Oktyabrın 9-da Bakı Slavyan Universitetində Misir
Mədəniyyəti Günü keçirilib. Tədbiri giriş sözü ilə açan
ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev
qonaqları salamlayaraq, universitetdə ərəb dili və
mədəniyyətinə olan böyük marağın olduğunu söyləyib.
Bildirilib ki, BSU-da Avropa ölkələri ilə yanaşı, Şərq
ölkələrinin mədəniyyəti və dilləri yüksək səviyyədə
tədris olunmaqdadır. Hazırda bu universitetdə ərəb dili
müəyyən qruplarda tədris edilir. Ərəb dilinin tədrisi
istiqamətində təhsil proqramlarının gələcəkdə daha da
genişləndiriləcəyini vurğulayan rektor, tədbir
iştirakçılarına Qətər, İraq, Liviya, Səudiyyə
Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş,
Fələstin Muxtariyyəti səfirliklərinin nümayəndələrini
təqdim edib.
Misir Ərəb Respublikasının Azərbaycandakı müvəqqəti
işlər üzrə vəkili Haitham Galal çıxış edərək son 15 ildə
Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət
Mərkəzinin gördüyü işlərdən bəhs edib.
Tədbirdə, həmçinin Misir Mədəniyyət Mərkəzinin müdiri Dr.
Ahmed Sami Elaydy, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat
İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru,
professor İmanverdi Həmidov, Azərbaycan Dillər
Universitetinin professoru Məhəmməd Teymur çıxışlarında
belə tədbirlərin təşkilinin həm Azərbaycan, həm də ərəb
mədəniyyətlərinin qarşılıqlı təması, dünyada geniş
yayılması üçün əhəmiyyətini qeyd ediblər.
Tədbir Misir Ərəb Respublikasının Ərəb Musiqisi Ali
İnstitutu, Bakı Musiqi Akademiyası, Azərbaycan Dillər
Universiteti, Bakı Slavyan Universiteti tələbələrinin
özfəaliyyət dərnəklərinin Azərbaycan və ərəb dillərində
hazırladıqları musiqi nömrələrindən ibarət konsert
proqramı ilə davam etdirilib. Tədbir çərçivəsində
universitetin akt zalında Misir mədəniyyətini əks
etdirən maraqlı sərgi nümayiş olunub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |