Hacıqabul.
Rayon təhsil şöbəsindən aldığımız məlumatda bildirilir
ki, fəaliyyət planına uyğun olaraq dərs ili ərzində
keçiriləcək seminarların, bilik yarışlarının, inşa
müsabiqələrinin, sərbəst olimpiadaların qrafikləri
hazırlanıb və təhsil müəssisələrinə çatdırılıb. VIII
sinifdə tədris olunan "Qarabağın tarixi" fakültativ
kursunun proqramı məktəblərə paylanıb və bu kursu tədris
edəcək tarix müəllimləri üçün metodiki seminarlar
keçirilir.
Kurikulumların tətbiqi ilə bağlı məsələlər diqqət
mərkəzində saxlanılır. Bununla əlaqədar I-VII siniflərdə
dərs deyən müəllimlərin treninqlərdən keçməsi
planlaşdırılıb. Müəllimlərin elmi-nəzəri, metodiki
hazırlığını daha da yüksəltmək məqsədilə kurikulum
tətbiq olunan siniflərdə "Nümunəvi dərslər"in qrafiki
hazırlanıb.
Təhsil Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş
"Müəllimlərin etik davranış qaydaları"na uyğun olaraq
yeni dərs ilinin ilk günündə müəllimlik fəaliyyətinə
başlayan 21 nəfər müəllimin təntənəli surətdə and
içməsi də təmin olunub.
Bu il istedadlı uşaqlarla aparılan işləri daha səmərəli
qurmaq üçün məktəblərdə mövcud olan " İstedad bankı"nın
tərkibinə yenidən baxılıb və bu cür uşaqlarla il
ərzində aparılacaq işlər müəyyənləşdirilib. İstedadlı
uşaqlarla aparılacaq işin tərkib hissəsi kimi
metodkabinetdə fəaliyyət göstərən "Fənn olimpiadalarına
hazırlıq mərkəzi"nin fəaliyyət planı hazırlanıb.
Mingəçevir.
Rayon təhsil şöbəsindən aldığımız məlumata görə,
təhsil ocaqlarında təhsilin dövlət standartları və
proqramlarının (kurikulum) tətbiqi ilə bağlı seminarlar
keçirilir. Rayonda 189 pedaqoji işçi 6 mövzu üzrə
kurslardan keçib. Fənn kurikulumlarına keçidlə bağlı
fənn müəllimləri kurslara cəlb edilir. Cari dərs ilində
dərslərdə müasir təlim texnologiyaları və metodlarının
tətbiqinə geniş yer verilməsi istiqamətində müvafiq
işlər aparılır.
Ümumtəhsil məktəblərində istedadlı uşaqların aşkar
edilməsi və yaradıcılıq potensialının inkişaf
etdirilməsi məqsədilə şagirdlər müxtəlif bilik
yarışlarına cəlb edilir, belə yarışlarda ayrı-ayrı
mövzular üzrə onların fəal iştirakı təmin olunur,
elmi-nəzəri konfranslar keçirilir.
Rayonun 14 ümumtəhsil məktəbində elektron lövhələr
quraşdırılıb. Həmçinin 1, 7 və 9 nömrəli məktəblərdə
əsaslı təmir işləri aparılır.
Astara.
Rayon təhsil şöbəsindən redaksiyamıza daxil olan
məlumata görə, yeni tədris ilində rayonda 45 tam, 9
ümumi orta və 9 ibtidai məktəb fəaliyyət göstərir. 16547
şagirdin təlim-tərbiyəsi ilə 1825 müəllim məşğul olur.
Yeni tədris ilinin başlanması ilə əlaqədar rayonun
təhsil müəssisələri üçün ayrılmış 88585 ədəd müxtəlif
adda dərslik və 7453 ədəd bədii kitab məktəb
kitabxanalarına paylanılıb.
Rayonun ümumtəhsil məktəblərinin VII siniflərində
fənn kurikulumlarının tətbiqinə başlanılıb. Bununla
əlaqədar rayonun ümumtəhsil məktəblərinin VII
siniflərində dərs deyəcək 7 fənn üzrə 150
müəllim təlim kurslarından keçərək birinci və
ikinci dərəcəli sertifikat alıb.
Müəllimlərin metodik cəhətdən hazırlığını
təkmilləşdirmək məqsədi ilə Təhsil Nazirliyinin "Dayaq
məntəqələri şəbəkəsinin yaradılması" barədə əmrinə uyğun
olaraq rayonun 63 məktəbini birləşdirən 9 dayaq
məntəqəsi təşkil edilib və dərs ili ərzində onların
əsas fəaliyyəti müəyyənləşdirilib. Bu günə kimi 24
fənn müəllimi Azərbaycan Müəllimlər İnstitutunda
ixtisasartırma kurslarından keçib. Məktəblərdə 656
kompüter və noutbuk şagird və müəllimlərin
istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin
Sərəncamına əsasən "Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində rayon təhsil şöbəsi və 24 tam
orta məktəb internet şəbəkəsinə qoşulub.
Quba.
Rayon təhsil şöbəsinin metodmərkəzinin direktoru Telman
Mirzəxanovun verdiyi məlumatda bildirilir ki,
2014-2015-ci tədris ilində təhsil ocaqlarında
metodmərkəz tərəfindən yeni proqram və dərsliklərlə
işin təşkili və fənn kurikulumlarının tətbiqi ilə bağlı
"dəyirmi masa"lar keçirilir. "Dəyirmi masa"larda irəli
sürülən təkliflər ümumiləşdirilərək Təhsil Problemləri
İnstitutuna göndərilir.
Rayonda 500-ə yaxın fənn müəllimi və VII siniflərdə dərs
deyən müəllimlər kurikulum kurslarına cəlb olunub.
Kursları bitirən müəllimlərə sertifikatlar verilir.
Tərtər.
Yeni dərs ilində rayon üzrə işə yeni qəbul olunan
müəllimlərlə "dəyirmi masa" ətrafında görüş keçirilib.
Rayon təhsil şöbəsindən bildiriblər ki, tədbirdə
müəllimlərin məişət qayğılarından söz açılıb, istək və
arzuları dinlənilib.
Təhsildən yayınan uşaqların təhsilə cəlb olunması
istiqamətində ciddi iş görülüb. Məktəblərdə
müəllim-valideyn münasibətlərinin daha da yaxşılaşması
sahəsində aparılan işlərə nəzarət gücləndirilib.
Goranboy.
Rayon təhsil şöbəsindən aldığımız məlumatda qeyd
edilir ki, gənc müəllimlərin rayon toplantısı
keçirilib.
Təlimin keyfiyyətini daha da artırmaq üçün
müəllimlərin metodiki işləri ilə əlaqədar rayonda
fəaliyyət göstərən dayaq məntəqələrində seminarlar
keçirilir.
İlk gündən məktəblərdə müəllimlərin, xüsusi ilə fənn
metodbirləşmə sədrlərinin işinə nəzarət artırılıb.
Hazırda rayonun ümumtəhsil məktəblərinin maddi- texniki
bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər
davam edir.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |