Naxçıvan
Dövlət Universitetində son iyirmi ildə tədrisdə ən
müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid,
elektron universitet qurulması istiqamətində mühüm işlər
görülmüşdür. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi
(KOICA) ilə birgə həyata keçirilən "Naxçıvan Dövlət
Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal
multimedia infrastrukturunun yaradılması" layihəsi də
Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə
olmaqla bu sahədə atılan mühüm addımdır. 2012-ci ildə
tərəflər arasında layihə ilə bağlı müqavilə
imzalandıqdan sonra KOICA-nın Azərbaycandakı rezident
nümayəndəsi xanım Kim Eun-sukun başçılığı ilə koreyalı
mütəxəssislərdən ibarət qrup müxtəlif vaxtlarda Naxçıvan
Dövlət Universitetinə ezam olunmuşdur. Universitetin
rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun
iştirakı ilə sistemin təqdimatı keçirilmiş, müzakirələr
aparılmış, yerli mütəxəssislər məlumatlandırılmışdır.
2013-2015-ci illəri əhatə edəcək layihənin həyata
keçirilməsinə KOICA tərəfindən 3500000 ABŞ dolları
həcmində vəsait ayrılmışdır. Layihə çərçivəsində
universitet rəhbərliyi və işçiləri üçün iki dəfə təqaüd
proqramı təşkil edilmişdir. Bu günlərdə NDU-nun rektoru,
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun rəhbərliyi ilə
nümayəndə heyəti Cənubi Koreyada olmuşdur.
Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə
fəlsəfə doktoru, dosent Mübariz Nuriyev, beynəlxalq
əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə
doktoru Anar Kazımov, Həmkarlar İttifaqı Komitəsinin
sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşən
Məmmədov, Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə
doktoru, dosent Rafiq Rəhimovun iştirak etdiyi səfərdə
məqsəd NDU-nun Təhsil İnformasiya Sisteminin idarəsi ilə
bağlı bilikləri möhkəmləndirmək, Koreyanın qabaqcıl
universitetlərinin Təhsil İnformasiya Sistemi ilə tanış
olmaq və ölkələrarası əməkdaşlığa töhfə verməkdən
ibarətdir.
Birhəftəlik səfər çərçivəsində KOICA-nın baş ofisində
qəbul zamanı Cənubi Koreya və KOICA ilə bağlı təqdimat
keçirilmişdir. Görüş zamanı rektor, AMEA-nın müxbir üzvü
Saleh Məhərrəmov Azərbaycanda elmin, təhsilin inkişafına
göstərilən dövlət qayğısından danışmışdır. Qeyd
olunmuşdur ki, Azərbaycanda milli təhsilin inkişafı,
müasir texnologiyaların tədrisdə və təhsildə tətbiqi
əsas strateji sahə hesab olunur, dövlətimiz tərəfindən
daim diqqət mərkəzində saxlanılır. Rektor xatırlatmışdır
ki, adıçəkilən layihə universitetdə uğurla yekunlaşmaq
üzrədir. Hazırda Naxçıvana ezam olunan koreyalı
mütəxəssislər portal, distant təhsil, akademik işlər
üzrə sistemin və avadanlıqların quraşdırılması,
əməliyyatlarla bağlı biliklərin öyrədilməsi, elektron
təlim sistemi üçün kontentlərin hazırlanması ilə
məşğuldurlar.
Təhsil İnformasiya Sisteminin inkişafı mövzusunda
keçirilən treninq zamanı bu sahənin inkişafının baslıca
istiqamətləri müzakirə olunmuş, bilik və təcrübə
mübadiləsi aparılmışdır. NDU-nun beynəlxalq əlaqələr
üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar
Kazımovun universitetdə müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi, bu sahəyə göstərilən dövlət
qayğısı və dəstəyi ilə bağlı prezentasiyası olmuşdur.
Prezentasiyada universitetin İnformasiya-Kommunikasiya
Texnologiyaları Mərkəzinin, elektron kitabxana və
müxtəlif internet mərkəzlərinin fəaliyyətləri, virtual
əməkdaşlığın inkişafı məqsədilə onlayn bağlantılar,
beynəlxalq videokonfrans və simpoziumların təşkili
istiqamətində görülən işlər işıqlandırılmışdır.
Layihənin icraçı şirkəti "Donqvon CNS"-nin rəhbəri
Mun-seo Park heyəti qəbul edərək layihənin Naxçıvan
Dövlət Universitetində elektron təhsil şəbəkəsinin
qurulması, onlayn təhsilin təşkili baxımından faydalı
olacağına əminliyini bildirmiş, gələcək əməkdaşlıq
məsələləri müzakirə olunmuşdur.
Nümayəndə heyəti Cənubi Koreyanın ali təhsil
müəssisələrini ziyarət etmiş, buradakı ali təhsil
sistemi, tədris prosesi ilə yaxından tanış olmuşlar.
Səfər Kimçonq Universiteti ilə əməkdaşlığın
möhkəmlənməsi baxımından da faydalı olmuşdur. Xatırladaq
ki, Kimçonq Universiteti ilə əlaqələr 2010-cu ildə
yaradılmış, 2011-ci ildə qarşılıqlı əməkdaşlıq haqqında
müqavilə imzalanmışdır. Bu gün hər iki universitet
arasında elmi təcrübə və tələbə mübadiləsi, səfərlər
qarşılıqlı əlaqələr sahəsində aparılan səmərəli işin
uğurlu davamıdır. Rəsmi görüş zamanı rektor, xanım Sunq
Ae Kanq Kimçonq Universiteti haqqında ətraflı məlumat
vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət
Universitetindən tərcümə (ingilis dili-Azərbaycan dili),
hüquqşünaslıq, stomatologiya ixtisasları üzrə 3 nəfər
birinci kurs tələbəsi 2012-2013-cü tədris ilinin ikinci
semestrində tələbə mobilliyinə əsasən ali təhsillərini
Koreyanın Kimçonq Universitetində davam etdirmişdir.
NDU-nun rektoru Saleh Məhərrəmov ölkələrarası əlaqələrin
inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın rolundan
danışmış, Naxçıvan Dövlət Universitetinin beynəlxalq
əməkdaşlığında dost, tərəfdaş olan Kimçonq Universiteti
ilə əməkdaşlığın bundan sonra da davamlı olmasını
arzulamışdır.
Naxçıvanlı qonaqlar universitetdə müasir
texnologiyalarla təchiz olunmuş, xüsusi səliqə-sahmana
malik auditoriyalarda olmuş, koreyalı tələbələrlə
görüşmüşlər.
Koreya Kiber Universitetində rektor, professor Choong
Soon Kim heyəti qəbul edərkən dünyada ilk kiber
universitet olan bu ali təhsil ocağının Koreya Chungang
Təhsil Vəqfi (KCEF) altında Koreya Universiteti ilə
birlikdə fəaliyyət göstərdiyini, Koreya ali məktəbləri
sırasında birinci onluğa daxil olduğunu bildirmişdir.
Saleh Məhərrəmov Azərbaycanda, o cümlədən Naxçıvan
Muxtar Respublikasında elektron hökumət və elektron
universitet quruculuğu, elm və təhsilin müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
vasitəsilə inkişaf etdirilməsi istiqamətində görülən
işlər barədə məlumat vermişdir. Görüşdə
universitetlərarası əməkdaşlığın inkişafı ilə bağlı
təkliflər səsləndirilmişdir.
Cənubi Koreyanın POSCO poladtökmə şirkəti ilə tanışlıq,
buradakı ağır səneyinin müasir texnologiyalar hesabına
inkişaf etdirilməsi xüsusi maraq doğurmuşdur. Səfər
zamanı qonaqlar paytaxt Seul şəhəri ilə yanaşı Kimçonq,
Qyunju, Bulquska şəhərlərində, Qyungbok sarayında olmuş,
Koreya Milli Muzeyinə və digər tarixi yerlərə ekskursiya
etmiş, ölkənin tarixi, şəhərsalma mədəniyyəti, sosial
şəraiti ilə tanış olmuşlar.
Yekun tədbirdə KOICA şirkətinin sertifikatları təqdim
olunmuş, layihənin uğurla gerçəkləşməsi,
əməkdaşlığımızın davamlı olması ilə bağlı fikirlər
səsləndirilmişdir.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |