Oktyabrın
17-də təhsil naziri Mikayıl Cabbarov mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda
vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar
rayonuna səfər edib.
Təhsil naziri səfər çərçivəsində rayonun Hil kəndində
tikilən ümumi orta təhsil müəssisəsində inşaat işlərinin
gedişi ilə tanış olub.
Qeyd edək ki, Hil kəndində fəaliyyət göstərən 187 şagird
yerlik ümumi orta məktəbin binası yenidən inşa
olunmaqdadır. Artıq yeni tikilmiş məktəbdə son
tamamlanma işləri başa çatmaq üzrədir.
Həmçinin nazir Hil kəndində fəaliyyət göstərən 720
şagird yerlik tam orta məktəbin tədris şəraiti ilə tanış
olub. Təhsil müəssisəsinin nailiyyətləri pedaqoji
kollektivin üzvləri ilə müzakirə edilib və bir neçə
sinifdə dərs prosesi izlənilib.
Daha sonra təhsil naziri Qusar şəhərindəki Olimpiya
İdman Kompleksində Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və
Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş
yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə
dəyişdirilməsi, ali və orta ixtisas məktəbləri
tələbələrinin bir təhsil müəssisəsindən digərinə
köçürülməsi, təhsil haqqı, xaricdə təhsil, fəxri adların
verilməsi və digər məsələlərlə əlaqədar müraciət
ediblər.
Qəbulda 63 vətəndaşın müraciəti dinlənilib və əksər
məsələlər yerindəcə həllini tapıb. Bir sıra
müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına
tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid
olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə
müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və
nəzarətə götürülüb. |