Təhsil
Nazirliyinin elmi-pedaqoji, metodik nəşri olan
"Sənətkar" jurnalının builki 3-cü nömrəsi çapdan çıxıb.
Jurnalın ilk səhifələrində Təhsil Nazirliyinin cari
tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə
şagird qəbulu planının təsdiq olunması barədə əmri və
qəbul planı yer alıb.
Bu il jurnalın 45 yaşı tamam olur. Bu münasibətlə
nömrədə "Sənətkar"ın keçdiyi yol haqqında yazı dərc
edilib. Jurnalın "Mütəxəssis sözü" bölümündə ilk
peşə-ixtisas təhsili sahəsində tətbiq olunan pilot
layihələr, çex pedaqoqu Y.A.Komenskinin
"Böyük didaktika" əsərində sənətin texnoloji məsələləri
haqqında, eləcə də ölkəmizdə təhsilin inkişafı, təhsildə
yaşlı müəllimlər problemi ilə bağlı yazılar təqdim
olunub.
Jurnal özünün "Müəllimə kömək" ənənəvi rubrikası altında
bu nömrəsində də yazılar verib. Bu yazılarda istehsalat
təcrübəsinin təşkili və yerinə yetirilməsinə verilən
tələblərdən, yeni peşələrdən ("Quru inşaat ustası"),
"Geyim üzrə dizayner" peşəsi üçün qiymətləndirmə
vasitələrindən, dekorativ tətbiqi sənətin (xalq
sənətinin) növlərindən biri olan ağac üzərində oymanın
keçmişi və indisindən, Azərbaycanın "Qırmızı kitabı"na
salınmış Lənkəran akasiyasından söz açılır.
İlk peşə-ixtisas təhsili müəssisələrinin məzunları
haqqında vaxtaşırı yazılar verən jurnal "Məzunlarımızın
sorağında" rubrikası ilə bu nömrədə 12 nömrəli
Texniki-Peşə Məktəbini ötən əsrin 80-ci illərinin
əvvəlində bitirmiş, hazırda Volqoqrad Kənd Təsərrüfatı
İnstitutunda çalışan Əsgər Əhmədovdan bəhs edən məqalə
dərc edib.
Bu nömrədə habelə jurnalın əməkdaşları V.Səlimova və
P.İbrahimovanın bu il əsaslı təmirdən çıxmış 5 nömrəli
Bakı Peşə Liseyi haqqında yazıları, R.Rüstəmovanın Çin
Xalq Respublikasının peşə təhsili sistemi barədəki
məqaləsi oxuculara təqdim olunub.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |