işlərin yekunu barədə tələbələr yeni akademik il ərəfəsində məlumatlandırılacaqlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov