Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Beynəlxalq təhsil xəbərləri

 

Rusiya prezidenti ən yaxşı müəllimlərlə görüşüb 

Böyütmək üçün şəkili seçinSon illərdə Rusiyada  keçirilən "İlin müəllimi"  müsabiqəsinin qalibləri arasında xüsusu maraq, prezidentlə görüşmək ənənəsi mövcuddur.  "Uçitelskaya qazeta"nın məlumatına əsasən, müəllimlər  bu anı səbirsizliklə gözləyir və öz  suallarını  dövlət  başçısına ünvanlamaq  ümidi ilə  həyəcanlanırlar.  Ötən il olduğu kimi, bu il də prezident  Vladimir  Putin  Rusiyanın  15 ən yaxşı müəllimini  özünün Novo-Oqaryovo ətrafındakı iqamətgahında qəbul edib.   Görüşdə  Rusiya Federasiyasının təhsil və elm naziri  Dmitri Livanov  və  prezidentin köməkçisi Andrey Fursenko da iştirak ediblər.

V.Putin "İlin müəllimi"  müsabiqəsinin final mərhələsinə çıxmış müəllimləri təbrik edib: "Mən sizi finala  çıxmağınız münasibəti  ilə təbrik etmək istəyirəm.  80 min namizəd arasından 15 ən yaxşı  müəllim sırasına düşmək  -  bu, böyük nailiyyətdir, sizin xidmətlərinizin, fəaliyyətinizin nəticələrinin tanınmasıdır.   Mən sizə müsabiqənin uğurla başa çatmasını  və gələcək  işlərinizdə nailiyyətlər arzulamaq  istəyirəm.  Aydındır ki, 15 nəfər arasından 5 nəfər, daha sonra  bu cür yüksək səviyyədə "5-liyi",  xüsusən də qalibi seçmək  çox mürəkkəb məsələdir.  Məncə, müsabiqənin özü  məhz onunla  əlamətdardır ki, o, motivasiyanı gücləndirir.  Bildiyim qədər, təkcə sizlər deyil, həm  həmkarlarınız ,  həm də sizin şagirdləriniz bu prosesə cəlb olunublar.  Ölkəmizdə 1 milyon 232 min pedaqoq var,  təsəvvür etmək olar ki, nə qədər insan bu prosesdə iştirak edir. Proses, şübhəsiz ki, istər peşəkarlıq nöqteyi-nəzərdən, həm də ictimai cəhətdən  pozitiv xarakter daşıyır.   Bugünkü görüşümüzdə trivial mövzulardan, mən əməkhaqlarının  səviyyəsini nəzərdə tuturam, yan keçə bilmərik.    Siz son illər hökumət  və  dövlət başçısı tərəfindən  bu məsələyə necə diqqət göstərildiyini bilirsiniz.  Yəqin ki, burada  bu məsələ ilə bağlı da deyiləsi fikirlər var.  Əlbəttə ki, mən yenə də sizin yüksək missiyanızdan danışmaq istərdim. İstənilən cəmiyyətdə müəllim, həkimdən vacib peşələr yoxdur. Hərbiçilərsiz də ötüşmək olmaz, lakin hamısı bir sıradadır. Mən sizə uğurlar arzulamaq istərdim".

Daha sonra prezident  sözü ölkənin təhsil və elm naziri Dmitri Livanova verib. Nazir çıxışında qeyd edib ki, artıq  25  ildir ki, "İlin müəllimi" müsabiqəsi keçirilir.   Bu müsabiqə Rusiyada  ən nüfuzlu  peşəkar müsabiqədir.  Bu müsabiqənin  sədri MDU-nin rektoru Viktor Sadovniçi olmaqla çox  nüfuzlu  münsiflər heyəti var.  "Biz əminlklə deyə bilərik ki, ildən-ilə müsabiqənin final mərhələsinə həqiqətən ən layiqli, ən yaxşı pedaqoqlar keçir.  Biz  ildən-ilə pedaqoqların peşəkarlıq səviyyəsinin, ustalığının, motivasiyasının artmasının şahidi oluruq".   Söhbətə müdaxilə  edən  prezident V.Putin əlavə edib ki,  müəllimlər arasında peşəkarlığın artmasının  müasir şəraitdə  çox böyük əhəmiyyəti vardır. Çünki bugünkü tələblərə cavab vermək çox çətindir. "Müəllimlər həm qətiyyət, həm yaradıcılıq vərdişlərini, həm də öz istedadlarını göstərməlidirlər. Müəllim bunlarsız bugünkü şagird  üçün praktik olaraq maraqsızdır. Əgər əvvələr müəllim, ola bilsin, yeganə informasiya mənbəyi idisə, indi bu cür mənbələr olduqca çoxdur".

Daha sonra müəllimlərin prezidentə sual vermək imkanları yaranıb. Tatarıstan Respublikasından biologiya müəllimi Alla Qolovenkinanın "Müsabiqəyə qatılanlar arasında pedaqoji dinastiyadan olan müəllimlər çoxdur. Sizin ailənizdə də müəllim varmı  və ya olubmu" sualına prezident  "Yox, çox  təəssüflər olsun ki,  bizim ailədə müxtəlif dinastiyaların təmsilçiləri var, həm hərbiçi, həm də həkim.  Məncə, müəllim yoxdur.  Bu çox yaxşı haldır ki, nəsillərdən nəsillərə təkcə bilik yox, həm də öz işinə qarşı mənəvi-əxlaqi dəyərlər də ötürülür",-deyə cavab verib.

Ulyanovsk vilayətindən olan tarix və ictimaiyyat müəllimi E.Fedotova "İlin müəllimi" müsabiqəsinin  beynəlxalq səviyyədə  keçirilməsi  barədə təklif irəli sürüb.  Dövlət başçısı  bu təklifi razılıqla qarşılayıb.  Maqnitoqorsk  şəhərindən olan ədəbiyyat, dini mədəniyyətin əsasları və dünyəvi etika müəllimi Anna Stelmaxoviç yeniyetmələr üçün xüsusi kanalın yaradılması ilə bağlı prezidentə müraciət edib.  Bu  ideya  dövlət  başçısının xoşuna gəlib və o, dərhal  belə bir kanalın yaradılması  barədə köməkçisi  Andrey Fursenkoya tapşırıq verib. Prezidentə ünvanlanan suallar  o qədər də  çox olmayıb, lakin ölkə başçısı onlara ətraflı və konstruktiv cavablar verib.  Pedaqoqlar "Uçitelskaya qazeta"ya  da minnətdarlıqlarını bildirməyi unutmayıblar.  Belə ki,  "İlin müəllimi"  müsabiqəsinin keçirilməsi ideyası  məhz  bu qəzetə məxsusdur. 

"Uçitelskaya qazeta"dan


Müəllimlərin maddi durumu yaxşılaşıb  

2013-2014-cü illərdə Avropanın 16 ölkəsində (Belçika, Danimarka, Almaniya, Estoniya, Fransa, Xorvatiya, Lüksemburq, Malta, Avstriya, Slovakiya, Finlandiya, Böyük Britaniya, Norveç, Makedoniya, Türkiyə) müəllimlərin maaşında artım müşahidə olunub. Bu barədə "Eurydice" təşkilatının Avropa Komissiyası üçün hazırladığı hesabatda deyilir.  Əməkhaqları və yaşayış xərclərinə edilən dəyişikliklər müəllimlərin maddi durumunun yaxşılaşmasına imkan verib.  Araşdırma ibtidai və orta məktəb müəllimləri və  direktor heyətini əhatə edib. Araşdırma nəticəsində məlum olub ki, 33 Avropa ölkəsinin 50 faizində müəllimlərin alıcılıq qabiliyyəti 2009-cu illə müqayisədə aşağıdır.

Bəzi ölkələrdə - Belçika (Niderland hissəsi), Danimarka (ibtidai təhsil və orta təhsilin 2-ci səviyyəsi), Litva, Lüksemburq, Avstriya, Finlandiya (ibtidai təhsil və orta təhsilin 1-ci səviyyəsi) və İtaliyada (orta təhsilin 2-ci səviyyəsi) müəllimlərin alıcılıq qabiliyyəti 3% aşağı düşüb. Kipr, İtaliya (ibtidai təhsil və orta təhsilin 1-ci səviyyəsi), Niderland, Portuqaliya, Rumıniya (ibtidai təhsil) və Böyük Britaniyada müəllimlərin alıcılıq qabiliyyətində 5%-dən 10%-ə kimi azalma müşahidə olunub. Sloveniya və İsrail müəllimlərinin də alıcılıq qabiliyyəti 13%-dən 17%-ə kimi azalıb. Ən böyük azalma isə Yunanıstanda - 40% olub.  


Almaniyada ali təhsil pulsuzdur 

2014-2015-ci dərs ilindən başlayaraq Almaniyanın bütün ərazisində ali təhsil pulsuzdur.  Ölkənin federal torpaqlarından sonuncu olaraq Aşağı  Saksoniya ötən ilin dekabrından təhsil haqlarından imtina edib. "The Times" qəzetinin yazdığına əsasən, Hamburq şəhərinin  Elm Komitəsinin senatoru Doroteya Ştapelfeldt  bəyan edib ki, "təhsilə görə pul ödənməsi sosial ədalətsizlikdir".   Onun sözlərinə görə, ölkə siyasətinin başlıca vəzifəsi Almaniyada gənclərn keyfiyyətli ali təhsil almasına imkan yaratmaqdır. Qeyd edək ki, 2005-ci ildə Almaniyanın Konstitusiya Məhkəməsi federal torpaqlara ali məktəblərdə təhsil haqlarının müstəqil surətdə  tətbiq olunması səlahiyyəti verib. Bu yeniliyi tətbiq edən yerli hakimiyyət orqanları bir ildən sonra tələbələrin kütləvi etiraz aksiyaları ilə qarşılaşıblar.   Semestr ərzində 500, il ərzində 1000 avro təhsil haqqı  2 və ya 3 övladı ali təhsil alan alman ailələri üçün əlçatmazdır. Tələbələrin aksiyalarından sonra Aşağı Saksoniyadan başqa bütün federal torpaqlar təhsil haqlarını ləğv ediblər. Lakin aparılmış sosioloji sorğulara əsasən almanların bir qismi hesab edir ki, tələbələrin bir çoxu əldə etdikləri biliklərə görə təhsil haqqını ödəyə bilər və buna hazırdırlar. Onlar hesab edirlər ki, ali məktəblərdə pul vəsaitlərinin çatışmazlığı ali təhsilin keyfiyyətinə mənfi təsir göstərə  bilər.

  


Rusiyanın ən qocaman müəlliminin  91 yaşı tamam olur  

"Uçitelskaya qazeta"nın məlumatına əsasən,  ömrünün 72 ilini pedaqoji fəaliyyətə həsr etmiş Çeçenistan Respublikasının fəxri vətəndaşı Şirvani  Ququyev müəllimlik fəaliyyəti dövründə bir dəfə də olsun xəstəlik   tarixçəsi açdırmayıb. O hətta eynəkdən belə istifadə etmir, onu göz həkiminin qəbuluna dəvət edəndə səmimiyyətlə təəccübünü gizlədə bilmir.  Oğlanları onu  dəfələrlə məktəbdən ayırmaq istəsələr də, buna nail ola bilməyiblər. Şirvani müəllim yenə də məktəbdədir.   Dekabrda 91 yaşı tamam olacaq qocaman müəllim zamanla ayaqlaşmaq istəyir. O, hazırda kompüter texnologiyaları ilə maraqlanır və özünə mobil telefon almağı düşünür.  Jurnalistlərlə söhbətdə Şirvani müəllim özünün tədris prinsiplərindən danışıb. O, şagirdlərinə  heç vaxt  "2"  yazmır.  "Mən heç vaxt "2" yazmıram, bunu səhv hesab edirəm, çünki bu cür uşaqlarda həyatda da   "2"  almağa alışqanlıq yaranır. Mən onlara həyatdan "5" almağı öyrədirəm",-deyə qocaman müəllim bildirib. Onun sözlərinə görə, "çətin " uşaqları tərifləyəndə və ya mükafatlandırdıqda onlar bu qiymətə layiq olmağa can atırlar.  Ş.Ququyev 72 illik müəllimlik fəaliyyəti dövründə yüzlərlə uşağa təlim-tərbiyə verib və heç bir şagirdinə  görə  xəcalət çəkməli olmayıb, onların  hamısı  müəllim, mühəndis, alim və ya sadəcə nümunəvi vətəndaş olublar.

 

 

Səhifəni hazırladı: Oruc MUSTAFAYEV, 
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov