Xatirə gecəsində Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva iştirak edib
"ÜNS"
Yaradıcılıq Səhnəsində görkəmli şərqşünas alim Aida
İmanquliyevanın anadan olmasının 75-ci ildönümünə həsr
olunan xatirə gecəsi keçirilib.
Xatirə gecəsində Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
AzərTAc xəbər verir ki, Milli Aviasiya Akademiyasının
rektoru, akademik Arif Paşayevin, Azərbaycan Prezidenti
Administrasiyasının humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadənin, Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın, Rusiya
Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun direktoru, akademik Aleksandr Kudelinin,
Misirin Ayn Şəms Universitetinin ərəb dili və ədəbiyyatı
kafedrasının müdiri, professor Tarik Çələbinin, Türkiyə
Texniki Universitetinin professoru Sait Özervarlının,
Memar Sinan Universitetinin professoru Tanju Seyhanın və
digər alimlərin, tanınmış ictimai-siyasi xadimlərin də
iştirak etdikləri tədbirdə ilk azərbaycanlı qadın
ərəbşünas alim Aida İmanquliyevanın qısa, lakin zəngin
və mənalı ömür yoluna, elmi axtarışlarına nəzər salınıb.
Elə şəxsiyyətlər var ki, vaxt bizi onlardan uzaqlaşdırsa
da onların işıqlı siması, parlaq surəti qəlbimizdə,
ruhumuzda və yaddaşımızda silinməz izlər buraxır, -
deyən "ÜNS" Yaradıcılıq Səhnəsinin bədii rəhbəri,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva
teatrın səkkizinci mövsümünün ilk tədbirinin məhz
görkəmli alim Aida İmanquliyevaya həsr olunduğunu
bildirib.
Professor Nərgiz Paşayeva deyib: "Əzəldən dünya elə
yaranıb ki, ömür insana məxsus olur, amma həyat insana
məxsus deyil. Ömür anidir, keçicidir, bəlkə də fanidir,
həyat isə daimidir, əbədidir. Ömrü ölçə bilən meyarlar -
saatlar, günlər, aylar, illər var. Ömür bir nəfərə -
təkə bağlıdır, həyat isə külli-bəşəriyyətə, cəmə
bağlıdır. Ömür aydındır, çünki ömrün əvvəli də var, sonu
da. Amma həyat aydın deyil. Çünki həyatın nə əvvəlini
bilən var, nə də sonunu. Bu, həmişə belə olub və belə də
olacaq. Çünki ömür konkret, həyat isə abstraktdır.
Yaranan nə varsa, bu iki vəhdətin qanunu arasında
yaşayır. Elə insanlar olur ki, onların ömrü qısa olsa da,
qurtarsa da, həyatı davam edir. Biz onları görmürük,
səsini eşitmirik, amma qəlbimiz onlarla danışır.
Gözlərimiz onları görmür, amma onların siması,
cizgiləri, surəti daim canımızda, qanımızda,
ürəyimizdədir və o surət bizi heç vaxt tərk etmir".
İnsanların qəribə bir qanuna bağlı olduqlarını
vurğulayan Nərgiz Paşayeva deyib: "Adətən, insan
həyatdan köçdükdə yerdə qalanlar onun gözlərini
bağlayırlar. Ancaq sirr ondadır ki, qalanların,
dirilərin gözünü çox vaxt həyata həyatdan köçənlər açır.
Çünki çaları, səmti, yolu, istiqaməti, rəngi dəyişə
bilən ömrün yolları insanı həm ucalda, həm də kiçildə
bilər. Əlbəttə, ucalan insanlar ətraflarına,
qohumlarına, valideynlərinə, müəllimlərinə həmişə şərəf
hissi gətirirlər. Amma gəlin onu da etiraf edək ki,
ucalan yolla gedən hər kəs bu ucalığa yazılmış və
yazılmamış qanunları pozmadan nail olmaq hünərinə malik
olur".
Nərgiz Paşayeva deyib ki, 75 yaşı tamam olan Aida xanım
məhz belə hünərə malik insanlardan biri idi: "O,
doğrudan da parlaq və nadir bir insan idi. Onun ucalığı
heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç
kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı.
O, sözün əsl mənasında nadir və parlaq insan idi. Çünki
onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili
aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə
bir harmoniyada idi. Bu insan doğrudan da mükəmməl
əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. O,
doğrudan da göründüyü qədər təbiətən gözəl idi. O,
göründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi
bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa
etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim
ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin
məlhəmi olub. Onun yoxluğu zaman kəsiyində həsrəti
azaltmayıb. Çünki Anaya olan həsrəti zaman heç vaxt
azalda bilməz. Yaxşı dosta olan həsrəti heç bir uzun
zaman azalda bilməz. Sevimli insana olan həsrəti ən
böyük zaman azalda bilməz".
Sonra tədbir iştirakçılarına görkəmli alimin həyatından
və elmi axtarışlarından bəhs edən film təqdim olunub.
Filmdə bütün ömrünü Şərq mədəniyyəti və ədəbiyyatının
öyrənilməsi, onun ən istedadlı nümayəndələrinin ədəbi
irsinin tədqiqinə həsr edən alimin işıqlı obrazı əksini
tapıb. Görkəmli jurnalist, əməkdar elm xadimi Nəsir
İmanquliyevin ailəsində dünyaya göz açan Aida xanım
çoxsaylı elmi əsərlərin müəllifi olmaqla yanaşı, həm də
fədakar müəllim və qayğıkeş ana idi. Filmdə müxtəlif
ölkələrin alimlərinin xatirələri, Azərbaycan
şərqşünaslıq məktəbinin parlaq nümayəndəsi kimi onun
beynəlxalq konqreslərdə, simpoziumlarda çıxışları ilə
bağlı fikirlər yer alıb. Aida İmanquliyevanın yaşadığı
dövrün elmi mühiti, sənət mənzərəsi ilə əlaqədar dolğun
məlumatlar da filmdə diqqətə çatdırılır.
Tədbir ötən əsrin 60-cı illərinin musiqiləri ilə davam
edib. Bu nəğmələri "ÜNS" teatrının solistləri, "Bakı"
musiqili tamaşasının iştirakçıları təqdim ediblər.
|