Oktyabrın
15-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda Azərbaycanın dövlət
müstəqilliyi gününə həsr edilmiş "Müstəqilliyimiz,
uğurlarımız" mövzusunda tədbir keçirilmişdir.
BPKİYİ-nin rektoru, professor Asəf Zamanov giriş sözü
ilə tədbiri açaraq iştirakçıları dövlət müstəqilliyi
günü münasibəti ilə təbrik etdi, Azərbaycanın
dövlətçilik tarixi və ənənələri, o cümlədən Azərbaycan
Demokratik Respublikasının yaranması və fəaliyyəti
barədə məlumat verdi. Rektor xüsusi olaraq vurğuladı ki,
28 May 1918-ci il tarixdə Azərbaycan Milli Şurası
İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının
dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. Bu
müstəqil dövlətin ömrü cəmi 23 ay olsa da, xalqımızın
milli şüurunun və milli elitanın formalaşmasında,
dövlətçilik atributlarının yaranmasında böyük işlər
görüldü. 1920-ci ilin 28 aprel tarixində Azərbaycan
Demokratik Respublikası rus imperiyası tərəfindən ilhaq
edildi və Azərbaycan 71 il sovet imperiyasının
tərkibində oldu. 1991-ci il 18 oktyabr tarixdə
Azərbaycan xalqının milli azadlıq mücadiləsinin qələbəsi
olaraq Azərbaycan Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı qəbul edildi. Qısa zaman ərzində
dövlətimizin müstəqilliyini Türkiyə, Rumıniya, Pakistan,
İsveçrə, İran, ABŞ, Rusiya tanıdı. 2 mart 1992-ci ildə
Azərbaycan BMT-yə üzv qəbul edildi...
Sonra professor Asəf Zamanov "Müstəqilliyimiz,
uğurlarımız" mövzusunda geniş məruzə etdi. O qeyd etdi
ki, müstəqilliyini qazandıqdan iki il sonra xalqımız
yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində
geniş miqyas almış birinci Qarabağ müharibəsi, digər
tərəfdən isə daxildə gedən siyasi çəkişmələr,
separatçılıq hərəkatı müstəqilliyimizin beşikdəcə
boğulması təhlükəsini reallaşdırırdı. Uzaqgörən
ictimai-siyasi və dövlət xadimi, ümummilli lider Heydər
Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycanın
müstəqilliyi əbədiləşdi. Ulu öndər yeni neft
strategiyasının nəticəsi kimi təzahür edən "Əsrin
müqaviləsi"nin imzalanmasına nail oldu və bununla
Azərbaycanın dünya iqtisadiyyatı sistemindəki yerini
müəyyənləşdirdi. Qeyri-neft sektorunn inkişafı
istiqamətində də böyük layihələr həyata keçirildi.
Azərbaycanın gələcək inkişaf yolunu məhz Heydər Əliyev
müəyyənləşdirdi. Hazırda müstəqilliyimizin siyasi və
iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin
taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır
və davamlı inkişaf etdirilir.
Rektor həmçinin dahi lider Heydər Əliyevin daxili və
xarici siyasətini uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin
rəhbərliyi ilə 2011-ci ildə Azərbaycan Respublikasının
ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü
seçilməsini, 2013-cü ildə dünyanın "kosmik ölkələri"
sırasına daxil olmasını, BMT-nin 2010-cu il üzrə insan
inkişafı hesabatında göstərildiyi kimi "orta insan
inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna
daxil olmasını, Dünya İqtisadi Forumunun hesabatında
iqtisadi rəqabətlilik qabiliyyətinə görə Azərbaycanın
144 ölkə sırasında 38-ci yerdə olmasını, həm regionun,
həm də MDB üzvü olan ölkələrdən öndə olmasını xüsusi
vurğuladı. Təhsilin maddi-texniki bazasının
gücləndirilməsi, həmçinin insan resurslarının
formalaşdırılması istiqamətində görülən işlərdən söz
açdı. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr
2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın əhəmiyyətini vurğuladı. Neft
kapitalının insan kapitalına çevrilməsi istiqamətində
görülən işlərdən, o cümlədən, dövlət proqramı əsasında
dünyanın aparıcı universitetlərində təhsil almaq üçün
göndərilən gənclərin Azərbaycanın intellektual
potensialının formalaşması üçün əhəmiyyəti qeyd edildi.
Rektor təhsilin və elmin maddi-texniki bazasının
möhkəmlənməsində, kadr potensialının inkişafında həm
dövlətimizin, həm də Heydər Əliyev Fondunun
fəaliyyətindən söz açaraq, qazanılan bütün uğurların
fövqündə müstəqilliyimizin durduğunu əsaslandırdı. 23
ildə Azərbaycanın əsrə bərabər inkişaf yolu keçdiyini
diqqətə çatdırdı.
Sonra BPKİYİ-nin tədris işləri üzrə prorektoru Məhəmməd
Bayramov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının
müdiri Aydın Paşayev, psixologiya və ictimai elmlər
kafedrasının dosenti Aydın Aslanov və digərləri çıxış
edərək müstəqilliyimizin həyatımızdakı rolundan
danışdılar.
Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi |