Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

"Açıq dərs" - Şagirdin formalaşmasında əhəmiyyətli addım, yoxsa tərbiyəyə vurulan zərbə?

 

"Uşaqlarınızı tərbiyə etməyə çalışmayın. Çünki onsuz da sizə oxşayacaqlar. Siz özünüzü tərbiyə edin, yetər".

Bu günlərdə qarşıma çıxan bu sözlər və onun əks olunduğu şəkil məni bir daha gələcəyimizi etibar edəcəyimiz bugünkü uşaqlarımızın və gənclərimizin təlim-tərbiyəsinə nəzər salmağa vadar etdi. Çoxcəhətli və mürəkkəb proses olan təlim-tərbiyə prosesinin böyük hissəsi məktəbin, müəllimin payına düşür. Bu məqsədlə müəllimlərimiz, tərbiyəçilərimiz bir daha özlərinə diqqət yetirməli, prosesin əsas iştirakçıları kimi təkrar edildiklərini anlamalı və gözəl nümunə olmaq üçün nələri etdiklərini və ya etmədiklərini düşünməlidirlər.

Məktəblərimizdə şagirdlərin təlimi ilə yanaşı tərbiyə prosesi də aparıldığı üçün müəllimlərimizin üzərinə çox ağır yük düşür. "Elmsiz tərbiyə yarım, tərbiyəsiz elm təhlükəlidir" fikrinə əsaslanaraq təlim və tərbiyə proseslərinin bir-birindən ayrılıqda mövcud olmadığını görürük.

Təəssüf ki, bu gün məktəblərimizdə şagirdlərin təlim prosesində bəzən tərbiyə işi unudulur və bəzi müəllimlərimiz özləri də bilmədən şagirdlərinə mənfi nümunə olur, onların şüuraltında silinməz izlər buraxırlar. Onun üçün bu gün məktəblərimizdə istifadə edilən vasitə və yollara təkrar nəzər salınmalı, onlara yeni baxışla baxılmalıdır.

Təlim prosesində çox geniş istifadə edilən "açıq dərs"lər bu baxımdan ən önəmli nümunələrdəndir. Fikrimizcə, məktəblərimizdə vaxtaşırı "açıq dərs"lərin təşkil edilməsinin bir çox faydalı cəhətləri vardır ki, onların bəzilərini belə sadalaya bilərik:

1. "Açıq dərs"lər müəllimlərdə və şagirdlərdə məsuliyyət duyğusunu artırır;

2. "Açıq dərs"lər şagirdlərin sosiallığını artırır və onların cəmiyyətə daha rahat inteqrasiyasına kömək edir;

3. "Açıq dərs"lər daha təcrübəli müəllimlərin təcrübəsini gənclərlə praktik olaraq bölüşməsi üçün əvəzsiz vasitədir;

4. "Açıq dərs"lər və onların obyektiv müzakirəsi dərs deyən müəllimin öz səhvlərini görməsi və aradan qaldırması üçün həddindən artıq vacib köməkdir;

5. "Açıq dərs"lər valideynlərin tədris prosesinə cəlb edilməsinə xidmət edir. Beləliklə, onlar həm kurikulumla tanış olur, həm də şagirdlərə yanaşma yollarını öyrənirlər;

6. "Açıq dərs"lər şagirdlərin əməkdaşlıq, birlikdə fəaliyyət göstərmə duyğularını inkişaf etdirir;

7. "Açıq dərs" müəllimi daha çox axtarmağa, öz üzərində işləməyə məcbur edir;

8. "Açıq dərs" məktəb rəhbərliyində dərs deyən müəllim, dərs keçilən sinifdəki ümumi vəziyyət, ayrı-ayrı şagirdlər haqqında məlumatların formalaşmasına xidmət edir.

Təbii ki, biz bu siyahını artıra bilərik. Amma bu yazıda niyyətimiz "açıq dərs"in onsuz da hamı tərəfindən bilinən və müzakirəyə ehtiyacı olmayan müsbət tərəflərini araşdırmaq olmadığı üçün əsas məsələyə keçmək istəyirik.

"Açıq dərs" özündə bir neçə mərhələni birləşdirir: dərsə hazırlıq, dərs prosesi, dərsin müzakirəsi.

Çoxumuza sirr deyil ki, bu gün bir çox müəllimlərimiz "açıq dərs"ə hazırlaşarkən özləri də fərqində olmadan şagirdlərin tərbiyəsində yol verilməsi mümkün olmayan mənfi izlər buraxırlar. Sovet dönəminin "saxta plan, saxta yarış" anlayışı təəssüf ki, bəzi hallarda hələ də özünü göstərməkdədir. Bəzi müəllimlərimiz "açıq dərs" anlayışını bir növ şou, göstəriş, qeyri-adi dərs kimi qəbul edir və öz şagirdlərinə qəbul etdirir. Bununla da sanki onlar digərlərindən daha bilikli, daha savadlı olduqlarını göstərməyə çalışırlar. Çox hallarda dərsə hazırlıq mərhələsi uzun bir müddəti əhatə edir və şagirdlərə dərsdə oynayacaqları "rol" dəfələrlə təkrar etdirilərək mexaniki şəkildə əzbərlətdirilir. Hətta bəzən daha qabağa gedilərək dərsdə şagirdlərin əvvəlki dərslərdə heç zaman görmədikləri və istifadə etmədikləri xüsusi geyimlər, xüsusi avadanlıq, musiqi alətləri və s. təşkil edilir.

Təbii ki, biz bunların hamısına qarşı deyilik. "Açıq dərs"in gündəlik dərsdən bəzi fərqləri olmalıdır, amma bu dərslər bir-birindən köklü şəkildə fərqlənməməlidir. Müəllim "açıq dərs"ə hazırlaşarkən öz şagirdlərinə gələn qonaqları salamlamağı, zəruri məqamlarda özlərini təqdim etməyi öyrətməlidir. Amma dərsdə hansı suala hansı cavabı verəcəyini əzbərlətmək şagirdi subyekt kimi məhv etməyə bərabərdir. Əvvəla, şagird heç bir əziyyət çəkmədən öz ağlının, təfəkkürünün məhsulu olmayan cavabları verir, özünə aid olmayan qiyməti alır və məsuliyyət duyğusunu unudaraq bunun bütün vacib məqamlarda belə olacağını düşünür. İkincisi, həyatı yeni-yeni dərk edən uşaq və ya gənc, özünə çox zaman ideal hesab etdiyi müəlliminin düşdüyü vəziyyətə görə yalan danışdığını, saxtakarlıq etdiyini, göstəriş üçün hər gün etmədiyi hərəkətləri etdiyini gördükdə kiçik yaşlarından yalana, riyakarlığa öyrənir, "deməli, lazım olanda yalan da danışmaq olar" fikri şüuraltında özünə yer tapır. Beləliklə də müəllimin şagirdində aşılamalı olduğu ən böyük xüsusiyyətlərdən olan dürüstlük duyğusu lap əvvəldən özünü itirir.

Bunları nəzərə alaraq, "açıq dərs"ə verilən tələblərə bir daha diqqətlə baxmalı, məktəb idarəçiləri öz müəllimləri arasında təbliğat aparmalı və yeni tipli "açıq dərs"lərin təşkilinə nail olmalıdırlar. "Açıq dərs"lə adi, gündəlik keçilən dərs arasında heç bir fundamental fərq olmamalı, yaxşı müəllimin hər dərsi "açıq dərs" olmalıdır. Müəllim şagirdlərinə filan tarixdə "açıq dərs"ləri olacağını elan edərkən həyəcanlanmamalı, bu duyğusunu şagirdlərinə büruzə verməməli, dərsin hazırlıq mərhələsində, yuxarıda qeyd etdiyimiz kimi, ancaq texniki məsələlərlə məşğul olmalıdır. Şagirdlər dərsdə özünü hər günkü kimi hiss etməli, öz bilik və bacarıqlarını təbii şəkildə nümayiş etdirməlidirlər. Eyni zamanda müəllim də son dərəcə təbii olmalı, özünün gözəl cəhətlərini eşidib sevindiyi kimi, yol verdiyi səhvləri də öyrənib aradan qaldırmağa çalışmalıdır.

Məktəb rəhbərliyi də öz növbəsində "açıq dərs"dən gözlədiyi tələblərə nəzər salmalı, süni şəkildə hazırlanmış şou xarakterli dərsləri sərt tənqid etməli, həmin müəllimlə ətraflı iş aparmalıdır. Unutmamalıyıq ki, bir şagird bu gün öyrənə bilmədiyi riyaziyyat mövzusunu sabah öyrənə bilər, amma bu gün itirdiyi dürüstlük duyğusunu bir daha heç zaman qazana bilməz. 

Namiq NAĞIYEV,
Təhsildə İnnovasiyalar Mərkəzi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov