Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin III sinif
şagirdi ilə söhbət
Ümid Fuad oğlu Aslanov
2006-cı il yanvarın 23-də Bakıda müəllim ailəsində
anadan olub. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin
üçüncü sinif şagirdidir. O, 5 yaşından 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat-Dama İdman Məktəbinə qəbul olaraq şahmatın
sirlərini öyrənməyə başlayıb. 2012-ci ildə 6 yaşlı
şahmatçılar arasında Bakı çempionatında iştirak edərək
beynəlxalq yarışlara vəsiqə qazanıb. Həmin ilin 10-15
may tarixlərində Rumıniyada 45-ə yaxın ölkənin iştirakı
ilə 7 yaşa qədər şahmatçılar arasında keçirilən dünya
çempionatında V yerin sahibi olub. 2012-ci ildə
Gürcüstanın Poti şəhərində Nana Aleksandriya adına
beynəlxalq turnirdə 7 yaşlı şahmatçılar arasında
rəqiblərindən fərqlənərək fəxri kürsünün yüksək
pilləsinə qalxıb. 2013-cü ilin mayında Yunanıstanın
Portakaros şəhərində 50-yə yaxın ölkənin
şahmatçılarının iştirakı ilə keçirilən yarışda da
fərqlənərək III yeri tutub. Bu yarışdan iki ay sonra -
20-28 iyunda Serbiyanın Novi Sad şəhərində keçirilən
Avropa çempionatında 7 yaşlı şahmatçılar arasında I yeri
tutaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2014-cü ilin mart ayında Gürcüstanın Tbilisi şəhərində
Qafqaz ölkələrinin festival yarışlarında I yerə layiq
görülüb. Aprel ayında Bakı, iyun ayında isə Azərbaycan
çempionu olub. İyulda Bolqarıstanın Varna şəhərində 10
yaşa qədər şahmatçılar arasında keçirilən "Varna-Open"
beynəlxalq turnirində I və II yerləri bölüşüb. Varna
şəhərində 100-ə yaxın şahmatçının qatıldığı "Dünya
Uşaqlarının Ümidləri" turnirində 9 oyundan 9 xal
toplayaraq I yerə sahib çıxıb. Hazırda Ümid Xırdalan
Şəhər Şahmat Məktəbində məşğul olur. Yaşının az olmasına
baxmayaraq şahmatda əldə etdiyi nailiyyətləri ilə
seçilən balaca Ümid bu günlərdə atası Fuad müəllimlə
birlikdə redaksiyamızın qonağı oldu.
Mənim şahmatda ilk
müəllimim atam olub
- Şahmata sevgi səndə
necə yarandı və sənin fikrincə, şahmat sənin həyatında
hansı dəyişikliklər etdi?
- Təxminən, dörd yaşım var idi. İlk dəfə şahmat
fiqurlarına oyuncaq kimi baxırdım. Onları yerə töküb
uşaq oyuncaqları ilə oynadığı kimi oynayırdım. Sonralar
atam mənə dedi ki, bu oyuncaq deyil, bir idman növünün
fiqurlarıdır. Bir vaxtlar uşaq oyuncağı kimi rəftar
elədiyim şahmat sonralar ən çox sevdiyim bir idman
növünə çevrildi. Mənim şahmatda ilk müəllimim də atam
oldu. O, şahmatın bütün fiqurlarının nəyə qadir olduğunu
və nə olduğunu mənə başa saldı. Atam şahmatı bilsə də bu
idman növünün sirlərini daha mükəmməl bilməyim üçün mən
təcrübəli şahmatçı müəllimlərdən dərs almalıydım.
Sonradan valideynlərimin razılığı və istəyi ilə mən 1
nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində təcrübəli
Eldar müəllimdən dərs almağa başladım. 6 yaşımdan şahmat
turnirlərində iştirak etdim. Doğrudan da, qısa müddət
ərzində nailiyyətlər qazandım. Şahmat məndə özümə inamı
daha da artırdı. Şahmatla məşğul olduqdan sonra mən
yaddaşımın gücləndiyini hiss etdim. Şahmat mənə düzgün
qərarlar verməyə kömək etdi.
"Həmin
an çox həyəcanlı idim"
- Ümid, ölkə başçısı İlham Əliyevlə görüşün barədə nə
deyə bilərsən?
- Həyatımda ən xoşbəxt an Prezident İlham Əliyevlə
görüşüm oldu. Prezidentimiz Xırdalan Şəhər Şahmat
Məktəbinin açılışında mənimlə görüşdü. Abşeron Rayon
İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mənim
şahmatdakı uğurlarım haqqında Prezidentə məlumat verdi.
Həmin an çox həyəcanlı idim. Ancaq Prezident mənimlə
söhbət etdikdən sonra həyəcanım bir az azaldı. Həmin anı
mən sözlə deyə bilmərəm. Çox xoşbəxt idim. İstəyirdim
onunla olan vaxtım çox olsun. Prezidentin səmimi
sualları və mənə qarşı münasibəti mənim narahatlığıma və
həyəcanıma son qoydu. Prezident məndən soruşdu ki, sən
bu medalları hansı yarışlarda qazanmısan. Mən iştirak
etdiyim yarışlar və əldə etdiyim medallar barədə məlumat
verdim. Mənə bu sözləri dedi: "Sən dünyanın çox
ölkələrini gəzmisən".
Ümid həm də dərs əlaçısıdır
- Şahmatla məşğul olmağın sənə dərslərində mane olmur
ki?
- Xeyr. Əksinə, şahmatın dərslərimi hazırlamağa çox
böyük köməyi var. Riyaziyyat fənninə çox böyük həvəsim
var. Bilmirəm, nədəndirsə bu fənni digər fənlərdən çox
sevirəm. Riyaziyyat fənni ilə yanaşı, bütün fənlərdən
əla və yaxşı qiymətlər alıram. Oxuduğum Xırdalan şəhər
1 nömrəli tam orta məktəbin şərəf lövhəsində əlaçı
şagirdlər kimi mənim şəklim də var. İstər şahmat,
istərsə də orta məktəbdəki müəllimlərimi çox sevirəm.
"Arzum budur ki, Ümid daha böyük qələbələr qazansın"
Ümidin atası Fuad Aslanov da söhbətimizə qoşuldu:
- Ümid ailənin böyük övladıdır. 5 yaşından şahmat
oynamağa başlayıb. Mənimlə oynayarkən onun bu idman
növünə olan istedadını və həvəsini gördüm. Həmin vaxtdan
1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin müəllimi,
beynəlxalq usta Xəyalə İsgəndərova onunla məşğul olmağa
başladı. Sonralar müəllim Eldar Musayevdən şahmatın
sirlərini öyrənməyə davam etdi. Ümid öz istedadını
beynəlxalq yarışlarda və çempionatlarda göstərməyə
başladı. Onun 6 yaşı olanda dünya çempionatında 7 yaşlı
şahmatçılar arasında birinci yerdə gedirdi, sonra ümumi
nəticədə V yerin sahibi oldu. Bu onu göstərir ki,
Ümidin perspektivi böyükdür. Gələcək yarışlarda Ümiddən
daha çox medallar və yaxşı nəticələr gözləmək olar.
Ümidə göstərilən dəstəyə görə Təhsil Nazirliyinə və
Abşeron Rayon İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm.
Eyni zamanda Ümidin təcrübəli şahmatçı kimi
formalaşmasında əməyi olan müəllimlərinə minnətdaram.
Arzum budur ki, Ümid valideynlərinin, müəllimlərinin,
bir sözlə, xalqımızın ümidlərini doğruldaraq daha böyük
qələbələr qazansın.
Biz də Ümidə tanınmış şahmatçı olmağı, Azərbaycanımızın
idman şərəfini beynəlxalq yarışlarda uca tutmağı, onu
sevənlərin ümidlərini həmişə doğrultmağı arzulayırıq.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |