Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Dünya bəşər tarixinin ən qəddar virusu ilə üz-üzə

 

"Ebola" virusu nədir? 

"Ebola" virusuna ilk yoluxma faktı hələ 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası - red.) ilk virusa yoluxma halları aşkar edilib. Yeni epidemiyaya Yambuku yaxınlığındakı Ebola çayının adı verilib. Epidemiya, əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrinə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Sonuncu yayılma dalğası isə bu ilin martından etibarən Qərbi Afrika, xüsusilə Qvineya, Sierra Leone və Liberiyada başlanıb. Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub. Virusun ən son yayılması 2014-cü ildə olub. "Ebola" virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "bəşər tarixinin ən qəddar virus xəstəliyi" adını alıb. Bu virusun beş müxtəlif tipi var və ona yoluxanların həyatda qalma şansı 25%-dən 90%-dək dəyişir. "Ebola" virusuna qarşı hələlik heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son məlumata əsasən, "Ebola" virusundan ölənlərin sayı 4447 nəfərə çatıb. 

Yoluxmanın əlamətləri nədir? 

"Ebola"ya yoluxmanın ilkin əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrəkdə nasazlıq və qaraciyərin fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar da baş verə bilər. 

Bu virus necə yayılır? 

"Ebola" virusu  tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, başağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.

- "Ebola" virusu insanlara, əsasən qan və digər bədəndaxili mayelər, eləcə də həmin virusun daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər heyvan növləri bu virusun daşıyıcısı ola bilər;

- "Ebola" insandan insana qan və digər bədəndaxili mayelər və əlaqə yolu ilə keçir;

- Dəfn mərasimlərində ölü insana toxunmaq yolu ilə də "Ebola"ya yoluxmaq mümkündür;

- Xəstəliyin gizli dövrü 2- 22 gündür;

- İnsanlar qanlarında və daxili əzalarında bu virusu daşıdıqları müddət ərzində infeksiya daşıyıcısı hesab olunurlar.  

"Ebola"ya yoluxmamaq üçün nə etməli? 

- Ferma və təsərrüfatları tez-tez təmizləmək və dezinfeksiya tədbirləri görmək;

- Heyvanlara yalnız əlcək və qoruyucu geyimlər geyindikdən sonra toxunmaq, ət məhsullarını yaxşıca qaynatdıqdan sonra yemək;

- Hər hansı heyvanın bu virusa yoluxduğu məlum olduqda dərhal ilkin təhlükəsizlik tədbirləri görmək, yoluxmuş heyvanları yaşayış yerlərindən təxliyyə etmək;

- "Ebola"ya yoluxmuş insanlarla ünsiyyətdən çəkinmək və zəruri hallarda qoruyucu geyimlərdən istifadə etmək;

- Viruslu xəstələrin müalicəsindən və ziyarətindən sonra əlləri yaxşıca yumaq;

- Virusa yoluxma halı hiss edilən kimi dərhal aidiyyəti hökumət qurumlarına bu barədə məlumat vermək;

- Virus qurbanlarını dərhal təhlükəsiz şəraitdə dəfn etmək və cəsədə birbaşa toxunmaqdan çəkinmək.  

Bu infeksion xəstəliyin müalicəsi üçün hansı işlər görülür? 

Hazırda bu virusa qarşı bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də onlardan hələlik heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.

"Zmapp" adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı  eksperimental dərmanların istifadəsinə icazə verir.

Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılır. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili inyeksiya yolu ilə maye daxil edilir. ABŞ-ın dərman şirkətlərindən biri tərəfindən istehsal olunan "Zmapp" vaksinləri artıq Qərbi Afrikaya göndərilib. Şirkət rəhbərliyi dərmanlardan istifadənin pulsuz olduğunu bildirib. 

Azərbaycanda "Ebola"ya qarşı görülən işlər 

Səhiyyə Nazirliyi rəsmilərinin verdiyi məlumata görə, "Ebola" virusunun yaxın zamanlarda və hətta yaxın bir neçə il ərzində Azərbaycana gəlməsi şansı sıfıra bərabərdir. Ölkəyə gətirilən bir çox qida məhsulları ilə bağlı mütəmadi olaraq laboratoriya analizləri aparılır. Sərhəd-keçid məntəqələrində insanlar ciddi nəzarətdən keçirilir.

Təhsil Nazirliyindən aldığımız məlumata görə, hazırda Afrika ölkələrində dövlət xətti və dövlət proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələr yoxdur. Azərbaycanın ali təhsil müəssisələrində isə 2013-2014-cü tədris ilində Afrikanın müxtəlif ölkələrindən 52 nəfər tələbə təhsil almışdır ki, onlardan 29 nəfəri bu virusun ən çox yayıldığı ölkələrdən sayılan Nigeriya vətəndaşı olmuşdur. Həmin 52 nəfərin yarısının bu il məzun olaraq öz vətənlərinə qayıdacağı gözlənilir. Şübhəsiz ki, virusun geniş yayıldığı ölkələrdən gələn digər vətəndaşlar kimi həmin tələbələr də sərhəd-keçid məntəqələrində ciddi nəzarətdən keçirilirlər. 

İnternet materialları əsasında hazırlanıb

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov