Təhsil Nazirliyi tərəfindən təsis olunmuş "Bilik kuboku"
uğrunda breyn-rinq yarışlarının oktyabrın 12-də növbəti
oyunu olub. "Baku Grystal Hall"da keçirilən və AzTV
kanalı ilə yayımlanan oyun seçim xarakteri daşıyıb və
oktyabr ayı üzrə ikinci finalçını müəyyənləşdirib.
Yarışlara qatılmış 30 komandadan 4-nün mübarizə apardığı
oyun 2 seçim və 2 final görüşündən ibarət olub. İlk
seçim görüşündə "Allians" və "Göyçay" komandaları
qarşılaşıblar. "Allians" qalib gəlib - 5:1. İkinci seçim
görüşündə "Gəncə" və "Mərdəkan" komandaları mübarizə
aparıblar. "Gəncə" komandası 5:2 hesabı ilə rəqibinə
üstün gəlib.
Sonra "Allians" və "Gəncə" komandaları arasında 2 final
görüşü keçirilib. "Allians" birinci final görüşündə 5:4,
ikincidə isə 7:2 hesabı ilə qalib gələrək oktyabr ayının
ikinci finalçısı olub.
Xatırladaq ki, oktyabr ayı üzrə ilk finalçı "Nar Mobile"
komandasıdır. Bu ayın seçim oyunları başa çatdıqdan
sonra finala vəsiqə qazanmış komandalar oktyabrın 26-da
öz aralarında yarışacaqlar. Ayın finalçısına "Nar Mobile"nin
data kartları təqdim olunacaq və o, oyunların dekabrın
14-də keçiriləcək final görüşündə mübarizə aparacaq.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |