İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi
ənənəyə uyğun olaraq elm sahəsində 2014-cü il üzrə
Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bu
barədə Nobel Mükafatları Komitəsi məlumat yayıb. Hər il
oktyabrın ilk günlərində Nobel həftəliyi (6-13 oktyabr)
çərçivəsində tibb və fiziologiya, fizika, kimya,
ədəbiyyat üzrə laureatların adları açıqlanır.
Oktyabrın 6-da İsveçin Karolinsk İnstitutu ilk
olaraq tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatlarının adlarını açıqlayıb. http://www.nobelprize.org/
saytının məlumatına
əsasən, 2014-cü il fiziologiya və tibb üzrə Nobel
mükafatına "Beyində mövqe müəyyənləşdirmə sisteminə
cavab verən hüceyrələrin kəşfi"nə görə ABŞ-Britaniya
alimi Con O’Keefe
və norveçli 2 alim - May-Britt Moser və Edvard
Moser cütlüyü layiq görülüb. Mükafatın yarısı Con O’Keefeyə,
yarısı isə norveçli cütlüyə verilib. Bu üç alim birlikdə
beyində "GPS" sistemini xatırladan və insanlara məkanda
istiqamətlənməyə, mövqe tutmağa kömək edən beyin
hüceyrələrini kəşf ediblər. Nobel Mükafatları
Komitəsinin açıqlamasında qeyd olunur ki, "onların işi
kəllə beynində sinir hüceyrələrinin necə mürəkkəb bir
intellektual prosesdən keçdiyini göstərib". Onlar
beyində insanın fəzada mövqeyini müəyyənləşdirən
hüceyrələr tapıblar. İsveç Nobel Mükafatları
Komitəsinin məlumatında qeyd olunur ki, alimlərin
kəşfi filosofların və alimlərin əsrlərlə düşündükləri
problemi həll edir: "Beyin bizi əhatə edən fəzanın
xəritəsini necə yaradır? Biz bu mürəkkəb ətraf mühitdə
yolumuzu necə tapa bilirik?". Kəşf olunan hüceyrələr
beyində mövqenin müəyyənləşməsi sisteminə cavab verir.
Bu sistem beyində "daxili GPS sistemidir". 1971-ci ildə
O’Keefe
ilk dəfə sistemin ilk hissəsini-xüsusi hüceyrələri kəşf
edib. Bu hüceyrələr xəritəni yaratmağa kömək edir. Con
O’Keefenin
tələbələri Edvard və May-Britt Moserlər isə 2005-ci
ildə beyin toxumasında daha bir hüceyrə tipi
(grid-cells) aşkar ediblər. Bu hüceyrə koordinasiya və
istiqamət sisteminin yaradılmasına xidmət edir. Onların
kəşf etdiyi hüceyrələr koordinasiya sistemini yaradır.
Alimlərin tədqiqatları bütün dünyada hər il yüz
milyardlarla dollar xərclənən Alzheimer xəstəliyi ilə
mübarizədə də böyük rol oynaya bilər. Ekspertlərə görə,
alimlər beyində naviqasiya sisteminin fundamental iş
prinsipini kəşf ediblər. Bu kəşf yaddaş, təfəkkür və
planlaşdırma kimi digər koqnitiv prosesləri anlamaq
üçün yeni imkanlar açır. Bu tədqiqat baş-beyinin
xəstəliklərinin müalicəsində yeni texnologiyaların
işlənib hazırlanmasına inkan verəcək. "Alimlər canlı
hüceyrələr daxilində ayrı-ayrı molekulların hərəkət
yolunu izləyə biliblər. İndi tam əminlklə molekulların
insan beynində necə əlaqə yaratması, Parkinson,
Alzheimer və Xantinqton xəstəliklərinin yaranmasında
iştirak edən zülalları tədqiq etmək, eləcə də
embrionlarda hansı proseslərin getdiyini müəyyən etmək
olar",-deyə Nobel Komitəsinin açıqlamasında bildirilir.
May-Britt ali elm mükafatına layiq görülməsi xəbərini
şok içində qarşıladığını bildirib. Onun əri isə təyyarə
ilə Münhenə uçduğundan xəbəri gec alıb. "Təyyarədən
düşəndə bir nəfər əlində gül dəstəsi ilə məni
qarşılayaraq yaxınlıqdakı maşına dəvət etdi. Nə baş
verdiyini bilmədim. Telefonumu açanda 150 xəbər və 75
yazılı mesaj gördüm. Mesajlardan biri Nobel
Komitəsindən Qoran Hanssondan idi. Artıq hər şeyi başa
düşdüm. Fantastik bir gündür" .
Qeyd olunmalıdır ki, bu il tibb və fiziologiya üzrə
Nobel mükafatına 263 alimin namizədliyi irəli sürülüb.
***
İsveç Kral Elmlər Akademiyası oktyabrın 7-də
fizika üzrə 2014-cü ilin Nobel mükafatı
laureatlarının adlarını açıqlayıb. Akademiyanın qərarı
ilə yaponiyalı alimlər İsamu Akasaki, Hiroshi Amano
və Shuji Nakamura ali elmi mükafata layiq görülüblər.
Nobel Mükafatları Komitəsinin açıqlamasında qeyd olunur
ki, alimlər parlaq və effektiv göy işıq saçan diodlar
kəşf ediblər. Alimlər bu mükafata az enerjili, effektiv
göy işıq diodları - LED sahəsində gördükləri işlərə görə
layiq görülüblər. Alimlərin işləri sayəsində yüksək
səmərəli ağ işıq mənbələri ümumi istifadəyə verilib,
onlardan gündəlik cihazlarda, məsələn, smartfonlarda
istifadə olunur. Alimlər bu diodu 1990-cı illərin
əvvəllərində hazırlayıbar. Nobel Komitəsi qeyd edib ki,
qırmızı və yaşıl işıq diodları on illərlə istifadədə
olub, LED isə bu sahədə əsl inqilab edib. Nobel
Mükafatları Komitəsinin açıqlamasına müvafiq olaraq,
alimlərin tədqiqatları bütün müasir texnika və
elektron texnologiyasının simasını tamamilə dəyişib.
Alimlər qeyd ediblər ki, diodlar vasitəsi ilə aparılan
işlərdə praktik nəticələrin əldə olunması
nitrid-halliumun zəruri kristallarını əldə etməyə
imkan verib. Göy diodlar fasiləsiz olaraq 100 min
saat işləyə bilər. Bu ixtira köhnə işıq mənbələrinə
daha davamlı və səmərəli alternativ olan ağ işığın əldə
edilməsində yeni imkanlar açır. "Dünyada istehsal
olunan elektrik enerjisinin dörddə biri işıqlandırmaya
sərf olunduğundan LED texnologiyası planetimizin enerji
ehtiyatlarının qorunmasını təmin edir",- Nobel
Komitəsinin bəyanatında qeyd olunur.
Tələbələrlə görüşündə İsamu Akasaki heç vaxt bu cür
yüksək ada layiq olduğunu düşünmədiyini etiraf edib.
"Mən heç vaxt uğur və ya uğursuzluq barədə düşünməmişəm,
sadəcə vacib bildiyim işi görmüşəm",-deyə İ.Akasaki
bildirib. O, tələbələrə görmək istədikləri işlə məşğul
olmağı tövsiyə edib.
***
İsveç Kral Elmlər Akademiyası oktyabrın 8-də
kimya üzrə 2014-cü ilin Nobel mükafatı
laureatlarının adlarını açıqlayıb. İsveç Nobel
Mükafatları Komitəsinin açıqlamasında bildirilib ki,
kimya üzrə ali elmi mükafata "flüoressensiya
mikroskopiyanın inkişafı üçün super-həll" təklif
etdiklərinə görə amerikalı Eric Betzig, Uilyam E.
Moerner və Almaniya alimi Stefan W.Hell layiq
görülüblər. Məlumatda qeyd olunur ki, alimlərin
tədqiqatları mikroskopiyanı nano zərrəciklər
səviyyəsinə gətirib çıxarıb. Onlar flüoressens
molekulların köməyi ilə mövcud dəqiqlik həddini
keçiblər. Flüoressens mikroskopiya üzvü və qeyri-üzvü
maddələrin strukturunun şəklini flüoressensiya,
işıqlanma ilə çəkməkdir. Bu üsul tibdə, ərzaq
sənayesində mikrokimyəvi analiz zamanı geniş istifadə
olunur. Flüoressent mikroskoplar optik və elektron
mikroskoplardan sonra yeni nəsil qurğulardır. Bu
mikroskop çox kiçik miqyaslarda müxtəlif hüceyrələrin
quruluşunu öyrənməyə kömək edir. Təsvirlər lazer
vasitəsi ilə oyanıqlı vəziyyətə gətirilmiş molekul və
atomların lümensasiyasından istifadə etməklə əldə
olunur. Məsələ ondadır ki, elektron mikroskoplar
canlı hüceyrələri və ya onların daxilində gedən
prosesləri öyrənməyə imkan vermir. Məhz bu məqamda
adları çəkilən nobelçi alimlərin yaratdıqları
flüoressent mikroskoplar köməyə gəlir. Bu cihazlar
canlı orqanizmlərdə ayrı-ayrı strukturları görməyə,
zülalların quruluşunu, molekulyar prosesləri öyrənməyə,
DNK strukturunu oxumağa imkan verir.
***
İsveç Kral Elmlər Akademiyası oktyabrın 9-da
ədəbiyyat üzrə 2014-cü ilin Nobel mükafatı
laureatının adını açıqlayıb. Akademiyanın qərarı ilə
ədəbiyyat sahəsində mükafata müasir fransız yazıçısı
və ssenarist 69 yaşlı Patrik Modiano layiq görülüb.
Nobel Mükafatları Komitəsinin açıqlamasında yazıçının
"inanılmaz insan talelərini sənətə gətirdiyi və
insan həyatını dərindən təsvir etdiyi" qeyd edilib.
***
Qeyd edək ki, oktyabrın 10-da sülh, 13-də
iqtisadiyyat üzrə qaliblərin adları açıqlanacaq.
Bununla da İsveçdə Nobel həftəliyi başa çatacaq.
2014-cü ilin laureatlarının mükafatlandırılması
mərasimi, hər il olduğu kimi, dekabrın 10-da Alfred
Nobelin anım günündə keçiriləcək. Qaliblərə mükafatın
təsisçisinin əksi təsvir olunmuş qızıl medal, diplom və
8 milyon İsveç kronu və ya 1,2 milyon ABŞ dolları
məbləğində pul mükafatı veriləcək.
Tibb və fiziologiya üzrə laureatlar |
Con O’Keefe
ABŞ, eyni zamanda Böyük Britaniya vətəndaşlığına
malikdir. 1939-cu ildə ABŞ-ın Nyu-York
şəhərində anadan olub. Nyu-York Universitet
Kollecini və Kanadanın Makginli Universitetini
bitirib. 1969-cu ildə Kanadanın Makginli
Universitetində fizioloji psixologiya üzrə
doktorluq elmi işini müdafiə edib. Daha sonra
London Universitet Kollecində fiziologiya
doktoru kimi fəaliyyət göstərib. 1987-ci ildə
koqnitiv nevralgiya kafedrasının professoru
təyin olunub. Con O’Keefe
hazırda London Universitet Kollecində
neyronların tədqiqi üzrə Mərkəzin direktorudur.
|
|
May-Britt Moser Norveç vətəndaşıdır. 1963-cü
ildə Norveçin Fosnavag şəhərində anadan olub. O,
gələcək əri Edvard Moser ilə birlikdə Oslo
Universitetində psixologiya elmini öyrənib.
May-Britt 1995-ci ildə neyrofiziologiya üzrə
fəlsəfə doktoru elmi dərəcəsi alıb və fəlsəfə
doktoru kimi Edinburq Universitetində çalışıb.
Daha sonra London Universitet Kollecinə dəvət
olunub. O, 1996-cı ildən Tronheym Texniki və
Təbii Elmlər Universitetində professor olaraq
fəaliyyətə başlayıb. May-Britt Moser hazırda
Tronheym "Neural" Mərkəzinin direktorudur.
|
|
Edvard
Moser Norveç vətəndaşıdır. 1962-ci ildə
Norveçin Olesunn şəhərində anadan olub. 1990-cı
ildə Oslo Universitetini bitirib. 1995-ci ildə
Oslo Universitetində neyrofiziologiya üzrə
doktorluq elmi dərəcəsi alıb. O, həyat yoldaşı
May-Britt Moserlə birlikdə əvvəlcə Edinburq
Universitetinə, sonra isə London Universitet
Kollecinə dəvət alıb. 1996-cı ildə Tronheym
Texniki və Təbii Elmlər Universitetində
fəaliyyətə başlayıb. 1998-ci ildə universitetin
professoru seçilib. O, eyni zamanda Tronheymdə
Kavli İnstitutunda "Neuroscience" İnstitutunun
direktorudur. |
|
Fizika üzrə laureatlar |
|
İsamu
Akasaki Yaponiya vətəndaşıdır. 1929-cu ildə
Yaponiyanın Chiran şəhərində anadan olub.
1952-ci ildə Kiot Universitetini bitirib.
1964-cü ildə Nagoya Universitetində doktorluq
elmi dərəcəsi alıb. Hazırda Nagoya
Universitetində çalışır. |
|
Hiroshi
Amano Yaponiya vətəndaşıdır. 1960-cı ildə
Yaponiyanın Hamamatsu şəhərində anadan olub.
1983-cü ildə Nagoya Universitetini bitirib.
1989-cu ildə Nagoya Universitetində doktorluq
elmi işini müdafiə edib. 1992-ci ilə qədər bu
universitetdə çalışıb. Daha sonra Meidze
Universitetinə dəvət olunub. 2010-cu ildən
Nagoya Universitetində çalışır. |
|
Shuji
Nakamura Amerika vətəndaşıdır. 1954-cü ildə
Yaponiyanın İkata şəhərində anadan olub.
1977-ci ildə Tokuşimo Universitetini bitirib.
1994-cü ildə Tokuşimo Universitetində texnika
elmləri üzrə doktorluq elmi dərəcəsi alıb.
1999-cu ildən ABŞ-ın Santa Barbara ştatındakı
Kaliforniya Universitetinin professorudur.
|
|
Kimya üzrə laureatlar |
|
Eric
Betzig Amerika vətəndaşıdır. 1960-cı ildə
ABŞ-ın Miçiqan ştatındakı Ann-Arbore şəhərində
anadan olub. O, Kaliforniya Texnologiya
İnstitutunu (1983, fizika üzrə), Kornell
Universitetini (1988, tətbiqi fizika və
mühəndislik) bitirib. 1988-ci ildə Kornell
Universitetində fəlsəfə doktoru elmi dərəcəsi
alıb. Hovard Hyuz Tibb Elmi Tədqiqatlar
Mərkəzinə rəhbərlik edir. Virciniya ştat
Universitetinin kimya professorudur. |
|
Stefan
W. Hell Almaniya vətəndaşıdır. 1962-ci ildə
Rumıniyanın Arad şəhərində anadan olub.
Almaniyanın Heydelberq Universitetini bitirib.
1991-ci ildə fizika üzrə doktorluq elmi işini
müdafiə edib. 1996-cı ildən Heydelberq
Universitetinin fizika, 2002 -ci ildən isə Maks
Plank Biofizika İnstitutunun direktorudur.
Nanotexnologiyanın inkişafı sahəsində
işlərinə görə beynəlxalq Kavli medalına (1
milyon dollar) layiq görülüb. |
|
Uilyam
E.Moerner Amerika vətəndaşıdır. 1953-cü ildə
ABŞ-ın Kaliforniya ştatındakı Plezenton
şəhərində anadan olub. Vaşinqton və Kornell
universitetlərində ali təhsil alıb. 1982-ci
ildə fizika üzrə doktor elmi dərəcəsi alıb.
Hazırda Stenford Universitetində kimya və
tətbiqi fizika professoru kimi tədqiqatlar
aparır. |
|
Ədəbiyyat üzrə laureat |
|
Patrik
Modiano Fransa vətəndaşıdır. 1945-ci il iyulun
30-da Fransanın Bulon-Biyankir şəhərində anadan
olub. Parisdəki IV Henrix Liseyində oxuyub.
1968-ci ildən ədəbi yaradıcılıqla məşğuldur. O,
ssenari müəllifi kimi də tanınır. Əsərlərinin
əksəriyyəti avtobioqrafik xarakter daşıyır və
ya İkinci Dünya müharibəsi illərində Fransanın
işğalına həsr olunub. Əsərləri bir sıra dünya
dillərinə tərcümə olunub və əsasında filmlər
çəkilib. 2000-ci Kann kino festivalının münsifi
olub. "Ulduz meydanı", "İtmiş adamlar", "Gecə
gözətçisi", "Ailə xronikası", "Kədərli villa"
və başqa əsərlərin müəllifidir. P.Modiano
bundan əvvəl Avstriyanın "Avropa Ədəbiyyatı"
Dövlət Mükafatına (2012), Fransanın ən nüfuzlu
ədəbi ödülü olan Goncourt Mükafatına (1978) da
layiq görülüb. |
Hazırladı: Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |