Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

SABAH Forumunda iştirak edən tələbələrin təəssüratları

 

 Xəbər verildiyi kimi, bu il 10-11 oktyabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq I SABAH Forumu keçirilib. Ölkənin 7 ali təhsil müəssisəsinin SABAH qruplarında təhsil alan 250-yə yaxın tələbəsinin iştirak etdiyi forumda ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumat verilib, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolundan söz açılıb. Tələbələr arasında əsl dialoq mühiti yaradan və onları maraqlandıran bir sıra məsələlərin müzakirə olunduğu forum böyük uğurla keçib və tələbələr onun işində, aparılan  müzakirələrdə fəal iştirak ediblər. İki gün davam edən  forum  tələbələrdə  böyük  təəssürat  yaradıb.  Bunu  forumun  gedişində  bir neçə  iştirakçı  tələbədən aldığımız  qısa  müsahibələr  də  təsdiq  edir.  Aşağıda həmin müsahibələri təqdim edirik: 

Pərviz RAMAZANLI 

Bu forum əsasında SABAH qruplarının əhəmiyyətini daha çox dərk etdim. Forum müddətində ölkəmizin tanınmış şəxsləri ilə ünsiyyətdə olduq. Qısa müddət olmasına baxmayaraq, onlardan çox şey öyrəndik. Bundan başqa, özümüzə yeni dostlar tapdıq. Karyeralarında uğur qazanan şəxslərdən necə karyera qurmağın yollarını öyrəndik. Nazirlik rəsmiləri və digər qurumlardan olan şəxslər bizi maraqlandıran suallara tam səmimi şəkildə cavab verdilər. Çevikliyin, müasirliyin və dil biliklərinin vacibliyini bir daha dərindən dərk etdim. Bizim üçün yüksək səviyyədə təşkil olunan bu forumun gələcəkdə də tez-tez təşkil olunmasını arzulayıram. Yaradılan şəraitdən maksimum istifadə etməyi  düşünürəm. 


Xanım HÜSEYNZADƏ 

Forum haqqında çox yüksək fikirdəyəm. Elə bil başqa bir aləmə düşmüşük. Forumun gündəlik proqramı da yüksək səviyyədə tərtib edilmişdir. Bəzi tədbirlər kimi yorucu deyildi. Belə bir tədbirin keçirilməsinin biz gənclərin həyatında çox mühüm rol oynayacağına ümid edirəm. Təsəvvür edirsiz, təhsil naziri, nazir müavinləri ilə bir masada oturub söhbət etmək, onlara öz problemlərimizi  sərbəst şəkildə çatdırmaq imkanı yaradılmışdır. Bütün bunlara görə təşkilatçılara xüsusi minnətdarlığımı bildirirəm.


Könül AĞAYAROVA

SABAH qruplarına daxil olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu qruplar mənim həyatımda xüsusi önəm daşıyacaq. Forumun bu səviyyədə keçəcəyini təsəvvür etmirdim. Doğrudan da çox səmimi bir mühit vardı. Bundan başqa, "ustad dərs"lərində "Liderliyə layiqsənmi?" mövzusu üzrə çox səmimi söhbətlər apardıq,  bilmədiyimiz vacib məsələlər haqqında ətraflı məlumat əldə etdik. Liderliyi qazanmağın yollarını öyrəndik. Forumdan çox pozitiv təəssüratlarla ayrılıram.


İbrahim RƏSULLU 

Forum mənim dünyagörüşümün inkişafına müsbət şəkildə təsir etdi. Gələcək üçün mənə əlavə stimul verdi. Bu iki gündə biz həm öyrəndik, həm də əyləndik. Bugünkü forum bir daha təsdiq etdi ki, SABAH qruplarını seçməkdə yanılmamışıq. Gələcəyi daha perspektivli və parlaq görmək üçün bu qruplara daxil olmağımız bizim həyatımızın bəlkə də dönüş nöqtəsidir. Təhsil naziri Mikayıl Cabbarovun səmimi münasibəti, biz gənclərə göstərdiyi ehtiram məni daha çox təsirləndirdi. Doğrudan da sabaha SABAH-la getməyin ümidini artırdı.

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov