Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə birinci SABAH Forumu keçirilib

 

Böyütmək üçün şəkili seçinOktyabrın 10-11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıdakı "Jumeriah" otelində 1-ci SABAH Forumu keçirilib. 2 gün davam edən forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbə iştirak edib. Qeyd edək ki, SABAH qrupları 33 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali məktəbdə yaradılıb. 688 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olanlar yataqxana ilə təmin olunur.

Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolunun müəyyənləşdirilməsi, tələbələr arasında dialoqun yaradılmasından ibarət idi. Əyləncəli proqramların da daxil olduğu forumun ilk günündə tələbələr üçün şam yeməyi, diskoteka təşkil olunub.

Forumun açılışında çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Bu baxımdan ölkə təhsilinin strateji hədəflərindən biri də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsidir. SABAH qrupları layihəsi də bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan vətəndaşları müasir dövrdə yüksək keyfiyyətli təhsili xarici ölkələrlə yanaşı öz ali təhsil müəssisələrimizdə də ala bilər. Bu gün müasir təhsili qloballaşan dünyaya uyğun çeviklik, peşəkarlıq, yeni texnologiyalar olmadan, xarici dillərin öyrənilməsindən kənar təsəvvür etmək çox çətindir. Bu proseslərin hər biri yeni yaradılan SABAH qruplarında özünü əks etdirir.

Oktyabrın 11-də - forumun ikinci iş günündə tələbələr üçün "ustad dərsləri" keçirilib. Tanınmış ictimaiyyət nümayəndələri "Karyera inkişafı", "Liderliyə layiqsənmi?", "Sən də bir brendsən" və "Vaxtına sahib çıx" mövzularında məruzələrlə çıxış ediblər. Bundan sonra təhsil naziri Mikayıl Cabbarovun, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanovun, UNİ bankın idarə heyəti sədrinin birinci müavini Xalid Əhədovun, BDU-nun dekan müavini Gündüz Kərimovun, tanınmış şoumen Murad Dadaşovun iştirakı ilə müzakirələr başlayıb. Tələbələri daha çox maraqlandıran məsələlər səsvermə yolu ilə müəyyənləşdirilib və müzakirələr konkret istiqamətdə aparılıb. Bu istiqamətlər liderlik keyfiyyəti, qərar qəbuletmə, karyera inkişafı, məsuliyyətin bölüşdürülməsi və bilik, bacarıq və qabiliyyət formulunda təhsil konsepti mövzularını əhatə edib.

Daha sonra tədbir idman və əyləncə xarakterli yarışlarla davam etdirilib. Forumun bağlanış mərasimində fərqlənən tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub, eləcə də tədbirdən bəhs edən film nümayiş etdirilib. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov