Bakı
Slavyan Universitetində Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun təqdimatı olub.
Tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev çıxış
edərək Prezident İlham Əliyevin Fərmanına əsasən, ölkə
əhalisinin elmi-texniki, siyasi-ictimai,
sosial-iqtisadi, ekoloji və humanitar biliklərini
artırmaq, Azərbaycan Respublikasının daxili və xarici
siyasətinin, azərbaycançılıq məfkurəsinin mahiyyətini
ictimaiyyətə çatdırmaq, milli mənəvi, dini dəyərləri
təbliğ etmək məqsədi ilə belə bir Fondun yaradılmasının
əhəmiyyətini vurğulayıb.
Akt zalında keçirilən tədbirdə Bilik Fondunun yaranması,
məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr
haqqında film nümayiş olunub.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov qurumun
gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması,
tələbə və müəllimlərlə əməkdaşlığın mümkün formaları
haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkə
ərazisində, o cümlədən regionlarda azərbaycançılıq
məfkurəsinin təbliğində, əhalinin maarifləndirilməsində,
gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsində,
dil bilgilərinin artırılmasında tələbələrin, gənc alim
və mütəxəssislərin Fondla birgə fəaliyyətinin qurulması
vacibdir.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu ilə Bakı Slavyan Universiteti arasında
əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sonda gənclərin suallarına cavab verən O.Səmədov
tələbələri Bilik Fondunun tədbirlərində fəal iştirak
etməyə çağırıb.
Təqdimat mərasimində Bilik Fondunun Himayəçilik
Şurasının üzvü, Milli Məclisin deputatı, professor
Sahibə Qafarova iştirak edib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |