Artıq xeyli müddətdir ki, ölkə ictimaiyyəti müxtəlif
səviyyələrdə təhsillə bağlı ayrıca televiziya kanalının
yaradılması məsələsini müzakirə edir. Əlbəttə, son
dövrlərdə İdman Azərbaycan və Mədəniyyət adlı
televiziya kanallarının yaradılmasından sonra
mütəxəssislər bu təşəbbüsləri daha real hesab edirlər.
Araşdırmalarımız göstərdi ki, dünyanın əksər inkişaf
etmiş ölkələrində yalnız təhsil sahəsinin təbliği və
problemləri ilə məşğul olan televiziya kanalları
fəaliyyət göstərir. Hətta daha yaxından tanıdığımız
Türkiyənin "TRT Okul" və Rusiyanın "Şkolnik TV"
kanallarının fəaliyyəti də həmin ölkələrin bu sahədə
bizdən daha irəlidə olduğunu göstərir. Son bir neçə ildə
ölkəmizdə "Təhsil TV" və "Oxu TV" kimi internet
kanalları fəaliyyət göstərir. Azərbaycanda, xüsusilə
bölgələrimizdə internetin sürətinin qənaətbəxş olmaması,
ölkə əhalisinin böyük bir hissəsinin telekanallara daha
çox maraq göstərməsi və digər bu kimi səbəblərdən
internet kanalları özünü doğrulda bilməyib. Kütləvi
informasiya vasitələri içərisində bu gün daha çox
auditoriyası olan televiziyalar isə təhsil sahəsinə çox
az yer ayırır. Əksər kanallarda isə bu sahə ilə bağlı
hətta verilişlər və redaksiyalar belə yoxdur. Əlbəttə,
telekanal rəhbərləri bu məsələni reytinq problemi ilə
əlaqələndirirlər. Belə olan halda dövlətin təhsil
siyasəti, bu sahədə icra olunan nəhəng layihələr,
görülən işlər və ictimai müzakirəyə ehtiyac duyulan
məsələlərin təbliği, real baxsaq, televiziyaların 30-40
saniyəlik xəbər süjetlərində, auditoriyası qənaətbəxş
olmayan qəzet, radio və saytlarda aparılır. Mətbuatda
gedən müzakirələrdə 2 milyondan çox sferanı əhatə edən,
ölkəmizin gələcəyi və inkişafı ilə birbaşa bağlı olan
təhsil sahəsində ayrıca telekanalın yaradılması zəruri
hesab edilir. Bəs, təhsil sahəsində uzun illər çalışan
mütəxəssislərimiz necə fikirləşir, təhsil
televiziyasının yaradılması vacibdirmi?
Təhsil-tədris sahəsini əhatə edən telekanalın müstəqil
fəaliyyətini daha zəruri hesab edirəm
Əjdər AĞAYEV,
pedaqoji elmlər doktoru, professor
Bir
sıra qabaqcıl ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də
televiziya kanallarının ayr-ayrı sahələr üzrə olması
daha məqsədəuyğun olardı. Hazırda idman və mədəniyyət
kanallarının xüsusi istiqamət üzrə fəaliyyət göstərməsi
öz faydalılığı ilə seçilir. Mən bu sırada öncə
təhsil-tədris sahəsini əhatə edən telekanalın müstəqil
fəaliyyətini daha zəruri hesab edirəm. Çünki belə
telekanal hazırda problemlərlə dolu olan təhsil
sahəsinin seyrçilər tərəfindən aydın qavranmasına,
görüləcək işlərin və vəzifələrin başa düşülməsinə
bilavasitə kömək edə bilər. Yəni, sırf maarifçilik
fəaliyyəti göstərər. Digər tərəfdən, ümumtəhsil məktəbi
şagirdlərinin dünyagörüşünün artmasına, ayrı-ayrı fənlər
üzrə (elmlər üzrə) biliklərinin dərinləşməsinə, müasir
elektron və texnoloji məlumatların əyani şəkildə
alınmasına yaxından yardım göstərər. Təbii ki, belə bir
kanalın məzmunu və fəaliyyət mexanizminin qurulmasında
pedaqoji ustalığa malik müəllimlərin, metodistlərin
iştirakı vacibdir. Çünki bu iş adi, bəsit, ümumi
təsəvvürlərlə deyil, təhsil elminə, metodikasına
əsaslanmalıdır.
Bəllidir ki, təhsil-tədris kanalı əsas vəzifəsinə görə
təhsilalanların biliklərə yiyələnməsinə kömək edəcəksə,
digər tərəfdən, ümumiyyətlə, geniş ictimaiyyətin
maariflənməsinə yardımçı olacaqdır.
Təhsil televiziyası ölkədə repetitorluğun qarşısını ala
bilər
Cahangir
MƏMMƏDLİ,
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin
kafedra müdiri, professor
Əlbəttə, ölkənin teleməkanında bir sıra önəmli
teleproqramlar var ki, onlar məktəblilərin təhsil
problemləri ilə bilavasitə bağlıdır. Xüsusilə İTV-nin,
Az.TV-nin bu tip proqramları çoxdan formalaşıb və xeyli
dərəcədə səmərə verməkdədir. Lakin hamı yaxşı bilir ki,
ayrı-ayrı televiziyalardakı belə proqramlar epizodik
xarakter daşıyır, hətta yeri gələndə onlar asanlıqla öz
fəaliyyətlərini dayandıra bilirlər.
Belə bir şey dəqiq məlumdur ki, maarifçi proqramlar,
adətən reytinq qazanmır və reytinq qazanmırsa, deməli,
reklam bazarında uduzur. Bir faktı misal gətirmək olar
ki, ABŞ-da kommersiya kanalları fəaliyyətə başlayanda
onlara müvafiq dövlət orqanlarından belə bir təklif
gəlmişdi ki, təsisçilər lisenziya rüsumundan azad
edilsinlər, bu şərtlə ki, onlar öz proqram setkalarına
təhsillə bağlı ayrıca proqram formatı əlavə etsinlər.
Kommersiya kanalları bu şərtlə həvəslə razı oldular.
Lakin sonradan təhsillə bağlı teleproqramların
reytinqinin çox aşağı olduğunu görüb ilk baxışda onlara
sərf edən bu şərtlərdən imtina etdilər... Deməli,
dünyanın hər yerində televiziya təhsil proqramları
reytinq yığmır. Belədə mütləq dövlət işə qarışmalı və
dövlət hesabına fəaliyyət göstərən ayrıca təhsil
televiziyaları yaradılmalıdır. Dünyanın iqtisadi
cəhətdən inkişaf etmiş bir çox ölkəsində bu təcrübə var.
Azərbaycan da, Allaha şükür, bu gün iqtisadi cəhətdən
inkişaf etmiş bir ölkədir və belə bir ölkədə dövlət
tərəfindən maliyyələşən təhsil televiziyaları yaratmaq
çətin deyil. Nəzərə alaq ki, təhsil televiziyası özünün
cədvələ uyğun ayrı-ayrı fənn proqramları ilə
şagirdlərin, habelə tələbələrin tədris prosesini
mənimsəmələrinə böyük kömək göstərər. Ölkədə
repetitorluğun qarşısını ala bilər, gənc nəslin
intellektual səviyyəsini yüksəldər. Bununla da dövlətin
bu tip televiziyaya ayırdığı maliyyə vəsaitinin heç də
havayı getmədiyi aydın olar. Bu işin təşkilatçısı və
təsisçisi birbaşa Təhsil Nazirliyi olmalıdır. Bunu
xüsusi vurğulamaq istərdim.
Təhsilin bütün sahələrini əhatə edən silsilə
verilişlərin olması çox vacib məsələdir
Mirzəli
MURQUZOV,
fizika elmləri doktoru, professor
Respublikamızda müxtəlif sahələri əhatə edən televiziya
kanalları mövcuddur. Bu, təqdirəlayiq haldır. Lakin
düşünürəm ki, təhsil kanalının yaranması ən vacib
məsələlərdəndir. Ötən əsrin 70-80-ci illərində dövlət
televiziya kanallarında təhsil sahəsində xüsusi
verilişlər nümayiş etdirilirdi. Bu verilişlərdə
respublikamızın müxtəlif bölgələrindən olan təhsil
işçiləri, valideynlər yaxından iştirak edirdi. Bu vasitə
ilə geniş auditoriyada mütəxəssislər tərəfindən müxtəlif
mövzularda müzakirələr aparılırdı. Həmin müzakirələrdə
dərs saatlarının təşkili, metodika və sair kimi
məsələlər öz əksini tapırdı. Bundan başqa, ixtisas
müəllimləri çətin mənimsənilən mövzular haqqında
təxminən 45-60 dəqiqə dərslər aparırdılar və həmin
dərslər yayımlanırdı. Bu çox effektiv vasitə idi. İstər
mərkəzdən, istərsə də bölgələrdən olan təhsil işçiləri
və ya valideynlər telefon vasitəsilə efirə
bağlanırdılar, onları maraqlandıran suallara asanlıqla
cavab tapa bilirdilər. Müəllimlərin təklifləri
dinlənilirdi və həmin təkliflər nəzərə alınaraq tətbiq
edilirdi. Digər məsələ isə elm sahəsində baş verən
yeniliklər haqqında televiziyada geniş verilişlər təşkil
edilirdi. Bütün bunlar təhsilin inkişafına xüsusi təkan
verirdi. Düzdür, hazırda televiziyalarımız təhsilə
müəyyən qədər yer ayırır. Lakin düşünürəm ki, bu,
kifayət etmir. Respublikamızda təhsil və elm sahəsini
təmsil edən bir çox qəzet və jurnallar mövcuddur. Lakin
istər qəzet, istərsə də jurnal televiziya qədər
effektiv deyil. Məktəbəqədər təhsildən ali təhsilin son
pilləsinə qədər təhsilin bütün sahələrini əhatə edən
silsilə verilişlərin olması çox vacib məsələdir. Bunun
üçün də xüsusi bir kanal kimi təhsil televiziyasının
yaranması labüddür.
Təhsil kanalının təhsilimizə bir çox fayda verəcəyini
düşünürəm
Məhəbbət
VƏLİYEVA,
Akademik Zərifə Əliyeva adına liseyin direktoru
Bir ziyalı, məktəb rəhbəri, ən əsası təhsil işçisi kimi
təhsil kanalının yaradılmasını çox istərdim. Dünyanın
bir çox qabaqcıl ölkələrində olduğu kimi, gündən-günə
həm təhsil, həm mədəniyyət cəhətdən inkişaf etməkdə
olan vətənimizdə bu kanalın yaranmasına ehtiyac var.
Mənim şəxsi fikrimcə, bilik həyatda faydalı olmaq naminə
qazanılmalıdır. Təhsil kanalının təhsilimizə bir çox
fayda verəcəyini düşünürəm. Bu kanalda həm elmi, həm
intellektual oyunlarla, verilişlərlə bərabər, şagird,
abituriyent, hətta tələbələrə yardım edəcək layihələr də
hazırlanmalıdır. Elm paylaşıldıqca artan bir xəzinədir.
Mən çox istərdim ki, bu kanalda biz digər ölkələrin
təcrübəsindən yararlana biləcəyimiz verilişləri izləyək.
Beynəlxalq olimpiadaların canlı yayımını, qonşu və uzaq
ölkələrdə təhsil yeniliklərini, əcnəbi həmkarlarımızın
dərskeçmə metodlarını, kurikulum islahatı ilə bağlı son
məlumatları əldə edə bilək. Bu kanal vasitəsi ilə əcnəbi
və yerli psixoloqlarımız tərəfindən hazırlanan
verilişlər, müsahibələr həm valideynlərə, şagirdlərə,
tələbələrə öz hüquqlarını anlamaqda, psixoloji
problemlərinin həll olunmasında, cəmiyyətdə mövqelərini
tuta bilməkdə ən yaxın köməkçi ola bilər. Eyni zamanda,
məktəbəqədər, ibtidai siniflərin də marağını təmin
edəcək cəlbedici oyun, məntiqi təfəkkürü inkişaf etdirən
cizgi filmlərinin nümayişi daha effektiv olar.
Qeyd etmək istərdim ki, qaranlıqları öz nuruyla
aydınladan müəllimlərimiz, təzə ruhlar olan
şagirdlərimiz, qarşılıq gözləmədən özlərini insanlıq
yolunda fəda edən ziyalılarımız üçün belə bir kanalın
yaradılması təhsil ictimaiyyətinə əvəzedilməz hədiyyə
olar.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |