Oktyabrın
22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya
Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr
Jilkinlə görüşü olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
"Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə"
ordeni təqdim olunub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qubernator
Aleksandr Jilkini Heydər Əliyev Fondunda salamlayaraq,
Fond ilə Həştərxan vilayətini səmərəli əməkdaşlıq
əlaqələrinin birləşdirdiyini dedi. Mehriban Əliyeva
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Həştərxanda bir
sıra iri layihələr reallaşdırdığını qeyd etdi. Fondun
təşəbbüsü və dəstəyilə Həştərxanda ümummilli lider
Heydər Əliyevin adını daşıyan 11 saylı məktəb, uşaq
bağçası, "Dostluq" körpüsü, uşaq əyləncə şəhərciyi,
knyaz Vladimir abidəsi açılıb. Heydər Əliyev Fondunun
prezidenti əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə
edərək, Azərbaycan və Rusiyanı möhkəm dostluq
əlaqələrinin birləşdirdiyini söylədi. Qeyd edildi ki,
siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət və təhsil
sahəsində də münasibətlərin genişləndirilməsinə böyük
diqqət yetirilir. Birinci xanım Mehriban Əliyeva Fondun
layihələrinin Həştərxan vilayətinin qubernatorunun
rəhbərliyi ilə həyata keçirildiyini bildirərək Aleksandr
Jilkinə təşəkkür etdi.
Heydər Əliyev Fondunda təşkil edilən görüşə görə
minnətdarlığını bildirən Aleksandr Jilkin Fondun
Həştərxanda reallaşdırdığı layihələrin istiqamətinin
düzgün seçildiyini vurğuladı. Qubernator qeyd etdi ki,
bu layihələrin hamısı Həştərxan sakinləri tərəfindən
böyük rəğbətlə qarşılanır.
Həştərxan vilayətinin qubernatoru Azərbaycan diasporunun
fəaliyyətindən danışdı, bunun ölkələrimiz arasında
mövcud dostluq əlaqələrini bir daha təsdiq etdiyini
söylədi.
Görüşdə Azərbaycan ilə Həştərxan arasında birbaşa
aviareysin açılmasının vacibliyinə toxunuldu, Həştərxan
sakinlərinin Azərbaycanı turist kimi ziyarət etmək
arzuları qeyd edildi, Şahdağ, Naftalan kimi kurortların
böyük maraq doğurduğu vurğulandı.
Görüşdə Avropa Oyunlarına hazırlıq məsələləri də
müzakirə edildi, oyunların yüksək səviyyədə
keçiriləcəyinə əminlik ifadə olundu. Oyunları izləmək
üçün Həştərxandan ölkəmizə çoxlu sayda insanların
gələcəyi bildirildi. Heydər Əliyev Fondunun xətti ilə
Həştərxanda mədəni tədbirlərin keçirilməsinin mümkünlüyü
qeyd edildi. Eyni zamanda, Azərbaycan ilə Həştərxan
arasında balıqçılıq sahəsində əməkdaşlıq məsələsi diqqət
mərkəzində oldu, Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi
ilə birgə nərə balıqları ilə bağlı layihənin həyata
keçirilməsi müzakirə edildi.
Aleksandr Jilkin Azərbaycanın birinci xanımı Mehriban
Əliyevaya "Həştərxan vilayəti qarşısındakı xidmətlərinə
görə" ordenini və xatirə hədiyyəsini təqdim etdi.
AzərTAc |