Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin X sinif
şagirdi Nərmin Heydərova ilə söhbət
22
yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub. Atası
iqtisadçı, anası rus dili müəllimidir. 2005-2006-cı
illərdə Bakıdakı F.Rzayev adına 150 nömrəli tam orta
məktəbdə təhsil alıb. 3-cü sinifdən təhsilini 132-134
nömrəli təhsil kompleksində davam etdirməyə başlayıb.
Hazırda həmin məktəbin 10 "b" sinfində oxuyur, sinif
nümayəndəsidir. Kiçik yaşlarından incəsənətin bir çox
sahələri ilə də maraqlanır. Fortepiano sahəsində
uğurları da olub. Özünün dediyinə görə indi müxtəlif
mövzularda şəkillər çəkməyi xoşlayır. Ailədə özündən
başqa bir qardaşı var ki, o da Azərbaycan Turizm
İnstitutunun tələbəsidir.
Nərminlə tanışlığımızın müddəti əslində o qədər də çox
deyil. Onunla ilk ünsiyyətimiz bu yaxınlarda
şagirdlərin mütaliəsi ilə bağlı apardığımız araşdırma
zamanı olub. Nərmin suallarımıza məntiqli, eyni zamanda
özünəməxsus cavabları, ən əsası pozitivliyi ilə bizdə
özünə qarşı diqqət və maraq oyatmışdı. Dərs əlaçısı və
sinif nümayəndəsi olan bu gənc qızla daha yaxından tanış
olmaq, şagird kimi keçirdiyi təhsil həyatının əsas
məqamları, maraq dünyası ilə bağlı onunla söhbətimiz,
düşünürük ki, oxucularımız üçün də maraqlı olar.
"Səhərimi idmanla açıram"
- Günümü planlaşdırmağı mənə kiçik yaşlarımdan anam
öyrədib, buna görə ona minnətdaram. Düşünürəm ki, hər
bir şagird gününü nə qədər uğurlu planlaşdırarsa, bir o
qədər də dərslərində nailiyyətlər əldə edər. Mən də
günümü özüm üçün belə planlaşdırmışam: Səhərimi idmanla
açır, səhər yeməyindən sonra məktəbə gedirəm. Şanslıyam
ona görə ki, məktəblə yaşadığım ev arasındakı məsafə
çox qısadır və bu da mənə məktəbə vaxtında və rahat
şəkildə gəlib çatmağa imkan verir. Məktəbdə olduğum bir
neçə saatı səmərəli keçirməyə çalışıram. Sinifdə
müəllimlərimizlə keçilən dərslərin mövzusuna uyğun
maraqlı debatlar təşkil edirik, yoldaşlarımla birlikdə
müzakirələr aparırıq. Dərs prosesində "sakit bir şagird"
obrazında olmağı xoşlamıram, əksinə, öyrəndiklərimi və
bildiklərimi nümayiş etdirməyə can atıram,
müəllimlərimlə fikirlərimi paylaşıram. Dərslərim
bitdikdən sonra evə gəlib bir qədər dincəlirəm. Sonra
seçdiyim ixtisas qrupu üzrə əlavə hazırlığa gedirəm.
Axşam isə məktəbdə müəllimlərimiz tərəfindən verilən ev
tapşırıqlarını yerinə yetirməyə başlayıram. Mənim üçün
ən vacib məhz dərslərimə yüksək səviyyədə
hazırlaşmaqdır. Çalışıram ki, hər zaman dərslərimə
hazırlıqlı olum, müəllimlərimin mənə olan etimadını
doğruldum. Bilirsiniz, istər məktəbdəki dərslərə
hazırlıq, istərsə də ali məktəbə qəbulla bağlı əlavə
hazırlıq mənim son nəticədə mükəmməl təhsil almağıma
şərait yaradır. Həftənin demək olar ki, 5 gününü bu
rejimə uyğun qururam. Dərs günləri ərzində əsasən günüm
monoton olaraq təkrarlanır.
Bütün fənləri sevirəm və dərslərimə fərq qoymadan eyni
səviyyədə hazırlaşır və bundan zövq alıram. Bunun üçün
ilk növbədə müəllimlərimə minnətdaram ki, onlar mənə
tədris etdikləri fənlərə qarşı maraq yaradıblar. Ən çox
sevdiyim fənlər riyaziyyat və ingilis dilidir.
İnsan məqsədinə çatmaq üçün mütləq əziyyət çəkməlidir.
Mənim də hədəflərim var. Məktəbi qızıl medalla bitirərək
ali məktəblərə qəbul imtahanlarında maksimum nəticə -
700 bal toplayıb arzuladığım "ADA" Universitetinin
beynəlxalq münasibətlər fakültəsinə daxil olmaq
istəyirəm.
Təkcə dərsə hazırlıqlı olmağımla kifayətlənmir, bununla
işimi bitmiş hesab etmirəm. Məktəbin ictimai işlərində
də fəal olmağa çalışıram. Mütəmadi olaraq mütaliə ilə
məşğul olduğumdan deyilənə görə gözəl diksiyaya, nitqə
malikəm. Bir çox tədbirlərdə çıxıslarım olub. Artıq neçə
illərdir bilik və bacarığımı məktəblilərin fənn
olimpiadasında sınayıram. Riyaziyyat, Azərbaycan dili və
ədəbiyyat, ingilis dili fənləri üzrə I, II, III yerləri
tutmuşam. Bu ilin 3 may tarixində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti
ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində
keçirilən VII İntellekt Olimpiadasında I yerə layiq
görülmüşəm. Daha sonra Bakı Slavyan Universitetində
təşkil olunan konfransda "Heydər Əliyev və müasir
tariximiz" mövzusunda elmi tezislərlə çıxış etmişəm.
"Musiqiyə qulaq asarkən özümü tamamilə dincəlmiş hiss
edirəm"
- Ailəmizdə valideynlərimin müxtəlif sahələrlə
maraqlanmaları mənim də hər zaman diqqətimi çəkib.
Məsələn, atamın fortepianoda gözəl ifa etməsi məndə də
həmin alətdə çalmağa maraq yaradıb və məhz bundan sonra
musiqiyə çox vaxt ayırmağa başladım. Bu gün mən
musiqisiz yaşaya bilmərəm. Çünki musiqiyə qulaq asarkən
özümü tamamilə dincəlmiş hiss edirəm.
Dil öyrənməyə marağım isə anamdan keçib. İxtisasca rus
dili müəllimi olması mənim bu dili mükəmməl bilməyim
üçün təkan olub. Bundan başqa ingilis, fransız, ərəb
dillərini bilirəm. Hazırda qardaşımdan ispan dilini
öyrənməyə çalışıram.
Təsviri incəsənətə marağım isə tamamilə öz içimdən
gəlir. Rəsmlə kiçik yaşlarımdan məşğul oluram. Bir çox
sərgilərdə iştirak edərək müvəffəqiyyət qazanmışam.
Mənim üçün bunlardan ən yaddaqalanı 2011-ci ildə
Çexiyada keçirilən sərgidə nümayiş etdirdiyim rəsm əsəri
idi. Təqdim etdiyim rəsm əsərində Azərbaycanın milli
ornamentlərindən biri olan butadan istifadə edərək qədim
musiqi alətlərimizin və tarixi abidələrimizin təsvirini
vermişdim. Həmin əsər o zaman III yerə layiq görüldü.
"Kinoteatra getməyi sevirəm"
- Dünyagörüşümü artırmaq və öz həyatımı yaşamaqdan da
geri qalmamaq üçün isə həftəsonunu tamamilə özümə
ayırır, əsasən kinoteatra getməyi sevirəm. Sevdiyim
janrda və ya xoşladığım aktyor, aktrisaların filmlərini
böyük həvəslə izləyirəm. Hər bir gənc kimi mən də
alış-veriş etməyi sevirəm və dəbdən geri qalmamağa
çalışıram.
Atamla axşamlar Dənizkənarı Milli Parka gəzməyə çıxırıq.
Anamla isə tamam fərqli münasibətdəyik, sanki
rəfiqəyik. Demək olar ki, hər anımı onunla keçirirəm. O
mənim idealımdır, ilham qaynağımdır.
Özümə dayaq və nümunə kimi yaşca məndən böyük qardaşımı
görürəm. Onunla maraqlarımız demək olar ki, eynidir:
birlikdə futbola gedərək oyunları izləyirik.
"Bu arzu məndə tam məqsədə çevrilib"
- Gələcəkdə millət vəkili olmaq üçün namizədliyimi irəli
sürəcəyəm.
Bu fikirə ilk gəldiyim günü indiyə kimi xatırlayıram.
3-cü sinifdə oxuyurdum, qış ayları idi. Televizorda
ümummilli lider Heydər Əliyevin millət vəkilləri ilə
görüşünü seyr edirdim. Həmin görüşdə qadın millət
vəkillərimizin azad söz haqqının olması ilə bağlı öz
fikirlərini tamamilə sərbəst şəkildə bildirmələri, ulu
öndərin onları diqqətlə dinləməsi mənim marağıma səbəb
oldu. Bir anlıq özümü onların arasında hiss etdim və
dedim, məhz bura mənim yerimdir - Milli Məclis! Bəlkə də
bu çoxlarına qəribə gələ bilər. Həmin yaşda olan
uşaqlar adətən həkim, polis və ya müəllim olmaq istəyir.
Mən isə tam fərqli olaraq deputat olmaq istəyimi dilə
gətirdim. O gündən artıq illər keçib, lakin mən uşaqlıq
arzumdan vaz keçməmişəm. Zamanla bu arzu məndə tam
məqsədə çevrilib.
Mənim üçün hələlik əlçatmaz olan istəyimin gələcəkdə
reallaşacağına ümidvaram.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |