Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Təltif olunan təhsil işçilərinə mükafatlar təqdim edilib

 

Böyütmək üçün şəkili seçinTəhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Tərəqqi" medalı, "Əməkdar müəllim" və "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adları ilə təltif olunan təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Görüşdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində "Tərəqqi" medalı, "Əməkdar müəllim" və "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adları ilə təltif olunmuş təhsil işçilərini təbrik edib. Nazir bu sərəncamların ölkə Prezidentinin təhsil sahəsinə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. Mikayıl Cabbarov təhsil sahəsində islahatların uğurla həyata keçirilməsində müəllim peşəsinin ictimai nüfuzunun artırılmasının, onun yüksək maddi və mənəvi motivasiyasının vacib olduğunu vurğulayıb. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyinin, ayrı-ayrı sahələrdə əldə edilən nailiyyətlərin təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunduğunu söyləyən nazir inkişaf edən ölkəmizdə təhsil sisteminin daim yenilənməsi, dünya  təhsilindəki sürətli tərəqqi proseslərindən faydalanması istiqamətində işlərin görüldüyünü nəzərə çatdırıb.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, 89 ümumtəhsil müəssisəsində məktəbəhazırlıq qrupları yaradılıb. Bu proses məktəbəqədər təhsilin inkişafına dair cari ilin əvvəlində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə keçirilən tədbirdə qoyulan hədəfə doğru bir addımdır.

Böyütmək üçün şəkili seçinTəhsil naziri vurğulayıb ki, bu il paytaxtın bütün ümumtəhsil məktəb müəllimləri sınaq qiymətləndirməsində iştirak edib.

Mikayıl Cabbarov yeni əməkhaqqı sisteminin tətbiqinin dərs yükünün və hər bir dərs saatı üçün baza əməkhaqqının artırılması ilə mümkün olacağını qeyd edib. Yaxın zamanlarda bununla bağlı konkret təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq.

Nazir bildirib ki, təhsil sahəsi üçün vaxtilə  ən böyük problem saxta diplomlu müəllimlərin işə qəbulu olub. Təhsil Nazirliyi bu sahədə ciddi araşdırmalar aparır və artıq belə müəllimlərin işə qəbulu mümkün olmayacaq.Bu sahədə görülən işlərin nəticəsi olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb, orada qanuni təhsil alan tələbələr digər ali təhsil müəssisələrində yerləşdirilib. Mikayıl Cabbarov qeyd edib ki, Təhsil Nazirliyində yaradılan vahid məlumat bazası gələcəkdə saxta diplom probleminin yaranmasının qarşısını alacaq.

Nazir onu da qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində vahid imtahan bazasında buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb. Bu yeniliklər həm orta ixtisas təhsili müəssisələrini, həm yaradıcılıq ali təhsil müəssisələrini, həm də bir sıra digər təhsil müəssisələrini əhatə edəcək. Bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi arasında məsləhətləşmələr aparılır. 2014-2015-ci tədris ilindən başlayaraq yeni qaydaya əsaslanan imtahanlar həmin müəssisələri əhatə edəcək. Bu, Kənd Təsərrüfatı Nazirliyinin mövqeyi nəzərə alınmaqla kənd təsərrüfatı, eləcə də idman ixtisaslarına şamil oluna bilər.

Böyütmək üçün şəkili seçinTəhsil naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, 2015-ci il yanvarın 1-dən nəzərdə tutulan regional təhsil idarələrinin yaradılması gələn ilin dövlət büdcəsində müvafiq  vəsait nəzərdə tutulmadığı üçün təxirə salınıb. Növbəti ildə də rayon təhsil şöbələri mövcud sistem şəklində çalışacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsində isə struktur islahatları davam etdiriləcək.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunduğu bir il ərzində təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımların əhəmiyyətini vurğulayan Mikayıl Cabbarov qarşıda duran işlərin həyata keçirilməsində müəllimlərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.

Görüşdə Bakı şəhəri 6 nömrəli məktəb-liseyin tarix müəllimi Elmin İmanov, Bakı şəhəri 135 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Rafiq Məmmədov, Xaçmaz rayonu Xudat şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Əhmədova təhsil işçilərinə göstərilən yüksək diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində əzmlə çalışacaqlarını qeyd ediblər.

 Tədbirin sonunda fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.


Təhsil işçiləri dövlət başçısına minnətdarlıq edirlər 

Təhsilə və idmana göstərilən diqqət bizi sevindirir 

Şamil İsmayılov, Cəlilabad rayonu, Qarazəncir kəndi, əməkdar bədən tərbiyəsi və idman xadimi.

Son illər ölkəmizdə təhsilə, idmana göstərilən böyük dövlət qayğısı, hər iki sahədə əldə etdiyimiz uğurlar məni - qocaman təhsil işçisini və idmançını çox sevindirir. Mənim də əkiz qardaşım Habil kimi hər iki sahədə xidmətlərim olub. Ötən əsrin ortalarında ölkəmizin idman həyatında bərabər iştirak etmiş, yüngül atletikanın orta məsafələrə qaçış növündə uzun müddət uğurlar qazanmışıq.

Mən idman karyeramızın ilk illərini yaxşı xatırlayıram. Yadımdadır ki, 1960-cı ilin yanvar ayında Tbilisi şəhərində keçirilən Zaqafqaziya birinciliyinə getmək üçün Bakıda 1000 m məsafəyə qaçış üzrə yoxlama yarışı təşkil olunmuşdu. Biz ikimiz də həmin yarışda qalib gəldik və Azərbaycan yığma komandasına qəbul olunduq. Tbilisi turnirindən də qələbə ilə qayıtdıq. Özü də bir yox, iki qələbə ilə. Belə ki, yarışlarda həm 1000 m məsafəyə qaçış üzrə qalib olduq, həm də 4x1000 m estafet qaçışında qələbə qazandıq. Qardaşımla mən ikimiz də ya eyni nəticəni göstərir, ya da bir-birimizdən çox az fərqlə finişə çatırdıq. Bizi çox vaxt bir-birimizdən ayıra bilmirdilər.

Mən çox sevinirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev də bizi bir-birimizdən ayırmayaraq hər ikimizi eyni gündə fəxri ada layiq görüb.

Mən pedaqoji fəaliyyətimi də qardaşımla birgə davam etdirmişəm. Rayonda çalışqan, nümunəvi fiziki tərbiyə müəllimi kimi tanınmışıq, yetirmələrimiz arasında idmanla məşğul olanlar, məşğul olduqları idman növləri üzrə keçirilən respublika, beynəlxalq səviyyəli yarışlarda yüksək yerlər tutanlar, idman ustası normasını yerinə yetirənlər, ölkəmizin yığma komandasına daxil edilənlər az olmayıb.

Fəxri ad almağım məni çox sevindirir. Düşünürəm ki, bununla möhtərəm Prezidentimiz hər ikimizin zəhmətinə çox böyük qiymət verib. Bu yüksək qiymətinə görə dövlət başçımıza bir daha minnətdarlığımı bildirirəm.


Mən qardaşımı, qardaşım da məni təbrik etdi 

Habil İsmayılov, Cəlilabad rayonu, Qarazəncir kəndi, əməkdar bədən tərbiyəsi və idman xadimi.

Bu günlər biz İsmayılov qardaşlarının - mənim və əkiz qardaşım Şamilin sevincimizin həddi-hüdudu yoxdur. 74 illik müəllim və idmançı ömrümüzdə ilk dəfə ən yüksək mükafata - möhtərəm Prezidentimiz İlham Əliyevin 30 sentyabr 2014-cü il tarixli sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülmüşük. Bu xəbəri eşidəndə mən qardaşımı, o da məni təbrik etdi. Biz hər ikimiz möhtərəm Prezidentimizə uzunillik əməyimizə yüksək qiymət verdiyi üçün minnətdarıq. Mən uğurun, qələbənin sevincini çox dadmışam. Dəfələrlə yarışların qalibi olmuşam, yüngül atletikanın orta məsafələrə qaçış növü üzrə çempion, "Məhsul" idman cəmiyyətinin rekordçusu olmuşam.

Həyat yolum 1940-cı ildə Cəlilabad rayonunun Təzəkənd kəndində başlayıb. Kəndimizdə 4 illik ibtidai məktəb var idi. Bu məktəbdə 4-cü sinfi bitirəndən sonra qonşu Üçtəpə kəndindəki 7 illik məktəbə getdik. Bizim kənddən ora qədər məsafə 5 km idi. Bəlkə də bu məsafəni illərlə hər gün qət etməyimiz bizi sonralar idmançı edib.

İdmanda ilk qələbəm indiki kimi yadımdadır. 1958-ci il idi. Stavropol şəhərində SSRİ xalqlarının I Spartakiadası keçirilirdi. Biz əkiz qardaşlar həmin yarışda 800 m məsafəni ayaqyalın qaçaraq "Məhsul" idman cəmiyyətinin rekordunu vurduq. Sonralar dəfələrlə 400, 600, 800, 1000, 1500, 3000 metr məsafələrə qaçışlarda da rekordlarımız olub. 1960-cı ilin aprel ayında Azərbaycanın yubiley spartakiadası oldu. Spartakiadanın ən gənc idmançıları kimi yarışın qalibi olduq.  Həmin ilin sentyabr ayında Krasnodar şəhərində keçirilən SSRİ birinciliyi yarışlarında da biz iki qardaş əla nəticələr göstərib 800-1500 m məsafəyə qaçışda respublika rekordu vurduq.

İdmançıların həyatı yarışlarla, beynəlxalq turnirlərlə dolu olur. Hansını deyim.

Müəllimliyim idmanla paralel gedib. Cəlilabad rayonunun müxtəlif ümumtəhsil məktəblərində, pedaqoji fəaliyyətimin son 10 ilində isə Ocaqlı kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləmişəm. Məktəbdə işlədiyim 47 il ərzində onlarca idmançı yetişdirmişəm. Fəxr edir və qürur duyuram ki, onların bir çoxu sonralar ölkəmizin idmanına öz töhfələrini verib. 


Yenidən  sənət seçəsi olsaydım, yenə müəllimliyi seçərdim 

Püstə Mehdiyeva, Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseyin ibtidai sinif müəllimi.

1961-ci ildə Bərdə rayonunda anadan olmuşam. Şuşa Beynəlmiləl Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmiş və təhsilimi Gəncə Dövlət Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində davam etdirmişəm. 1992-ci ildə oranı bitirmişəm. Pedaqoji fəaliyyətimə kənd məktəbində başlamışam. 2004-cü ildən akademik Z.Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseydə öz işimi davam etdirmişəm. 35 illik fəaliyyətim zamanı həmişə valideynlərin hamılıqla seçə biləcəyi müəllim olmağa çalışmışam. 2010-cu ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, 2012-ci ildə isə elektron təhsil müsabiqəsində "Ən yaxşı metodika" nominasiyası üzrə respublika birincisi olmuşam. Builki uğurum isə məni daha çox sevindirdi, ona görə ki, sinif müəlllimi olduğum  şagirdlərdən 22 nəfər tələbə adını  qazandı. Onlardan 8 nəfəri 600-dən çox bal topladı. Ən sevindirici hal odur ki, 3 nəfər bir sinifdən Prezident təqaüdünə layiq görüldü.

İnsan  öz işindən iki dəfə zövq alır. Bir həmin işi görən zaman, bir də o iş dəyərlənəndə. Bu il mənim əməyim cənab Prezident İlham Əliyevin sərəncamı ilə yüksək qiymətləndirildi və mən "Əməkdar müəllim" fəxri adına layiq görüldüm. Bu münasibətlə cənab Prezidentə ailəmiz adından dərin təşəkkürümü bildirirəm.

Aldığım fəxri adın xəbərini isə mənə dərs dediyim şagirdlərin valideynlərindən biri verdi. O mənim adıma internet səhifəsində rast gəlmişdi. Həddindən çox sevindim və bir daha ölkə Prezidentinin  təhsilə və təhsil işçilərinə göstərdiyi əvəzolunmaz qayğısının canlı şahidi oldum. Mənə verilən bu adı isə bütün Bərdə müəllimlərinin adı hesab edərək  qürurlandım.

Bugünki təqdimat çox yaxşı təşkil olunmuşdur. Təhsil naziri Mikayıl Cabbarov bizi səmimi-qəlbdən təbrik etdi. Düşünürəm ki, Azərbaycan təhsili etibarlı əllərdədir.  


Bütün müəllimlərə bu günü yaşamağı səmimi-qəlbdən arzulayıram 

Aygün Əzizova, Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini.

1964-cü ildə Bakı şəhərində anadan olmuşam. 1986-cı ildə indiki Azərbaycan Texniki Universitetinin avtomatika və hesablama texnikası fakültəsini, 1999-cu ildə isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunu "İnformatika və riyaziyyat" ixtisası üzrə bitirmişəm. Hazırda Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini vəzifəsində çalışıram.

"Əməkdar müəllim" fəxri adını aldığım gün mənim həyatımda unudulmaz, sevinc dolu bir gündür! Mən övladlarımıza bilik verən sadə və siravi müəllimlərdən biriyəm. "Əməkdar müəllim" fəxri adı ilə təltif olunduğuma görə Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Müəllim adı, ulu öndərimizin qeyd etdiyi kimi, yer üzündə ən şərəfli addır. "Əməkdar müəllim" fəxri adına layiq görülmək isə müəllim adının fövqünə ucalmaq deməkdir. Təhsildə yeni islahatların uğurla həyata keçməsinə mən də bir müəllim kimi bundan sonra da bütün əmək və bacarığımı sərf edəcəyəm. Bütün müəllimlərə bu günü yaşamağı səmimi-qəlbdən arzulayıram. Düşünürəm ki, müasir Azərbaycanımızın daha xoşbəxt  sabahı  naminə hər bir Azərbaycan vətəndaşı, xüsusilə biz  təhsil  işçiləri  böyük  əzmlə çalışmalı,  üzərimizə  düşən  vəzifənin öhdəsindən layiqincə   gəlməliyik. 

 


Bu fəxri ada pillə-pillə gəlib çatmışam 

Əmiraslan Bəşirov, Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta məktəbin tarix müəllimi, əməkdar müəllim.

Ölkəmizdə təhsilə, müəllimə göstərilən yüksək qayğı hamıya məlumdur. Bu qayğını mən də ömrüm boyu, daha doğrusu müəllim işlədiyim, məktəbdə, digər sahələrdə rəhbər vəzifələrdə çalışdığım dövrlərdə həmişə hiss etmişəm. Bu gün mən fəxr edirəm ki, müəllimə, təhsilə bu cür böyük diqqətin yetirildiyi, Tanrının bizə bəxş etdiyi qara qızılın insan kapitalına çevrilməsi kimi ali bir məqsədin reallaşdırıldığı ölkədə yaşayıram. Müstəqil Azərbaycan Respublikası doğrudan da XXI əsrin böyük möcüzəsidir. Bu möcüzə isə bilavasitə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

62 illik ömrümün 37 ilini təhsilimizə həsr etmişəm. Şəhərimizdəki 2 nömrəli tam orta məktəbi bitirib Bakı Dövlət Universitetində ali təhsil aldıqdan sonra 1976-cı ildən təyinatla rayonumuzdakı Aşağı Bucaq kənd səkkizillik məktəbinə müəllim təyin olunmuşam. İki il burada işlədikdən sonra rayon təhsil şöbəsində metodist, metodkabinet direktoru vəzifələrində çalışmış, rayon icra hakimiyyətində bir sıra məsul vəzifələrdə əmək fəaliyyətimi davam etdirmişəm. Sonra yenidən həyatımı məktəblə bağlamış, şəhər 5 nömrəli tam orta məktəbdə tədris işləri üzrə direktor müavini olmuşam. Hazırda həmin məktəbdə tarix müəllimi işləyirəm. Məsuliyyətlə, işə can yanğısı ilə çalışmaq həmişə amalım olub.

Bu günlərdə möhtərəm Prezidentimizin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülməyim münasibəti ilə məni təbrik edən dost-tanışlardan bəzisi məndən soruşurlar ki, belə bir yüksək mükafatı gözləyirdinmi? Cavab verirəm ki, bəli, gözləyirdim. Çünki mən bu ada pillə-pillə yaxınlaşmışam. İşlədiyim illər ərzində çoxlu mükafatım olub. Təhsil Nazirliyinin fəxri fərmanına, "Maarif əlaçısı" döş nişanına, "Akademik Mehdi Mehdizadə mükafatı"na, "Qızıl qələm" media mükafatına layiq görülmüşəm, əməyim çalışdığım rayonda, məktəbdə də həmişə lazımınca qiymətləndirilib. Bu mənada yüksək dövlət təltifini də gözləyirdim və möhtərəm Prezidentimiz bu günlərdə məni bu arzuma çatdırdı. Buna görə mən dövlət başçısına dərin minnətdarlığımı bildirirəm. Aldığım fəxri adı həm də rayonumuzun təhsil işçilərinin, məktəbimizin müəllimlərinin əməyinə verilən böyük qiymət hesab edirəm. Bu il məktəbimizin uğurları çox olub. İki şagirdimiz məktəbi qızıl medalla bitirib. 90 məzunumuzdan 45-i tələbə adını qazanıb. Qəbul imtahanında 681 bal toplamış bir məzunumuz Prezident təqaüdünə layiq görülüb.


Beynəlxalq Müəllimlər Günü ölkəmizdə əlamətdar və yaddaqalan olur 

Könül Mustafayeva, Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, "Tərəqqi" medallı müəllim.

1973-cü ildə Mingəçevir şəhərində anadan olmuşam. 1998-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirmişəm. Hazırda Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbdə öz ixtisasım üzrə çalışıram.

Çalışdığım illər ərzində fənnimi sevə-sevə tədris etmişəm. Ən önəmlisi isə dərs dediyim şagirdlərimi sevmişəm. Yenilikləri izləyir və dərslərimdə tətbiq edirəm. 2012-2013-cü tədris ilində keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. Bu il isə ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşam.

Bütün peşə sahibləri kimi müəllimlər də hər il oktyabrın 5-də öz peşə bayramlarını təntənəli surətdə qeyd edirlər. Beynəlxalq Müəllimlər Gününü hər il ölkəmizdə əlamətdar və yaddaqalan olur. Belə ki, bu gün ərəfəsində ölkə başçısı təhsilin inkişafında xüsusi xidmətləri olan müəllimlərdən böyük bir qrupunu  fəxri adlarla, orden və medallarla mükafatlandırır. Artıq ənənə halını almış bu hadisə  ölkəmizdə müəllim  əməyinə yüksək dəyər verilməsinin,  təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının  ən bariz nümunəsidir. Bu il də ənənəyə uyğun təltiflər oldu. Pedaqoji ictimaiyyətimizin  böyük rəğbətlə qarşıladığı bu təltiflər çoxlu sayda müəllimin - ən müqəddəs və şərəfli peşə sahiblərinin bayram sevincini daha da artırdı. Onlardan biri də mənəm.

Mükafatların təqdimetmə mərasiminə gəldikdə isə o Təhsil Nazirliyi tərəfindən çox gözəl təşkil edilmişdi. Təhsil naziri cənab Mikayıl Cabbarov təhsilimizin uğurları, qarşıda duran vəzifələr haqqında olduqca  maraqlı çıxış etdi.  Doğrudan da bu sevinc hissini sözlə ifadə etmək mümkün deyil. Bu hissləri mənə yaşatdığına görə ölkə Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm.


Bu təltif mənim qarşımda böyük məsuliyyət qoyur 

Filyar İbrahimova, Şəki şəhər 5 nömrəli tam orta məktəbin direktoru.

1962-ci il yanvarın 10-da Şəkidə anadan olmuşam. 1985-ci ildə M.F.Axundov adına Rus dili  və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirmişəm. 2011-ci ildən Şəki şəhər 5 nömrəli tam orta məktəbdə direktor işləyirəm. Fəaliyyətimiz dövründə məktəbimizin uğurları çox olub. 2012-ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi adını qazanıb. Son iki ildə məktəbin 5 nəfər məzunu qızıl medalla  təltif edilmiş, ali məktəbə qəbul üçün sənəd verən 74 məzundan 55 nəfəri ali təhsil müəssisələrinə daxil olmuş, onlardan 11 nəfəri 600-dən yuxarı bal toplamış, 2 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.

2013-2014-cü dərs ilinin yekunlarına əsasən 3 və daha çox məzunu qızıl medalla təltif edilmiş məktəb direktoru kimi Təhsil Nazirliyinin fəxri fərmanına və qiymətli hədiyyəyə layiq görülmüşəm.

"Əməkdar müəllim" fəxri adına layiq görüldüyümü eşitdikdə hansı hissləri keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Çox sevindim. İlk düşündüyüm fikir isə o oldu ki, həqiqətən də, bu gün təhsilə, məktəbə, müəllimə böyük diqqət və qayğı var, yalnız yaxşı işləmək və uğur qazanacağına inanmaq lazımdır.  Müəllim əməyinə daim yüksək qiymət verən ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarına dərin təşəkkürümü bildirirəm.  Əlbəttə, qazanılan hər bir uğur məsuliyyət  hissini daha da artırır. Düşünürəm ki, bundan sonra da təhsilimizin səviyyəsinin yüksəlməsində bütün qüvvə və bacarığımı səfərbər edəcəyəm. 

Fəxri adların təqdimat mərasimi çox möhtəşəm keçdi. Əminəm ki, hörmətli nazirimiz Mikayıl Cabbarovun çıxışı, təqdimat mərasiminin yüksək səviyyədə təşkil olunması bizim hər birimizi daha əzmlə işləməyə, daha yüksək nailiyyətlər qazanmağa bir stimul olacaq.  

Hazırladılar:
Yusif ƏLİYEV,
Niyazi RƏHİMOV,  
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov