Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

Azərbaycan Müəllimlər İnstitutunda xarici mütəxəssislər tərəfindən təlim keçirilib

 

Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) "Davranış pozuqluğu olan uşaqların inkişaf problemləri" mövzusunda xarici mütəxəssislər tərəfindən təlim keçirilib. Uşaq İnkişafı üzrə ictimai araşdırmalar mütəxəssisi, Los Anceles, Kaliforniya ştatında Uşaq, Ailə və Sağlam Ünsiyyət Mərkəzinin əməkdaşı Şarlen Coakim və norveçli mütəxəssis, ailə və uşaq həkimi-məsləhətçi Stevn Stonehaus tərəfindən keçirilmiş təlimdən əvvəl xarici və yerli qonaqlar institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı xarici mütəxəssisləri qəbul edərək qonaqlara institut haqqında məlumat verib, ölkəmizdə inklüziv təhsilin inkişafına dövlət qayğısından danışıb. Rektor vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə təhsil, eləcə də sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili xüsusi əhəmiyyətə malik məsələlərdən biri olub. İnklüziv təhsil hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir. Xarici mütəxəssislərə institutda fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində  bu istiqamətdə görülən işlər, keçirilən konfranslar, hazırlanan metodik vəsaitlər, regionlarda aparılan təlimlər barədə ətraflı məlumat verilib.

Qonaqlar da öz ölkələrinin bu sahəyə dair təcrübəsindən, tədqiq etdikləri sahənin əhəmiyyətindən danışıblar.

Sonra Şarlen Coakim tərəfindən dörd saat davam edən təlim keçirilib. Təlimdə institutun əməkdaşları və dəvət olunmuş mütəxəssislər, o cümlədən SHAİB-in sədri, professor Mayis Əliyev və təşkilatın layihə koordinatoru Ülvi Əliyev, "Loqos" Uşaq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, mərkəzin mütəxəssisi Gülnarə Məmmədova, "Ailə psixoloqu" psixoloji xidmət və təlim mərkəzinin psixoloqu Südabə İsgəndərova və digər qonaqlar da iştirak ediblər.

Təlimdə xüsusi qayğıya ehtiyacı olan uşaqların problemli davranışlarından bəhs olunub, bu davranışları yaradan səbəblər araşdırılıb, valideynlərin onlarla  necə davranmalı, necə danışmalı, problemləri necə korreksiya etməli olduqları barədə fikir mübadiləsi aparılıb, iştirakçılara problemli davranışlar barədə film nümayiş etdirilib. Aparılan müzakirələr bu qənaətə gəlməyə imkan verib ki, uşağın ən yaxın tərbiyəçisi, müəllimi valideyn olmalıdır. Deməli, bu problemlər barədə birinci növbədə valideynlərlə maarifləndirmə işi aparılmalıdır.

Tədbir zamanı xarici mütəxəssislər iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Daha sonra xarici qonaqlar institutda yaradılmış İnklüziv Təhsil Mərkəzində görülmüş işlərlə yaxından tanış olublar. 

Mətbuat və informasiya xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov