Cənubi
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Çoi Suk-in Naxçıvan Muxtar
Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət
Universitetində də olub. Görüş zamanı NDU-nun rektoru,
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar
respublikada ali təhsilin inkişafına göstərilən
hərtərəfli dövlət qayğısından bəhs edərək universitet
haqqında ətraflı məlumat verib.
Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Çoi Suk-in elm, təhsil, müasir
texnologiyalar sahəsində dayanıqlı tərəfdaşlığın
ölkələrin və xalqların bir-birinə daha da yaxınlaşmasına
xidmət etdiyini vurğulayıb. Koreyalı diplomat səfirliyin
bu istiqamətdəki fəaliyyətindən, iki il öncə Naxçıvana
ilk səfərindən sonra əlaqələrin inkişafı istiqamətində
görülən işlərdən danışıb. Səfir bildirib ki, növbəti
səfəri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA)
ilə birgə "Naxçıvan Dövlət Universitetində elektron
təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun
yaradılması" layihəsinin gedişi ilə tanışlıq məqsədi
daşıyır.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və
ədəbiyyat ixtisası üzrə məzunu olmuş, hazırda buradakı
Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərinə
rəhbərlik edən Ryu Hiconq mərkəzlərin fəaliyyəti,
universitetdə təhsil alan koreyalı tələbələrə yüksək
dövlət qayğısı göstərilməsi barədə səfirə məlumat verib.
Koreyalı diplomat universitetin
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində,
Universitet televiziyasında olub, KOICA tərəfindən
alınan müasir texnologiyaların quraşdırılması və
fəaliyyəti ilə maraqlanıb. Səfir Çoi Suk-in layihənin
gedişindən razılığını bildirib. Görüş zamanı
əməkdaşlığın gələcək inkişafı istiqamətində bir sıra
təkliflər irəli sürülüb.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |