Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət
Muradov yeni tədris ilində ali təhsil ocağına qəbul
olunan birinci kurs tələbələri ilə görüşüb. On fakültə
ilə ayrı-ayrılıqda görüşən rektor tələbələrə universitet
haqqında ətraflı məlumat verib, yeni tədris ilində
görülən işlərdən, tətbiq olunan yeniliklərdən danışıb.
Bildirilib ki, ötən illərdən fərqli olaraq bu il ADİU-ya
qəbul olan tələbələr yeni tədris standartları üzrə
təhsil alacaqlar. Bu standartlar tələbəyə dörd il
ərzində iki ixtisasa yiyələnmək imkanı verir. Belə ki,
ikinci kursu bitirən tələbə ADİU-nun başqa fakültəsinə
də qəbul olub, ikinci ali təhsil ala bilər. Bu, tələbəyə
əmək bazarında manevr etmək imkanı yaradacaq. Bununla
bağlı universitetdə işçi qrup yaradılıb.
SABAH qruplarına yaradılan şərait haqqında tələbələrə
məlumat verən rektor bu tədris modelinin gələcəkdə bütün
universitetə şamil olunacağını bildirib. Rektor
universitetin ikinci tədris korpusunda aparılan texniki
təchizat işlərinə diqqət çəkərək bildirib ki, yeni
quraşdırılan videokonfrans zalı vasitəsi ilə artıq
tələbələrin dünyanın istənilən nüfuzlu universitetləri
ilə əlaqə saxlamaq, müəllim və tələbə heyəti ilə fikir
mübadiləsi aparmaq imkanı var.
Universitet kitabxanasının təkmilləşdirilməsi ilə bağlı
məlumat verən rektor qeyd edib ki, oktyabr ayının sonuna
qədər elektron kitabxana layihəsi tam hazırlanaraq
tələbələrin ixtiyarına veriləcək. Universitetdə yaxın
vaxtlarda elektron sənəd dövriyyəsinə keçiriləcək.
Tələbələr arayışlarını dəhlizlərdə quraşdırılan xüsusi
lövhələrdən sifariş edə biləcəklər. Bu, tələbələrin
vaxta qənaət etməsinə kömək edəcək.
Rektor birinci kurs və SABAH qruplarının tələbələrinin
yazılı imtahan prosesinə dair ətraflı məlumat verib.
Bildirib ki, tədris edilən mövzular üzrə 25 sual I-V
tədris həftələri ərzində tələbələrə təqdim olunacaq.
Suallar artıq universitetin saytında yerləşdirilib.
İmtahan vərəqələri şifrələnəcək və qiymətləndirmə zamanı
tələbənin adı və soyadı görünməyəcək. İmtahanın
obyektivliyini təmin etmək məqsədilə nəticələrin
ekspertlər tərəfindən selektiv qaydada yoxlanılması
nəzərdə tutulub. Bütün imtahan prosesi rektorun şəxsi
nəzarətində olacaq.
Görüşdə "Tələbələrin universitetdaxili intizam
qaydaları"na da toxunan rektor vurğulayıb ki, ADİU-da
qaydalara nəzarət komissiyası yaradılacaq və qaydaları
pozanlara qarşı müvafiq ölçü götürüləcək. Bu ildən
ADİU-da idman dərslərinin ləğv olunduğunu bildirən
rektor əlavə edib ki, universitetin bütün tədris
korpusundakı idman zalları dərsdən sonra, bayram və
istirahət günlərində tələbələrin ixtiyarındadır. Onlar
asudə vaxtlarını bu zallarda keçirə bilərlər.
"Biz istəyirik ki, tələbələrimiz savadlı və bacarıqlı
olsun" deyən rektor, təhsilin keyfiyyətinin tələbələrin
tələbləri əsasında formalaşdığını vurğulayıb. Bildirib
ki, onlar öz təklif və iradları ilə bağlı universitetdə
fəaliyyət göstərən "Qaynar xətt"ə müraciət edə bilərlər.
Sentyabrın 25-dən oktyabrın 10-dək ADİU-nun bütün tədris
binalarında keçirilən görüşlərdə rektor tələbələri
maraqlandıran sualları cavablandırıb.
Vüsalə MƏMMƏDOVA,
ADİU-nun Marketinq və Kommunikasıya Departamentinin
əməkdaşı |