O, bu barədə xəbəri kimya dərsində alıb
Məktəbli qızın həyat hekayəti
Məlum olduğu kimi, oktyabrın 10-da Osloda Nobel
Mükafatları Komitəsi 2014-cü il Nobel Sülh Mükafatına
pakistanlı təhsil fəalı Malala Yusifzay və hindistanlı
uşaq hüquqları müdafiəçisi Kailaş Satyartini layiq
görüb. Nobel Komitəsinin bildirdiyinə görə, mükafat
onlara uşaqlara qarşı repressiyalar və onların təhsil
hüquqlarının müdafiəsinə görə verilib. 17 yaşlı
pakistanlı məktəbli Malala Yusifzay artıq bir neçə
ildir ki, təhsil və insan haqları uğrunda mübarizəsi
ilə bütün dünyanın diqqətini çəkməkdədir. Dünyanın ən
gənc Nobel mükafatı laureatının çox dramatik həyat
tarixçəsinə bir daha nəzər salaq.
"Ümid və cəsarətin simvolu"
Malala Yusifzay 1997-ci il iyulun 12-də bir vaxtlar
"Pakistanın İsveçrəsi" adlandırılan Svat bölgəsinin
Minqora şəhərində anadan olub. "Malala" "qəmli",
"matəmli" deməkdir. Bu ad sanki onun gələcək taleyini
müəyyən edib. Milliyyətcə puştun, dini əqidəsinə görə
müsəlman olan Malala 5 yaşında məktəbə gedib. 2009-cu
il yanvarın 15-də taliban rejimi qızlara məktəbə getməyi
qadağan edib. Qız məktəbləri bir-birinin ardınca
dağıdılıb. Nəticədə, 11 yaşlı Malala da bir neçə gün
məktəbə gedə bilməyib. Taliban qüvvələri Pakistanın
Svat vadisini nəzarət altına aldıqda, kiçik bir qız heç
qorxmadan düşüncələrini dilə gətirib. O, taliban
özbaşınalıqları barədə BBC-yə "Gül Makai" təxəllüsü
ilə yazdığı gündəliklər sayəsində məşhurlaşıb.
Gündəliklərdə Malala bölgədə olan vəziyyəti təsvir edib,
taliban qüvvələrinin qızların məktəbə getməsinə qadağa
qoyması, uşaqların qorxudan məktəbə gedə bilməməsindən
bəhs edib. Sonradan gündəlik bir sıra televiziyalarda
da yayımlanıb. "Nyu-York tayms" onun barəsində film
çəkib. Taliblər onu susdurmaq istəyiblər, həyatına
sui-qəsd təşkil ediblər. 2012-ci il oktyabrın 9-da
Malalanın da içində olduğu məktəb avtobusunu saxlayan
taliban üzvləri 15 yaşlı yeniyetməyə iki dəfə atəş
açaraq onu başından və boynundan yaralayıblar. Həmin
gün Malala imtahan verib evə qayıdırdı. O imtahan bəlkə
də Malala üçün yaşam və ölüm, yaxud aydınlıq və
qaranlıq arasında ən çətin bir imtahan olub. O, 8 gün
komada, 88 gün xəstəxanada qalıb. Xüsusi təhlükəsizlik
tədbirləri altında hərbi vertolyotla Pakistandan
Birləşmiş Ərəb Əmirliyinə aparılan Malala burada müalicə
aldıqdan sonra Böyük Britaniyaya çatdırılıb. O,
Birmingen şəhərindəki kraliça Yelizaveta klinikasında
müalicəsini davam etdirib. 2013-cü il yanvarın 4-də
ambulator müalicəni davam etdirmək üçün Malala
Birmingem xəstəxanasından evə buraxılıb. Ölüm təhlükəsi
belə onu tutduğu yoldan çəkindirə bilməyib, o,
həmyaşıdlarının və bütün azyaşlı uşaqların təhsil almaq
hüququnun müdafiəsi uğrunda mübarizəsini davam
etdirib. Pakistanın siyasi və dini liderlərilə yanaşı,
Əfqanıstan prezidenti Həmid Kərzai, ABŞ rəsmiləri
hücumu pisləyiblər. ABŞ-ın dövlət katibi Hillari
Klinton Malalanın cəsarətini yüksək qiymətləndirərək
yaraqlıların qadının gücü qarşısında zəif olduqlarını
deyib. BMT-nin Baş katibi Pan Gi Mun 12 iyul tarixini
"Malala günü" elan edib. Britaniyanın sabiq baş naziri
Qordon Braun isə Malalanı ümid və cəsarətin simvolu
adlandırıb. Taliban isə bildirib ki, qız sağ qalarsa,
ona qarşı yenidən sui-qəsd törədəcək. Pakistan hökuməti
Malalaya atəş açan şəxsin yeri haqqında məlumat
verənlərə 105 min ABŞ dolları məbləğində mükafat təyin
edib. Cinayətkar hələ də tutulmayıb.
"Bir
müəllim, bir uşaq, bir kitab, bir qələm dünyanı
dəyişdirə bilər"
Malalanın möcüzə nəticəsində sağ qalması onu
Pakistanın ucqar bir vadisindən Nyu-Yorkdakı Birləşmiş
Ştatlar Təşkilatının dəhlizlərinə qədər uzanan
fövqəladə bir səfərə çıxarıb. "Malala günü" ilk dəfə
sui-qəsddən 9 ay sonra, 2013-cü il iyulun 12-də
Nyu-Yorkda BMT-nin mənzil-qərargahında qeyd edilib. O,
16 yaşını BMT-dəki çıxışı ilə qeyd edib. Toplantı
iştirakçılarını müsəlman qaydası ilə "əssalam-əleyküm"
deyə salamlayan gənc qızın çıxışı aşağıdakı sözlərlə
yadda qalıb: "Bir müəllim, bir uşaq, bir kitab, bir
qələm dünyanı dəyişdirə bilər. Təhsil yeganə həll
yoludur. Gəlin öz hüquqlarımızı müdafiə edək, mübarizə
aparaq". Bütün dünyaya yayılan çıxışında Malala
siyasətçilərə üz tutaraq hər bir uşağın məktəbə
getməsinin təmin olunması üçün onlardan təxirəsalınmaz
tədbirlər görməyi xahiş edib. Çıxışında Malala
bildirib: "Əziz dostlar, taliblər məni başımdan
vurdular. Təkcə məni deyil, dostlarımı da yaraladılar.
Onlar fikirləşdilər ki, güllələr bizi başladığımız
işləri dayandırmağa məcbur edəcək. Lakin onlar
yanıldılar. Bu sakitlikdən minlərlə səs qalxdı. Onlar
elə bildilər ki, mənim məqsədimi dəyişə və
ambisiyalarımı öldürə bilərlər. Lakin onların səylərinə
baxmayaraq, mənim həyatımda hər şey əvvəlki kimi qaldı.
Yalnız bir şey dəyişdi: məndəki zəiflik, qorxu və
ümidsizlik öldü. Onların yerinə güc, qüvvə və cəsarət
gəldi". O əlavə edib ki, bu gün dünyada məktəbə
getməyən uşaqların sayı 57 milyona çatıb. Onlardan 31
milyonu qızlardır. Pakistanda və bir sıra dünya
ölkələrində qızların təhsili barədə düşünməyərək onları
gənc yaşlarından nikaha girməyə məcbur edirlər. Biz
qızların təhsilinə vəsait ayırmalı və onların təhsil
hüququ uğrunda mübarizə aparan insanları müdafiə
etməliyik.
Barak Obama Malalanı Ağ Evə dəvət edib
Pakistanlı qız ötən il Avropa parlamenti tərəfindən
insan haqları sahəsində beynəlxalq mükafat alıb.
Parlamentdəki çıxışı ilə Malala avropalı deputatları
özünün məntiqli çıxışı ilə heyran qoyub. Malala
bildirib ki, ona verilən mükafat təhsil sahəsində
mübarizəsini davam etdirməyə cəsarət verəcək. Malala
bir ölkənin "super güc" sayılması üçün ordusuna və
silahına deyil, onun öz vətəndaşlarına verdiyi təhsil,
fundamental azadlıqlara, gender bərabərliyinə
baxılması zəruriliyini qeyd edib. Avropa
parlamentinin 766 üzvünün ayaqüstə alqışlarla
qarşıladığı çıxışını Malala "57 milyon uşaq İPhone,
Xbox, Playstation və ya şokolad deyil, bir kitab və bir
qələm istəyir" sözləri ilə tamamlayıb. Malalanın
təsirli çıxışından sonra söz alan Avropa parlamentinin
sədri Martin Şults "sənin arzun oğlan və qızların
məktəbə gedə bilməsidir. Bu arzunun gerçəkləşməsini
təmin etmək bizim vəzifəmizdir" deyərək Malala
Yusifzayın milyonlarla uşağın və gənc qızların səsi və
ümidi olduğunu bildirib. Ötən il ABŞ-a səfəri zamanı
prezident Barak Obama, birinci xanım Mişel Obama və
onların böyük qızı Maliya Malalanı Ağ Evə dəvət ediblər.
Amerika səfərindən Britaniyaya qayıtdıqdan sonra isə o,
Bukingem sarayında kraliça İkinci Yelizavetanın
qəbulunda olub və öz kitabını ona şəxsən təqdim etmək
imkanı qazanıb.
"Mənim bütün dünya uşaqlarına mesajım budur..."
Malala 16 yaşında bütün dünyada sülh hərəkatının simvolu
və Nobel sülh mükafatına ən gənc namizəd olub. Malala
iki dəfə Nobel sülh mükafatına namizəd göstərilib, ötən
il ala bilməyib, bu il isə layiq görülüb. O,
bütün təhdidləri, susmağı rədd edərək təhsil haqqı
uğrunda mübarizəyə başlayıb. Onun qələmə aldığı "Mən,
Malala" kitabı tək bir insanın səsini bütün dünyaya
çatdırmağa qabildir. O, kitabına bu sözlərlə
başlayıb: "Malala kimdir",-deyə soruşdu silahlı adam.
Malala mənəm, bu da mənim hekayəm. Haqsızlığa məruz
qalan və sonra da susdurulan bütün qızlar... Səsimizi
birlikdə qaldıracağıq!". Bu kitab bütün dünyada gənclər
üçün əsl betsellerə çevrilib.
"Qardian" qəzetinin yazdığına görə, Norveç Nobel
Mükafatları Komitəsi ilk dəfə etiraf edib ki, 2013-cü
ildə Malalanın sülh mükafatı ala bilməməsinin yeganə
səbəbi onun həddən artıq gənc olması olub. Lakin bu il
oktyabrın 10-da dünyada ən çox arzuolunan mükafatın
sahibi olub. Beləliklə də Malala 17 yaşında Nobel
mükafatı almış ən gənc laureatdır. 1901-2014-cü illər
ərzində 47 qadın Nobel mükafatı alıb. Malala sülh
mükafatı almış 16-cı qadındır. Oslodakı Nobel
İnstitutunun direktoru Q.Landested Malalanın mükafat
alması münasibətilə deyib: "Nobel mükafatını almaq
laureat üçün böyük məsuliyyətdir. Mükafat kifayət
qədər gənc və ya tanınmayan şəxsə verildikdə isə o, bu
şəxsin həyatını həmişəlik dəyişir. Biz onları dünya
səhnəsinə çox erkən buraxırıq. 2013-cü ildə Malala
barədə bu cür düşündük və fikirləşdik ki, onun mükafat
alması tezdir. Lakin Malala ötən il təhsil yolunda
qlobal səfir kimi çox yaxşı çıxışlar etdi və biz hiss
etdik ki, ona mükafat verməyin vaxtı çatıb",-deyə Nobel
Komitəsinin direktoru bildirib. Komitənin arqumentləri
ilə Malala da razılaşıb. "Mən o zaman özümü mükafata
layiq hesab edərəm ki, təhsil üçün bir iş görmüşəm,
onda mən insanlara əminlik hissi ilə deyə bilərəm ki,
bəli, mən bu məktəbi inşa etmişəm, müəllimlərə təhsil
vermişəm, çox sayda uşaqları məktəbə göndərmişəm. O
zaman əgər mən Nobel nükafatı alsam, onda mükafata layiq
olub-olmadığımı deyərəm". Malala Nobel mükafatına layiq
görülməsi barədə xəbəri Birmingem şəhərində oxuduğu
orta məktəbdə kimya dərsində aldığını bildirib.
Həyəcan içində olmasına baxmayaraq, o, fizika və ingilis
dili dərslərini davam etdirib. O, əldə etdiyi uğura
görə, ilk növbədə, atasına minnətdar olduğunu
bildirib. "Mənin bütün dünya uşaqlarına mesajım budur:
öz hüququnuzu qoruyun". Malalanı ABŞ prezidenti Barak
Obama da təbrik edib. O, Malalanın bu mükafata layiq
görülməsini hər bir insanın ləyaqətini qorumağa
çalışan insanların qələbəsi adlandırıb.
..."Qaranlığı gördüyümüzdə aydınlığın önəmini,
susdurulanda səsimizin dəyərini anlayırıq, eyni şəkildə
silahları gördükdə qələm və kitabların önəmini anladıq.
"Qələm silahdan güclüdür" deyimi doğrudur. Radikallar
qələm və kitabların gücündən qorxurlar. Təhsilin gücü
onları qorxudur. Onlar qadınlardan qorxurlar, qadın
səsinin gücü onları qorxudur".
..."Pakistanda məktəbə getməyimizə əngəl yaradıldıqda
təhsilin əsl əhəmiyyətini dərk etdim. Təhsil qadın
üçün güc deməkdir. Terrorçular buna görə təhsildən
qorxurlar. Qadınların təhsil almasını istəmirlər. Çünki
bilirlər ki, təhsil aldıqlarında qadınlar daha güclü
olacaqlar".
İqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı
açıqlanıb
Oktyabrın
13-də 2014-cü il iqtisadiyyat üzrə Nobel mükafatı
laureatının adı açıqlanıb. İsveç Kral Akademiyasının
qərarı ilə mükafata "bazarın gücünün və
tənzimlənməsinin analizinə" görə fransız alimi, Tuluza
Universitetinin professoru Jan Tirole layiq görülüb.
Komitənin məlumatında qeyd olunub ki, Tirole dövrümüzün
ən nüfuzlu iqtisadçı alimlərindən biridir. O, öz
tədqiqatlarında bir neçə güclü şirkətlər olan sənaye
sahələrini anlamaq və tənzimləmək məsələsinə aydınlıq
gətirib. Hazırda sənaye sahələrində bir neçə şirkət və
ya iri monopoliya aparıcı rol oynayır. Tirolenin
fikrincə, müxtəlif bazarlar müxtəlif anti-monopol
tənzimləmə tələb edir. Nobel Komitəsi bildirib ki,
Tirolenin işləri anti-monopol komissiyalara kömək edir.
Qeyd edək ki, iqtisadiyyat üzrə mükafat 42 il əvvəl
İsveçin Dövlət bankının 300 illiyi ilə bağlı yaradılıb
və Nobelin xatirəsinə həsr edilb.
Jan Tirole 1953-cü il avqustun 9-da Fransanın Troye
şəhərində anadan olub. 1976-cı ildə Paris Ali Politexnik
Məktəbini bitirib. 1981-ci ildə Massaçusets Texnologiya
İnstitutunda iqtisadi nəzəriyyənin problemlərinə dair
doktorluq elmi işini müdafiə edib. Hazırda Tuluza
Universiteti nəzdində sənaye təşkilatları nəzəriyyəsi
İnstitutuna rəhbərlik edir.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
məqalədə Böyük Britaniya mətbuatının materiallarından
istifadə olunub |