Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Azərbaycanın uşaq yazıçısı qızıl medalın bir addımlığında

 

Bu yaxınlarda Mexiko şəhərində Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurası - İBBY 2014-cü ilin Şərəf siyahısını (Bax sayt; - IBBY Honour List 2014) - Fəxri Andersen siyahısını elan etdi. Sevindirici haldır ki, dünyanın müxtəlif ölkələrinin 57 yazıçısının laureatlar siyahısında Azərbaycanın uşaq yazıçısı Qəşəm İsabəyli də yer almışdır. 

Andersen Fəxri Diplomu nə deməkdir? Son iki ildə dünya uşaq yazıçılarının müasir ədəbi mühiti özündə əks etdirən ən yaxşı əsərlərinin seçimi. Bu əsərlər dünya dillərinə tərcümə və çap üçün tövsiyə olunur. Burada qeyd etmək yerinə düşər ki, hələ qonşu Gürcüstan və Ermənistan uşaq yazıçılarından bu fəxri diplomu alan olmayıb. Q.İsabəyli Azərbaycanın ilk uşaq yazıçısıdır ki, "Cin" nağıl-povestiylə Andersen Şərəf siyahısına düşür. İndiyəcən "Cin" əsəri 3 dəfə nəşr edilib. İlk nəşri 60 min nüsxə Azərbaycan türkcəsində, 20 min ingilis dilində nəşr edilən bu kitab oxucular arasında geniş yayılmışdır.

Xatırladaq ki, Q.İsabəylinin Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının "Bookbird" jurnalında (London, 2012) "Baba, sabahın xeyir!" hekayəsi ingiliscə çap edilmişdir. İngilis redaktoru əsər haqqında fikrini, hekayənin ədəbi dəyərini müəllifə ünvanladığı məktubunda belə ifadə etmişdir: "Sizin hekayəniz son dərəcə gözəldir!". Q.İsabəylinin əsərləri rus, ingilis, Ukrayna, Belarus, qırğız dillərində də çap edilmişdir. Sovet dövründə "Murzilka" (Moskva, 1982) jurnalında onun iki qoşa səhifə şeirləri verilmişdir. Bakıda rusca "Üüü...", "Osel sın Osla", "Mı starıe kafkaztsı", "Aclıq dərsi" işıq üzü görmüşdür.

"Bədii forma və məzmun axtarışları və orijinal üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng yaradıcılığa malik olan Q.İsabəyli" (Z.Xəlil, F.Əsgərli "Uşaq ədəbiyyatı. Dərslik", Bakı-2007) bu uğura yetincə son dərəcə keşməkeşli yol qət etmişdir. Onun uşaq ədəbiyyatına gətirdiyi yeniliklər, uğurlu tapıntılar haqqında yazıçı və tənqidçilər zamanında dəyərli fikirlər söyləmiş, bir sıra əsərlərini təqdir etmişlər. Xatırlatmaq yerinə düşər ki, Q.İsabəyli 1989-cu ildə "Əkil-Bəkil" poemasıyla Azərbaycan Yazıçılar İttifaqının, Azərbaycan Dövlət Mətbuat Komitəsinin və Azərbaycan Komsomolunun "İlin ən yaxşı uşaq kitabı" mükafatına layiq görülmüşdür. Aldığı pul mükafatını isə Şəhidlərin abidəsinə yardım fonduna keçirmişdir.

Mərhum yazıçı Ələviyyə Babayeva da vaxtilə Q.İsabəylinin "Gənclik" nəşriyyatına təqdim etdiyi əlyazmasından təsirləndiyini belə ifadə etmişdir: "Q.İsabəylinin nəsr təhkiyə üslubu şeir dili kimi poetik və nağıl məziyyətlidir". Və ya: "Q.İsabəylinin "Üüü..." povestinin adı kimi özü də uşaq nəsri üçün tapıntıdır" ("İstedad özü öz yolunu tapır". "Ədəbiyyat qəzeti", 10 yanvar 1997).

Orijinal yaradıcılığı ilə seçilən Qəşəm İsabəylinin dünya uşaq ədəbiyyatının münsifi sayılan Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının Fəxri Andersen Diplomuna layiq görülməsini Azərbaycan uşaq ədəbiyyatının tarixində ədəbi hadisə adlandırmaq doğru olar.

Hörmətli qələm dostum Qəşəm İsabəylini bu böyük mükafata layiq görülməsi münasibətilə təbrik edir, müəllifə dəyərli nəsr və Azərbaycan uşaq ədəbiyyatını özünün orijinal əsərlərilə zənginləşdirməsini arzulayıram.  

Şəfəq NASİR

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov