Xüsusi
müxbirimiz xəbər verir ki, oktyabrın 16-da Düşənbədə
Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli
Universitetinin Fəxri Doktoru diplomunun təntənəli
təqdim edilməsi mərasimi keçirilib.
Əvvəlcə dövlətimizin başçısı universitetin bitkilərin
öyrənilməsi üzrə elmi-tədqiqat mərkəzinin fəaliyyətini
əks etdirən sərgi ilə tanış oldu. Bildirildi ki, bu
mərkəzdə bitkilərdən təbabətdə istifadə olunan müxtəlif
müalicəvi vasitələr hazırlanır.
Prezident İlham Əliyevə ali təhsil ocağının kitab
fondunda saxlanılan qədim əlyazmalar haqqında da məlumat
verildi. Burada dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan bir neçə əsərin
orta əsrlərə aid əlyazmaları da var.
Sərgidə, həmçinin ümummilli lider Heydər Əliyev,
Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və
Emoməli Rəhmon haqqında kitablar nümayiş olunur.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev
haqqında tacik dilində çap olunmuş kitabı imzaladı.
Sonra tədbirdə çıxış edən Tacikistan Milli
Universitetinin rektoru Mahmadyusuf İmomov dövlətimizin
başçısının çoxşaxəli fəaliyyətindən danışdı və qeyd etdi
ki, Elmi Şuranın qərarı ilə Azərbaycan Prezidentinə bu
ali təhsil ocağının Fəxri Doktoru adı verilib. Rektor
bildirdi ki, Elmi Şuranın qərarı ilə elm, təhsil,
mədəniyyət və beynəlxalq əlaqələrin inkişafına,
Azərbaycan və tacik xalqları arasında dostluq
əlaqələrinin möhkəmlənməsinə böyük töhfələrinə görə
Azərbaycan Prezidentinə universitetin Fəxri doktoru adı
verilib.
Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra
Fəxri Doktor diplomu və mantiyası Azərbaycan
Prezidentinə təqdim olundu.
Dövlətimizin başçısı universitetin professor-müəllim
heyəti və tələbələr qarşısında nitq söylədi.
AzərTAc |