Əsasında
şagirdləri şəxsiyyət kimi formalaşdırmaq konsepsiyası
dayanan kurikulum gənc nəsli müasir, sivil dünyaya
qovuşdurmaq məqsədini daşıyır. Kurikulum siyasətinin
mərkəzində şagird, onun mənəvi, psixoloji dünyası,
müstəqilliyi, milli dəyərlərə sahibliyi dayanır. Bunları
nəzərə alaraq mən də şagirdlərimizin müasir ruhda
tərbiyə olunmasına, şəxsiyyət kimi formalaşmasına
çalışıram. Yeni təlim texnologiyalarının bu məqsəd üçün
effektli olduğunu anladığım üçün dərslərimi bu
istiqamətdə qururam.
Ədəbiyyat dərslərində şagirdlərin həyat tərzinə, ruhuna,
düşüncəsinə, psixologiyasına uyğun əsərlərin tədrisi
zamanı yeni təlim metodlarının tətbiqi daha effektli
alınır. Orta məktəb ədəbiyyat kursunda elə əsərlər var
ki, onların tədrisi zamanı yeni təlim texnologiyalarının
bir çoxunun tətbiqi mümkündür. Belə əsərlərdən biri
S.Behrənginin "Balaca Qara Balıq" hekayəsidir. Əsər
məzmunu, sujet xətti, ideyası baxımından müasir
dövrümüzə, uşaq psixologiyasına çox yaxındır. Hekayənin
baş qəhrəmanı olan Qara Balıq bütün xarakteri ilə
kiçikyaşlı uşağı xatırladır. Öz kiçik dünyasına sığmayan
Balığın sərbəst həyat uğrunda sona qədər mübarizəsi
nəinki kiçiklər, hətta böyüklər üçün bir örnəkdir. Böyük
bir xalqın azadlıq arzusunu ifadə edən Balıq obrazı
şagirdlərin düşüncəsində müxtəlif reaksiyalar oyadır.
Hekayənin əvvəlində şıltaq uşaq təsiri bağışlayan kiçik
balığın sonda böyük bir qəhrəmana çevrilməsi, məqsədi
uğrunda bütün maneələri öz ağlının gücünə cəsarətlə dəf
etməsi şagirdləri maraqlandırmaya bilməz. Şagirdləri
Balıq obrazı, onun çarpışmaları, digər obraz və
xarakterlər haqqında, hekayənin əsas ideyası haqqında
düzgün düşünməyə istiqamətləndirmək üçün, ilk növbədə,
məzmunun mükəmməl mənimsədilməsi gərəkdir. "Balaca Qara
Balıq" hekayəsinin məzmununa ayrılmış bir dərs saatında
hekayənin mənimsənilməsi heç də asan iş deyil. Ənənəvi
təlimdə bu cür dərslər, əsasən, fərdi oxudan, hissələrə
ayıraraq adlandırmaqdan, evdə məzmununu öyrənərək
nəqletmədən ibarət idi. Nəzərə alsaq ki, məzmunun düzgün
mənimsədilməsi əsərin təhlili üçün zəmindir, o zaman
belə dərslərin az dəyərli olduğu müəyyənləşər.
Ədəbiyyat dərslərində bədii əsərin məzmununun
mənimsənilməsi üçün maraqlı yeni üsullar var. Ziqzaq,
proqnozlaşdırılmış oxu, fasilələrlə oxu belə
üsullardandır. Hekayənin tədrisində fasilələrlə oxu
üsulunu effektiv hesab edirəm. Düzdür, ziqzaq və
proqnozlaşdırılmış oxu üsulları da maraqlıdır, ancaq bu
üsulların aşağı siniflərdə tətbiqi zamanı bir qədər vaxt
itkisi meydana çıxır. Fasilələrlə oxuda isə vaxtdan
səmərəli istifadə etməklə yanaşı, əsərin təhlili üçün
zəmin yaranır. Odur ki, S.Behrənginin "Balaca Qara
Balıq" hekayəsinin məzmununu aşağıdakı plan üzrə tədris
edirəm.
Motivasiya. Sinif 4 qrupa bölünür, aşağıdakı suallar və
şəkilli slaydlar təqdim edilir:
1. Balıq harada yaşayır? (Balığın yaşadığı müxtəlif su
hövzələrinin şəkilləri göstərilir)
2. Canlılar haqqında nə bilirsıniz (Qara Balığın
əhatəsində olan, balıqla qidalanan quşlar və dəniz
heyvanlarının şəkli göstərilir). Slaydlar təqdim
olunduqca verilmiş suallar ətrafında şagirdlərin
fikirləri dinlənilir. Cavablar müxtəlif ola bilər.
Düzgün cavabları səsləndirmirəm, dərsin gedişində bu
sualların cavablarının tapılacağını bilirəm və bunu
nəzarətdə saxlayıram. Ancaq şagirdlərin S.Behrəngi
haqqında məlumatları olmadığından S.Behrənginin həyatı
haqqında məlumatlar verirəm. Tədqiqat sualı: 1. İnsan
azadlığını necə əldə edə bilər?
Tədqiqat işində əsas iş üsulumuz fasilələrlə oxu
olduğundan hekayənin oxusunu təşkil edirəm. Hekayənin
əvvəlcədən ayrılmış hissələri və həmin hissələrə aid
sualları təqdim edirəm. Hissələr oxunduqdan sonra
sualların cavablandırılmasını təşkil edirəm. Elan edirəm
ki, birinci hissədə hər qrup öz nömrəsinə uyğun suala
cavab verəcək. Növbəti hissədə isə ardıcıllıqla digər
nömrəli suala cavab verəcəkdir.
I hissə: Suallar: 1.Balıq harada yaşayirdı? Hissəni
adlandırın. 2.Balığın arzusu nə idi? 3.Balıq, yoxsa, ana
haqlıdır? 4.Balığın bu hərəkəti kimə təsir göstərdi?
II hissə: Suallar: 1.Balıq hara gəlib çıxdı? Hissəni
adlandırın. 2."Çömçəquyruqlar" kimi təmsil edirdi?
3.Balıq qurbağa ilə nə danışmaq istəyirdi? 4.Qurbağaya
haqq qazandırmaq olarmı?
III hissə: Suallar: 1.Balıq hansı canlılarla rastlaşdı?
Onlar kimi təmsil edir? Hissəni adlandırın. 2.Xəncər
nəyi ifadə edir? 3.Rizə balıqları niyə balıqla getmək
istəmədilər? 4.Balıq Saqqa quşuna necə qalib gəldi?
IV hissə: Suallar: 1.Balıq arzusuna çatdımı? Hissəni
adlandırın. 2.Balıq hara gəlmişdi? Bura digər yerlərdən
nə ilə fərqlənir? 3.Balığın ölümü sizə necə təsir etdi?
4.Qızıl balıq nə düşünürdü?
Qruplar cavabları səsləndirdikcə digər qrupları fikir
söyləməyə, müzakirəyə cəlb edirəm. Beləliklə, dərsin
tədqiqatın aparılması mərhələsində məlumat mübadiləsi və
müzakirəsi mərhələlərini də həyata keçirmiş oluruq.
Nəticədə tədqiqat sualımızı xatırladıram. Şagirdləri
Balaca Balıq obrazı haqqında bir daha düşünməyə vadar
edirəm. Artıq şagirdlər Balaca Qara Balığın sadəcə
balaca qara balıq olmadığını anlayırlar. Balığın
xarakterindəki iradə, mətinlik, qorxmazlıq, cəsarət kimi
müsbət keyfiyyətləri və bu keyfiyyətlərin də azadlığa
aparan əsas vasitələr olduğunu müəyyənləşdirirlər.
Beləliklə, şagirdlər belə nəticəyə gəlirlər:
"İnsan daxilindəki istəyi ilə iradə, mətinlik,
qorxmazlıq, cəsarət nümayiş etdirməklə azadlıq əldə edə
bilər".
Yaradıcı tətbiqetmədə şagirdlərə fərdi olaraq "Balaca
Qara Balığın arzuları və düşüncələri məndə hansı
duyğuları oyatdı" mövzusunda esse yazmaq
tapşırılır.İşin müəyyən hissəsini ev tapşırığı kimi də
vermək olar. Təbiidir ki, az vaxt ərzində bu işi
tamamlamaq olmaz.
Qiymətləndirmə mərhələsini meyarlar üzrə həyata
keçirirəm. Onu da qeyd etmək istəyirəm ki, kurikulum
üzrə qiymətləndirmə daha çox şagirdlərin bacarıqlarına
əsaslanır, yəni şagird biliyinə görə deyil, biliyi
tətbiqetmə bacarığına görə qiymətləndirilir.
Ümumiyyətlə, ədəbiyyat dərsləri həyat dərsidir.Tədris
olunan hər bədii əsər bir əxlaq kodeksidir. İnsan
yaxşını, pisi, gözəllikləri, eybəcərlikləri, insan
xarakterindəki ziddiyyətləri, həyatın müxtəlifliyini,
gözəlliklərdən zövq almağı, milli, mənəvi, bəşəri
dəyərlərə, etik-əxlaqi normalara yiyələnməyi bədii
əsərlərdən öyrənir. Bədii əsərdə öz xarakterinə, həyat
təcrübəsinə, psixoloji düşüncəsinə uyğun detalları
şagirdlər öz həyatları ilə müqayisə etdikdə effektli
nəticə əldə olunur. Məhz yeni təlim metodlarının
tətbiqinin mərkəzində bu dayanır və bununla da ədəbiyyat
tədrisində uğurlu nəticələrə doğru addımlayırıq.
İqbal MƏMMƏDOV,
Şamaxı rayonu Nağaraxana kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi |