Bakıda
Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata
keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası
keçirilib.
İclas Azərbaycan Respublikasının 2014-cü ilin may-noyabr
aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi
çərçivəsində keçirilib.
Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova,
Qazaxıstan, Rusiya və Ukraynanın Təhsil nazirliklərinin,
həmçinin Avropa Şurası və Avropa İttifaqının yüksək
səviyyəli nümayəndələri iştirak edib.
Gündəliyə əsasən, iclasda adıçəkilən ölkələrdə Avropa
Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi,
mövcud problemlər və bu problemlərin həlli yollarının
müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Təhsil naziri Mikayıl Cabbarov iclasın açılış
mərasimində çıxış edərək iştirakçılara "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" çərçivəsində ölkəmizdə aparılmış təhsil
islahatları və 2005-ci ildə Bolonya prosesinə
qoşulduqdan sonra Avropa Vahid Təhsil Məkanı
Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi
barədə məlumat verib. Nazir bildirib ki, bu prosesin
gedişində ölkənin təhsil sistemi ənənəvi inzibati
amirliyə əsaslanan idarəetmədən imtina edib, açıq və
demokratik olub, eyni zamanda əmək bazarının tələblərinə
istiqamətlənib, əldə olunan bilikləri reallıqda tətbiq
etmək imkanlarına yiyələnib. Ölkə Prezidenti İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən
sosial-iqtisadi və siyasi islahatların nəticəsi olaraq
Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələri
sırasına daxil olub. 2013-2014-cü illər üzrə Dünya
İqtisadi Forumunun hesabatında Azərbaycan qlobal
rəqabətqabiliyyətlilik reytinqində 148 ölkə arasında
39-cu, MDB-yə üzv dövlətlər arasında 1-ci yeri tutub.
BMT-nin "İnsan inkişafı haqqında" hesabatında isə
ölkəmiz İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında
2008-ci ildəki 101-ci yerdən 2013-cü ildə 76-cı yerə
yüksəlib. Bununla Azərbaycan insan potensialının yüksək
inkişaf etdiyi ölkələr qrupuna daxil olub.
İqtisadi inkişafı saxlamaq və daha da möhkəmləndirmək
isə təhsil sisteminin keyfiyyətindən və onun
formalaşdırdığı insan kapitalından asılıdır. Təsadüfi
deyil ki, ölkə Prezidenti ikinci dəfə seçiləndən sonra
imzaladığı ilk sənədlərdən biri "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" olub. Bu sənəddə milli ali təhsil
sisteminin Avropa təhsil mühitinə inteqrasiyasına və ali
təhsil müəssisələrində struktur islahatlarının
dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilir.
Mikayıl Cabbarov tədbir iştirakçılarını Azərbaycanın
təhsil sistemində baş verən dəyişikliklərlə tanış edib.
Nazir bildirib ki, son 4 ildə ali məktəblərin birinci
kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb,
adambaşına maliyyələşmə mexanizminə keçid başa
çatdırılıb, ali təhsilin akkreditasiyası və onun
keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb.
Ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi
Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə
milli tələbə kreditləri və qrantları sistemi işə
salınacaq. Xaricdə təhsil üzrə imkanların artırıldığını
deyən nazir bu sahədə həyata keçirilən Dövlət
Proqramının davamlı olacağını vurğulayıb.
Bununla yanaşı, sistemin transformasiyası universitet
idarəediciləri qarşısında yeni tələblər qoyur.
Qərarların qəbulunda şəffaflıq prinsiplərinin sürətli
tətbiqi, universitetlərin fəaliyyətinə bütün maraqlı
tərəflərin cəlbi, hesabatlılıq mədəniyyətinin və
korporativ idarəetmənin formalaşdırılması inkişaf
imkanlarını təmin edən vacib elementlərdəndir.
Təhsil sahəsində birgə əməkdaşlıq imkanlarından danışan
Mikayıl Cabbarov regiondakı ali təhsil müəssisələrinin
inteqrasiyasına mane olan xarici amilləri də açıqlayıb.
Nazir qeyd edib ki, Ermənistan tərəfdən Azərbaycan
ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki
olaraq universitetlər arasında təhsillə bağlı birgə
layihələrin həyata keçirilməsini mümkünsüz edib.
Mikayıl Cabbarov bu görüşün region ölkələrində təhsilin
sonrakı inkişafı ilə bağlı aktual məsələlərin
müzakirəsinə yaxşı imkanlar yaradacağına və Bolonya
prosesinin inkişafına müsbət təsir göstərəcəyinə
əminliyini vurğulayıb.
Sonda nazir ali təhsil sahəsində bir sıra layihələrin və
islahatların həyata keçirilməsində göstərdikləri köməyə
görə Dünya Bankına, Avropa İttifaqına və digər
ikitərəfli tərəfdaşlara təşəkkürünü bildirib.
Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata
keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasına
oktyabrın 23-də yekun vurulub. |