Söhbət geniş mütaliəli, incəsənət vurğunu, yüksək
intellektli Ayxan Əhmədzadədən gedir
Mütaliəli
insanla ünsiyyətdə olmaq kitab oxumağa bərabərdir, bu
istər uşaq olsun, istərsə böyük. Mütaliəli insan canlı
kitabdır. Bunlardan biri də fəlsəfi əsərlərə maraq
göstərməsi ilə yaşıdlarından fərqlənən on beş yaşlı
Ayxandır. Ayxan Salman oğlu Əhmədzadə 1999-cu ildə
Bakı şəhərində anadan olub. 12 nömrəli tam orta məktəbin
10-cu sinif şagirdidir. 8-ci sinfə qədər 276 nömrəli tam
orta məktəbdə oxuyub. Məktəbin fəal şagirdlərindəndir.
Səkkizinci sinifdə məktəblilərin fənn olimpiadasının
rayon (şəhər) turunda riyaziyyat fənnindən birinci yerə
layiq görülüb. Ayxanın bir özəlliyi var ki, müstəqil
çalışmağı sevir. Suallarına cavabı kitablardan arayır.
Özünün söylədiyi kimi, yalnız çox çətin sualların
cavabını müəllimlərindən soruşur. Ayxan ikinci ixtisas
qrupunu seçib, iqtisadçı olmaq fikrindədir. Ən çox
sevdiyi fənn coğrafiyadır. Amma ədəbiyyat onun
xobbisidir. Örnək aldığı şəxsiyyətlər öz ətrafından
Aydın babası, tarixdən isə makedoniyalı İsgəndərdir.
"Düşmənə qarşı belə ədalətli olması" bu tarixi
şəxsiyyəti Ayxanın kumirinə çevirib.
Mütaliə ilə dünyagörüşünü artırır
Zaman insan həyatında ən dəyərli nemətdir. İsraf
olunarsa, bütün nemətlər əldən çıxar. On beş yaşlı
Ayxanın həyat fəlsəfəsidir bu. Zamanını öyrənməyə,
oxumağa xərcləməyin ən uğurlu seçim olduğuna inanır.
Buna görə də dərsdənkənar vaxtlarda daha çox mütaliə ilə
məşğul olur. Sevdiyi məşğuliyyət bədii ədəbiyyat
oxumaqdır. Dünya ədəbiyyatına böyük maraq göstərir.
Oxuduğu əsərlərin siyahısına baxanda Ayxanın maraq
dairəsinin fəlsəfi-psixoloji əsərlər olduğunu mütaliəli
hər bir adam asanlıqla müəyyənləşdirə bilər. Bu onu
göstərir ki, Ayxan bu yaşında artıq zahiri aləmlə deyil,
insanın daxili aləmi ilə maraqlanır. Ən çox sevdiyi və
oxuduğu yazıçılar Dostoyevski, Tolstoy, Dino Bussati,
Albert Kamyu, Perta Laqervist, Knut Hamsun, Remark,
Antonio Tavikki, Çingiz Aytmatov, Sartr, Servantes,
Artur Miller, Heminquey, Markes, Paulo Koelyo, Herman
Hesse və b.-dır. Yazıçıların adlarına nəzər saldıqda
onların hamısını ortaq bir xüsusiyyət birləşdirdiyini
görürük. Bu da onların əsərlərində psixoloji-fəlsəfi
düşüncələrin qırmızı xətlə keçməsidir.
Ayxanın psixoloji-fəlsəfi əsərlərə münasibəti səthi
deyil. Onun mütaliəsinin ana qaynağı fəlsəfənin özüdür.
Yunan fəlsəfəsinə böyük maraq göstərir, imkan tapdıqca
dərindən öyrənməyə çalışır. Fales, Anaksimandr,
Demokrit, Empedokl, Platon kimi filosofların həyatı və
fəaliyyəti ilə bağlı geniş məlumata malikdir. Platonun
"Sokratın müdafiəsi", Nitşenin "Zərdüşt belə dedi"
əsərlərini çox sevir.
Oxuduğu əsərlərdən həyat amalı kimi ədalətli olmağın
yollarını araşdırır. Cəmiyyəti yalnız ədalətin dəyişə
biləcəyinə inanır Ayxan.
Ayxanın incəsənət aləmi
Bədii ədəbiyyat ilə yanaşı Ayxan yaradıcılığın digər
sahələrinə də maraq göstərir. Klassik dünya musiqisi
haqqında məlumatı çoxdur. Musiqi zövqünü dinlədiyi
əsərlərdən müəyyənləşdiririk. Bethoven, Şopen, Jozef
Haydn, Aron Koplent kimi bəstəkarların əsərlərini
sevməsi Ayxanın ciddi xarakterindən, daxili aləminin
zənginliyindən danışır bizə. Azərbaycan musiqisində də
klassika üstünlük təşkil edir. Sevdiyi ifaçılar Alim
Qasımov, Rəşid Behbudov, Mənsum İbrahimov,
bəstəkarlardan şəxsiyyətinə və yaradıcılığına dərindən
bələd olduğu, sənətin zirvəsi hesab etdiyi Üzeyir
Hacıbəylidir.
Rəsm aləmi də bu dünyagörüşlü şagirdin maraq dairəsindən
kənarda qalmayıb. Van Qoq, Rembrandt, Plod Mone,
Rafaelin əsərlərini sevdiyini və onları internetdə
axtararaq öz kompüterində topladığından danışdı bizə.
Azərbaycan rəssamlarından Tahir Salahovun yaradıcılığını
daha çox izlədiyini bildik.
Tarixi abidələrin ziyarəti, onlar haqqında dolğun
məlumat almaq Ayxanın maraq dünyasını zənginləşdirir.
Qaxın mənzərəsinə və Şəkinin qədim tarixiliyinə
vurğundur. Xan sarayı, Alban kilsəsi dəfələrlə ziyarət
etdiyi yerlərdəndir. Gəncə də qədimliyi ilə qəlbində
sirr dünyasına çevrilib Ayxanın. Nizami məqbərəsi xüsusi
hisslər doğurub onda. İnsan zəkasının, bacarığının
qüdrətini "Butulka ev" kimi abidələrdə seyr etməyi
xoşlayır. Gəzdiyi yerlərdə tarixin keçdiyi səhifələri
vərəqləyir Ayxan. Nəyə baxsa, ibrət gözü ilə baxır,
yalnız kitabları deyil, təbiəti də, üst-üstə qoyulan hər
bir kərpici də, insanı da oxuya bilir mütaliəsi zəngin
olan insan.
İntellekt mizanında
Televiziyalarda təşkil olunan intellekt yarışmaları,
viktorinalar yetişdirdiyimiz övladların intellektinin
nümayişi üçün açıq səhnələrdir. Özünə güvənən hər bir
məktəbli bu müsabiqələrdə könüllü iştirak edir. Ayxanın
da öz bilik səviyyəsini yoxlaması, bu yarışmalarda
rəqabətə girməsi onun özünəinamının, cəsarətinin
göstəricisidir.
Ayxan İctimai televiziyada təşkil olunan "Xəmsə",
Azərbaycan Televiziyasında "Breyn-rinq"
televiktorinalarının iştirakçısıdır.
Facebook səhifəsi də dünyagörüşünü əks etdirir
Zamanımızda insanlar haqqında ən sürətli məlumat almaq
vasitəsi internetdir. Sosial şəbəkələr isə onların
şəxsiyyətini dürüst işıqlandırır. "Danış, səni görüm"
prinsipi burada özünü tamamilə doğruldur. Facebook
səhifəsi hərənin həyat gündəliyinə çevrilib artıq. Buna
görə də Ayxanı daha yaxından tanımaq üçün onun facebook
səhifəsinə də nəzər salmağa lüzum gördük. Ayxan özünü
bizə necə təqdim etmişdirsə, əksini o səhifədə müşahidə
etdik.
Facebookda Ayxan oxuduğu kitabları paylaşır,
intellektual oyunların nəticəsini işıqlandırır. Gəzdiyi
yerlərin tarixi abidələri haqqında görüntüləri,
məlumatları yerləşdirir bu səhifəyə. Dünya
ədəbiyyatından esselər, hekayələr tərcümə etməsini də bu
səhifədən öyrənə bildik. Ayxanın səhifəsi onun
şəxsiyyətini, tərbiyəsini, ədəb-ərkanını, dünyagörüşünü
o qədər aydın göstərir ki, özünü görmədən belə yaxından
tanıdım, deyə bilərik.
Ayxan həyata, hadisələrə təbəssümlə, yumor hissi ilə
yanaşır bəzən. Bunu onun yazılarından hiss etmək olur.
Bir yazıçı ədasıyla paylaşdığı statusa baxaq: "Gəncədəki
Nizami məqbərəsini görməyə gedərkən bizimlə paralel
50-55 yaşlı bir kişi nəvəsi ilə məqbərəyə daxil oldu.
Diqqətlə hər yanı süzdükdən sonra ziyalı görkəmi alıb
bələdçidən soruşdu: "Nizami farsca yazıb-yaradıb, İranda
da yaşayıb. Bəs o sonra neçə qaçıb gəlib Azərbaycana?".
Bələdçi də deyir "o, Gəncədə yaşayıb". Bundan sonra kişi
məqbərəni tərk eləyib qıraqda olan abidələrə baxdı.
Orada Fərhadın dağ yardığını təsvir edən bir memarlıq
əsəri də var. Kişi nəvəsinə onu göstərib deyir: "Bax
oğul, o, Xosrovdur, dağ yarır".
Həyata həm təbəssümlə, həm də tam ciddiyyəti ilə baxan
on beş yaşlı yeniyetmənin bir ömürlük arzuları,
məqsədləri, idealları öz qaynağını oxuduğu kitablardan
götürür. Ayxanın söhbətlərindən, yazılarından belə
nəticə çıxartdıq ki, o, gələcəyimizin mütəfəkkiridir.
Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi" |