Oktyabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU)
TEMPUS layihəsi çərçivəsində "Gürcüstan, Azərbaycan və
Moldova turizm sənayesinin inkişaf etdirilməsi üçün
otelçilik menecmenti ixtisasları üzrə peşəkar
bakalavr-magistr hazırlığı" layihəsinin növbəti
mərhələsinə başlanılıb.
Universitetin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, bu münasibətlə keçirilən tədbirdə TEMPUS layihəsinin
əlaqələndiricisi, AzTU-nun kafedra müdiri, əməkdar elm
xadimi, professor Həsən Hüseynov turizm kadrları
hazırlığının yeni mərhələsi barədə məlumat verib.
Layihədə Azərbaycan üzrə pilot qrupu təmsil edən 30
analitik iştirak edir.
Turizm sənayesi üçün kadr hazırlığı üzrə növbəti
məşğələni layihənin əlaqələndiricisi, Rumıniyanın İoan
Aleksandr Kuza Universitetinin professoru Kristina
Teador Romano aparıb.
Seminarın məqsədi əmək bazarında otelçilik menecmenti
ixtisaslarına olan tələbatı ödəmək və bunu təhsil
prosesində nəzərə almaqdır. Bu məqsədlə 500 nəfər
peşəkar mehmanxana işçisi arasında sorğu aparmaq, 50
nəfərdən şifahi müsahibə almaq, informasiya
qaynaqlarındakı göstəricilərin araşdırılması əsasında
bir bakalavr və iki magistr prioritet ixtisaslarını və
onlara uyğun kompetensiyaları müəyyənləşdirib həyata
keçirmək nəzərdə tutulur.
Layihədə Avropa İttifaqı, Fransanın Qrenobl Akademiyası,
Portuqaliyanın Espino Ali Məktəbi, İspaniyanın Jiro
Universiteti, Bolqarıstanın Aqrobiznes Universiteti
iştirak edir. |