Oktyabrın
14-də Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində nümunəvi
çıxışlardan ibarət qala-konsert keçirilib.
Təhsil Nazirliyi və Azərbaycan Gimnastika
Federasiyasının birgə təşkil etdiyi tədbirdə məktəbin
yetirmələri idman, həmçinin akrobatika gimnastikası üzrə
müxtəlif nümunəvi nömrələrlə bacarıqlarını
göstəriblər.
Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Gimnastika
Federasiyasının vitse-prezidenti Altay Həsənov və idman
ictimaiyyətinin nümayəndələri gənc gimnastların
çıxışlarını izləyiblər.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov
ölkəmizdə müasir idman infrastrukturunun yaradılmasında
dövlət başçısı İlham Əliyevin böyük qayğısını qeyd edib.
Son illər Azərbaycanda gimnastika idman növünün sürətlə
inkişaf etdiyini və idmançılarımızın müxtəlif mötəbər
yarışlarda qələbələr qazandığını xatırladan təhsil
naziri bu uğurların əldə olunmasında Azərbaycan
Gimnastika Federasiyasının prezidenti, ölkənin birinci
xanımı Mehriban Əliyevanın xüsusi rolu olduğunu
vurğulayıb.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti
Altay Həsənov Bakıda keçirilmiş bədii gimnastika üzrə
Avropa çempionatında milli komandamızın uğurlu çıxışı
haqda danışıb. "Bakı-2015" birinci Avropa Oyunlarında da
idmançılarımızın yaxşı nəticələr əldə edəcəklərinə
ümidvar olduğunu söyləyən Altay Həsənov paytaxtla
yanaşı, bölgələrimizdə də idman komplekslərinin
yaradıldığını xatırladıb.
1966-cı ildən fəaliyyət göstərən İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində
hazırda 5-16 yaşında 700-yə yaxın şagird məşq edir.
Xüsusi olaraq gimnastika təlimləri üçün qurulan məktəb
Azərbaycanda bu formatda olan yeganə təhsil
müəssisəsidir. Məktəbin yetirmələri arasında dünya və
olimpiya çempionları var.
Qeyd edək ki, "Bakı-2015" birinci Avropa Oyunları
çərçivəsində gimnastika yarışları da keçiriləcək.
Hazırda Azərbaycan yığma komandası yeni istifadəyə
verilmiş Milli Gimnastika Arenasında məşqlərini davam
etdirir. |