Leyla
Zeynalova
2001-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinin VIII sinfində oxuyur.
Fortepiano ixtisası üzrə əməkdar müəllim Dilarə
Mirzəquliyevanın, skripka üzrə əməkdar müəllim Fatimə
İdyatulinanın sinfində təhsil alır. Təhsil illəri
ərzində uğurları az olmayıb. Festival və konsertlərdə,
müxtəlif nominasiyalı müsabiqələrdə qazandığı
nailiyyətlərin bəhrəsidir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr
2014-cü il tarixli Sərəncamı ilə Leyla Zeynalovanın adı
gənc istedadların "Qızıl kitabı"na daxil edilib və o,
xüsusi aylıq təqaüdə layiq görülüb.
İstedadı Azərbaycan Dövlət Flarmoniyasında, Beynəlxalq
Muğam Mərkəzində, Bakı Musiqi Akademiyasında, Alman
Mədəniyyət Mərkəzində, Kamera və Orqan zalında, Rəşid
Behbudov adına Mahnı Teatrında, eləcə də Üzeyir
Hacıbəyli, M.Rostropoviç,T.Salahov ev-muzeylərində
dəfələrlə tamaşaçıları məmnun edib və alqışlarla
qarşılanıb. Bir neçə ay öncə Rusiyanın Samara
şəhərində keçirilən Baltikyanı ölkələrin IV Beynəlxalq
Uşaq Musiqi Akademiyasında Azərbaycanı uğurla təmsil
edib.
Söhbət zamanı o bildirdi ki, ifaları mütəxəssislər
tərəfindən çox bəyənilib, deyiblər ki, gələcəyin parlaq
görünür. Əlbəttə, Azərbaycanın xalq artisti T.Göyçayevin
rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət
Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət
Filarmoniyasında keçirilən mötəbər konsertlərdə
dəfələrlə çıxış edən bu yeniyetmə musiqiçinin hansı
istedad sahibi olduğu barədə şübhə yeri qalmır. Qeyd
edək ki, L.Zeynalovanın builki uğurları bununla bitmir.
O, fevral ayında Estoniyanın Narva şəhərində keçirilən
X Beynəlxalq Şopen müsabiqəsində 10 Avropa ölkəsindən
olan 65 iştirakçı arasında öz yaş qrupu üzrə II yeri
tutub. Aprel ayında isə Gürcüstanın Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Gələcəyin
ulduzları" adlı layihə çərçivəsində Tbilisi Dövlət
Konservatoriyasının "Grand Hall" zalında solo proqramla
çıxış edib. |