Oktyabrın
10-da Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo
Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq "Təhsil" və 8-ci
Azərbaycan Beynəlxalq "Karyera" sərgiləri öz işinə
başlayıb.
Dünyanın 20 ölkəsindən 122 iştirakçının qoşulduğu
sərgiyə Təhsil Nazirliyi SABAH qruplarına aid
materialların nümayiş olunduğu pavilyonla qatılıb.
Ölkəmizin 10 ali təhsil müəssisəsi də sərgidə iştirak
edir.
Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini
Ceyhun Bayramov bildirib ki, bu gün Azərbaycanda insan
kapitalının inkişafı üçün dövlət, özəl sektor və təhsil
ocaqları bərabər çalışır, əməkdaşlıq imkanlarını
artırırlar. Bu baxımdan beynəlxalq "Təhsil" və "Karyera"
sərgiləri təhsil müəssisələri, biznes dünyası və gənclər
arasında dialoqun yaradılması, yeni ideya və layihələrin
təqdim edilməsi, səmərəli müzakirələr aparılması üçün
geniş imkanlar açır. Ceyhun Bayramov sərgi çərçivəsində
təhsil sahəsində reallaşdırılan müxtəlif layihələrin
təqdimatlarının keçiriləcəyini də bildirib. Bunlardan
biri SABAH qrupları ilə bağlıdır. Savadlı, bacarıqlı və
hazırlıqlı tələbələrdən təşkil olunan SABAH qruplarının
yaradılmasının qloballaşan dünyanın yeni çağırışları və
ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması
zərurətindən irəli gəldiyini vurğulayan nazir müavini
qeyd edib ki, bu qruplarda təmsil olunan tələbələr
inkişafın Azərbaycan modelinin tətbiq imkanlarını yeni
universitet alqoritmi ilə sabaha daşımalıdırlar.
Bu il "Karyera" sərgisi müstəqil layihə kimi və yeni
brend altında təşkil olunur. Burada 22 şirkət bank işi,
neft-qaz, telekommunikasiya, maliyyə, hüquq xidmətləri,
energetika, satış və marketinq, su resursları, qida və
kənd təsərrüfatı sektorlarında iş vakansiyalarını təklif
edir. İştirakçılar sırasında olan "Bakı-2015" Avropa
Oyunlarının Təşkilat Komitəsi tərəfindən də böyük idman
bayramı çərçivəsində həyata keçiriləcək işlərlə bağlı
vakansiyalar təqdim olunub.
Sərgi iki gün davam edib. |