Aytən
İbrahimova
1997-ci ildə Bakı şəhərində musiqiçilər ailəsində
anadan olub. 2004-cü ildə Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinə daxil olub. Hazırda XI sinif
şagirdidir, skripka ixtisası üzrə professor, əməkdar
müəllim Fatimə İdyatulinanın sinfində təhsil alır.
Dəfələrlə məktəbdə və dövlət tədbirlərində iştirak
edib. Respublika və beynəlxalq səviyyəli müsabiqələrdə
uğurlar qazanıb. Azərbaycan Dövlət Simfonik Orkestri və
Dövlət Kamera Orkestri ilə dəfələrlə konsert verib.
Ulu öndər Heydər Əliyevin 85 və 90 illik yubileylərinə
həsr olunmuş (2008 və 2013-cü illərdə) I və II
respublika müsabiqələrində iştirak edərək laureat adına
və Qran-pri mükafatına layiq görülüb. 2009-cu ilin
dekabrında Alman-Azərbaycan Mədəniyyət Mərkəzi olan
Kapelxausda solo konsert verib. Həmin il adı Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
tərəfindən təşkil olunan "İstedadlı uşaqlar "
siyahısına 10 uşaqdan biri kimi daxil edilib. 2010-cu
ilin aprelində Nazim Əliverdibəyov adına V Ümumşəhər
müsabiqəsində Qran-pri mükafatını, 2012-ci ilin
aprelində isə Gənclər və İdman Nazirliyi, Bakı Musiqi
Akademiyasının təşəbbüsü ilə İslam ölkələri arasında
keçirilən I beynəlxalq müsabiqədə I yeri (laureat),
həmin ilin mayında Moskva şəhərində dünya şöhrətli
skripkaçı Vladimir Spivakovun fondu tərəfindən təşkil
olunmuş "Moskva dostları qarşılayır" adlı beynəlxalq
festivalda laureat adını qazanıb. 2013-cü ildə
Belçikada keçirilən 15 ölkənin nümayəndələrinin iştirak
etdiyi "Bravo"" adlı VI beynəlxalq müsabiqədə I yeri
tutaraq Azərbaycanı yüksək səviyyədə təmsil edib.
Beynəlxalq müsabiqə və festivallarda ölkəmizi uğurla
təmsil edən, çoxlu sayda diplom və mükafatlar sahibi
olan Aytən İbrahimovanın adı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr
2014-cü il tarixli Sərəncamı ilə Azərbaycanın gənc
istedadlarının "Qızıl kitabı"na yazılıb və o, xüsusi
aylıq təqaüdə layiq görülüb.
Gənc istedad inamla söylədi ki, öz üzərində daha
məsuliyyətlə çalışaraq yeni uğurlara imza atacaq.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |