| 
						
						Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi 
						təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan 
						şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi 
						və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi 
						tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında 
						aşkar  edilməsi, həmçinin ciddi elmi  tədqiqat 
						nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib 
						ABŞ-da keçirilən İntel İSEF - Beynəlxalq Elm və 
						Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək məqsədi 
						ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında 
						Əsasnamənin 13.5-ci bəndini rəhbər tutaraq  
						
						ƏMR EDİRƏM:  
						
						1. 2015-ci il 12-14 fevral tarixlərində İntel İSEF - 
						Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində 
						"Sabahın alimləri" IV Respublika Müsabiqəsi keçirilsin. 
						
						2. Nəzərə alınsın ki, "Sabahın alimləri" IV Respublika 
						Müsabiqəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, 
						Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, 
						Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
						Respublika Komitəsi və "Mədəd" təşkilatının birgə 
						təşkilatçılığı ilə həyata keçirilir. 
						
						3. Ümumi təhsil müəssisələrinin direktorlarına 
						tapşırılsın: 
						
						3.1. Kiçik Akademiyaların fəaliyyətini gücləndirmək 
						istiqamətində konkret tədbirlər görülsün; 
						
						3.2. Ali təhsil müəssisələri və elmi təşkilatlarda 
						çalışan alimlərlə ümumtəhsil məktəbinin əlaqələrinin 
						genişləndirilməsi və şagirdlərin tədqiqatlara cəlb 
						olunması təmin edilsin; 
						
						3.3. 2014-cü il 15 oktyabr tarixindən etibarən 
						şagirdlərin "sabahinalimleri.edu.az" saytında "online" 
						rejimində qeydiyyatdan keçirilməsi, 15 dekabr 
						tarixinədək şagirdlər tərəfindən aparılan tədqiqatların 
						başa çatdırılması təmin edilsin; 
						
						3.4. Müsabiqənin Təlim Akademiyasında iştirak etmək 
						istəyən müəllimlərin qeydiyyatdan keçməsi təmin edilsin. 
						
						4. Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət 
						Universiteti (A.Məhərrəmov), Azərbaycan Texniki 
						Universiteti (H.Məmmədov), Sumqayıt Dövlət Universiteti 
						(E.Hüseynov) və Naxçıvan Dövlət Universitetinə 
						(S.Məhərrəmov) tövsiyə edilsin. 
						
						5. Naxçıvan Muxtar Respublikasının ümumi təhsil 
						müəssisələrində  müsabiqənin təşkili ilə bağlı 
						məsələlərin həlli Naxçıvan Muxtar Respublikasının təhsil 
						naziri P.Nağıyevə həvalə edilsin. 
						
						6.  Şəhər və rayon təhsil şöbələrinə müsabiqənin təşkili 
						ilə bağlı məsələlərin həllində ümumi təhsil 
						müəssisələrinə köməklik göstərilməsi tapşırılsın. 
						
						7. Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdiri, 
						müsabiqənin direktoru G.Hüseynovaya tapşırılsın: 
						
						7.1. Müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün 
						hazırlıq işlərinin görülməsini təmin etsin; 
						
						7.2. Müsabiqənin Təlim Akademiyasının təşkilini və 
						treninqlərin keçirilməsini təmin etsin; 
						
						7.3. Müsabiqənin Münsiflər Heyətinin tərkibi haqqında 
						təkliflər hazırlayıb təsdiq üçün Nazirliyin rəhbərliyinə 
						təqdim etsin; 
						
						7.4. İqtisadiyyat şöbəsi (R.Orucov) ilə birlikdə 
						müsabiqənin xərclər smetasını hazırlayıb təsdiq üçün 
						Nazirliyin rəhbərliyinə təqdim etsin. 
						
						8. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi 
						(S.Məmmədov) müsabiqəyə texniki dəstəyin verilməsi (müvafiq 
						elektron xidmətlərin göstərilməsi) ilə bağlı müvafiq 
						tədbirlərin görülməsini təmin etsin. 
						
						9. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan 
						müəllimi" qəzetində dərc olunmasını, Nazirliyin internet 
						səhifəsində yerləşdirilməsini, eləcə də çoxaldılıb 
						aidiyyəti müəssisələrə göndərilməsini  təmin etsin. 
						
						10.  Əmrin icrasına nəzarət  nazir müavini C.Bayramova 
						həvalə edilsin.  
						
						
						Mikayıl CABBAROV,Azərbaycan Respublikasının təhsil naziri
 3 oktyabr 2014-cü il
 |