Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

"Valideynlərim məni uşaqlıqdan kitabla dost münasibətdə böyüdüb"

 

Avstraliyanın Melburn Universitetində magistr təhsili alan Adil Adilli ilə söhbət

Adil  İqbal oğlu Adilli 1990-cı ildə Bakıda anadan olub.  Bakıdakı  38 nömrəli tam orta məktəbdə oxuyub. 2005-ci ildə Bakı Türk Anadolu Liseyinə daxil olub. Burada 4 il təhsil aldıqdan sonra  TCS (Türkiyə Cumhuriyyətləri Sınavı) imtahanı verərək  arzuladığı  və yeganə seçimi  olan Türkiyənin Ankara şəhərində yerləşən Orta Doğu Texnik Universitetinin  elektrik və elektronika mühəndisliyi fakültəsinə qəbul olub.  Azərbaycanda  "BestComp Group" və Türkiyədə  "Petkim" şirkətlərində  təcrübə keçib. Hazırda  "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Avstraliyanın Melburn  Universitetində   mexatronika mühəndisliyi üzrə magistr təhsili alır.  

- Orta məktəb illərində ən çox hansı fənlərə üstünlük verirdiniz?

- Orta məktəb illərində qazandığım uğurların əsası  Bakı Türk Anadolu Liseyində qoyulub.  Ən yaxşı, peşəkar müəllimlərin dərs keçdiyi bu liseydə   olduqca keyfiyyətli bir təhsil mühiti əmələ gəlmişdir.  Digər istedadlı şagirdlərlə 4 il bu mühitdə  təhsil aldığıma görə özümü şanslı hesab edirəm. Məktəb illərində xüsusilə fizika və riyaziyyat elmlərinə maraq göstərmişəm. Bu elmlərə olan həvəsim daha çox  müxtəlif  dərin riyazi  misallar və məsələlər üzərində çalışmağıma səbəb oldu.  Məhz bunun nəticəsində də  2009-cu ildə Xəzər Universitetində keçirilən dəqiq elmlər üzrə olimpiadada I,  Qafqaz  Universitetində riyaziyyat və məntiq olimpiadasında  II yerləri tutmuşam.  İxtisas seçimimdə ən əsas dəstək mənim ailəm olub, onlar  mənə  güvənməklə  bacarıqlarıma uyğun ixtisası seçməyimə dəstək olublar.

- Olimpiadaların həyatınızda  rolunu necə qiymətləndirərdiniz?   

- Əlbəttə ki,  şagirdlərin gələcəyinin formalaşmasında müsabiqələrin və olimpiadaların   rolu əvəzsizdir.  Bu cür yarışlar insanı əsasən həm psixoloji, həm də elmi cəhətdən  inkişaf  etdirir.  Psixoloji  olaraq  özünə inam, bir hədəf  uğrunda çalışaraq  ona nail olmaq, daim  irəliləmək bacarığı formalaşır.  Müxtəlif çətinliklərdə əsas hədəfi düşünərək problemlərin həllini asanlaşdırmaq qabiliyyəti yaranır.  Elmi  olaraq isə bilmədiyin bir şeyi axtarıb tapmaq bacarığını, daha  dərin  və  kreativ düşünmə qabiliyyətini  gücləndirir.

- Xaricdə təhsil almağa  necə qərar verdiniz? 

- Məndə xaricdə təhsil  almaq arzusu   IX  sinifdən yarandı.   Buna əsas səbəb  isə oxuyacağım sahə üzrə dünya səviyyəli  mütəxəssis  olmaq istəyim olub. Məhz buna görə də   "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müraciət etməyə qərar verdim. Qeyd edim ki,  Dövlət Proqramı   çərçivəsində tələbələrin seçim prosesini  çox  yaxşı qiymətləndirirəm. 2014-2015-ci  tədris ili  üçün tələbə seçimlərində prosesin online sistemə keçməsini olduqca peşəkar bir qərar hesab edirəm, həm sənəd verən tələbələr,  həm də Təhsil  Nazirliyinin  nümayəndələri vaxt faktorunda  qazanmış oldular.

- Tələbə həyatınız necə keçir? Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə məlumat verərdiniz?

- Hazırda Avstraliyanın Melburn Universitetində (University of Melbourne) təhsilimi davam etdirirəm. Universitetin əsası 1853-cü ildə qoyulub və hazırda Avstraliyanın bir nömrəli, "Times Higher Education"un  tərtib etdiyi reytinq sıralamasına  görə dünyanın  ən yaxşı 34-cü universitetidir.  Ali məktəbin  45 minə yaxın tələbəsi var  və  bunlardan  11 minə  yaxını, yəni 26 faizi  əcnəbidir. Bu isə olduqca yüksək bir rəqəmdir,  ona  görə əcnəbi  tələbələrə qarşı heç bir ayrı-seçkilik yoxdur.  Melburn Universiteti tələbələrinə dəyər verən və öz məzunları  ilə dəyər qazanan, bütün  dünyada elmin inkişafına töhfələr vermiş məşhur alimlər yetişdirmiş  bir ali təhsil müəssisəsidir. İxtisasım isə mexatronika mühəndisliyidir. Mexatronika iki sözün birləşməsindən əmələ gəlib: "mexanika" və  "elektronika".  Ətrafımızda gördüyümüz hər hərəkət edən  və elektriklə  işləyən  sistem  əslində  bir mexatronik sistemdir.  Mexatronika deyiləndə, bəlkə də ən çox yada düşən robot texnikası  olur. Hazırda dünyada bu sahənin mütəxəssislərinə ehtiyac günü-gündən artmaqdadır.  Sənayedə  təxmin edilən önəmli dəyişikliklər  məhz mexatronik sistemlər vasitəsi ilə baş verir və bu proses davam edəcək.  Bəlkə də  bu  səbəbə  görə  deyərdim ki, mexatronika sahəsi Azərbaycan üçün ən öndə gələn prioritetlərdən olmalıdır.

Hazırda bizə 4 fənn tədris olunur və  bu dərslərin  hər  birindən imtahan verməliyik. İxtisasım mexatronika mühəndisliyi olduğu üçün dərslərin bir hissəsi olaraq layihələr  hazırlayırıq. Layihələr adətən  robotlar,  müxtəlif  proqramlar  və ya qurğular düzəltməkdən ibarətdir.  Bir semestr  adətən tapşırıqları yerinə yetirməklə, layihələr hazırlamaqla və semestrin sonunda final imtahanları  verməklə keçir.

- Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz?

- Xaricdə təhsil deyəndə, ən çox diqqətə fundamental bilik gəlir. Amma mən başqa faydalar barədə danışmaq istəyərdim.  Bunlardan ən əsası, tələbənin təkbaşına, tanımadığı bir yerdə qarşılaşdığı müxtəlif  növ  çətinlikləri  sərbəst şəkildə özünün  həll etməsi  bacarığıdır. Bu  xarakteri  özündə yaradan tələbə  gələcək həyatda  müxtəlif  çətinliklərə qarşı  daha  yaxşı müqavimət göstərə bilir. Bundan  heç də az əhəmiyyət kəsb etməyən başqa  bir məqam da var.  Bu da yeni bir ölkədə tələbənin qarşılaşdığı  fərqli mədəniyyətləri təmsil edən insanlardır. Bildiyiniz kimi, hər insan  öz  dünyagörüşü etibarı ilə  bir dünyadır.  Yeni-yeni insanlarla ünsiyyətdə olan  tələbə yeni dünya kəşf edir. Bu cür ünsiyyət, tanışlıq isə, öz növbəsində, tələbənin xarakterini, həyata  baxış  bucağını  dəyişir.

-  Müəllim-tələbə münasibətlərinə dair hansı maraqlı məqamları qeyd edə bilərdiniz? 

- Universitetdə gördüyüm müəllim-tələbə münasibəti fərqlidir. Müəllimlər tələbələrlə olduqca səmimidirlər, bir  müəllim-tələbə münasibətindən savayı dost-dost münasibəti daha çox özünü büruzə verir.  Bundan  əlavə, tələbələrin dərsi daha yaxşı mənimsəmələri üçün  müəllimlərin əllərindən gələni etdiyini daima müşahidə etməkdəyəm.

- Universitetdə imtahan sessiyası  necə  təşkil olunur?

- Universitetdə imtahanlar adətən semestrin sonunda keçilən hər fənn üzrə olur.  Və bir neçə fakültənin tələbələrini geniş bir zalda əyləşdirirlər, təxminən 3000  tələbə olur.  Çox ciddi yoxlama rejimində eyni vaxtda  imtahan başlayır. Tələbəyə 15 dəqiqə ərzində suallarla tanış olmaq və bəzi anlaşılmayan məsələləri aydınlaşdırmaq üçün müəllimlərə sual verməyə icazə verirlər.  Bu vaxt ərzində yazmaq qadağandır,  sadəcə oxumaq olar. Ondan sonra  isə  imtahan  vaxtı başlayır.

- Xaricdə təhsil sizə nə verir?

- Bu çox gözəl bir duyğudur. Özəlliklə mənim sahəm kimi dinamik bir sahədə ən son texnologiyaları, təcrübələri  və  metodları öyrənmək və tətbiq etmək, onlardan   istifadə  etmək insana  çox fərqli  bir özgüvən verir.

- Gənclərimizin xaricdə təhsil almaq səylərinə necə baxırsınız? 

-Fikrimcə, biz gənclərin Azərbaycanın inkişafı üçün edə biləcəyi ən böyük dəstək hər kəsin öz sahəsini ən mükəmməl şəkildə öyrənməsi  olar. Hazırda bu sahələrin əksəriyyəti  nüfuzlu universitetlərdə öyrədilir, ona görə bizim gənclərin  borcudur ki,  həmin  universitetlərdə təhsil almaq imkanı qazansınlar.  Və bunları etmək qədər də önəmli olan başqa bir məqam  təhsil aldıqdan sonra Azərbaycana geri qayıtmaq və  əl-ələ verərək ölkəmizi bir addım daha da qabağa aparmaqdır.

- Azərbaycandan çox uzaqda- Avstraliyada təhsil alırsınız. Bir qədər də yaşadığınız şəhər haqqında məlumat verərdiniz...

- Yaşadığım şəhər Melburn şəhəridir. Avstraliyanın Sidneydən sonra ikinci böyük şəhəridir.  Ümumiyyətlə, Avstraliya şəhərlərinin  görünüşü   çox sistemlidir, horizontal olaraq şəhərin quruluşuna baxsanız onun  necə  sistemli  bir şəhər olduğunu görmək mümkündür. Adaptasiya prosesi bir  həftə  davam  etdi  və olduqca asan keçdi.  Şəhərin  önəmli  bir qismini əcnəbilər təşkil etdiyindən  əcnəbilərə münasibət olduqca gözəldir. Burada milliyyətçilik görülməyəcək qədər azdır.

- Azərbaycan diasporası  ilə əlaqələriniz. Tələbələrimizin təşkilatlanması nə səviyyədədir?

-Melburn şəhərində azərbaycanlıların sayı  olduqca azdır. Buna baxmayaraq,  biz burada  Azərbaycan  diasporası yaratdıq və tez-tez azərbaycanlı  tələbələrlə görüşlər təşkil edirik. Ümid edirəm ki, bu təşkilatlanmanı   daha da güclü bir vəziyyətə gətirəcəyik. Bir azərbaycanlı tələbə olaraq uzaq Avstraliyada ölkəmizi, mədəniyyətimizi layiqincə təmsil etməyə çalışırıq. Fərqli mədəniyyətlərin nümayəndələri ilə ünsiyyət saxlayarkən ölkəmizin nailiyyətləri barədə danışırıq. Bu müddət ərzində ölkəmizə qarşı çox müsbət fikirlərin  əmələ gəlməsində vasitəçi olmuşam.

- Kitab oxuyursunuzmu?  Mütaliənin faydasını nədə görürsünüz?

- Valideynlərim məni uşaqlıqdan  kitabla  dost  münasibətdə böyüdüb,  həyatımın bütün  mərhələlərində  kitab oxumağa  çalışmışam.  Mənim dünyagörüşümün önəmli  bir qisimini  məhz oxuduğum  kitablar formalaşdırıb.

- Gələcək planlarınız ?

-Hazırda əsas məqsədim ixtisasımı daha da dərindən mənimsəməkdir. Gələcək planlarım isə Azərbaycana qayıdıb ölkəmizdə robot texnikası  və  İKT sahəsinin inkişafına yaxından töhfə verməkdir.   

Oruc MUSTAFAYEV, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov