Oktyabrın 3-də Gəncə Dövlət Universitetində 5 oktyabr
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir
keçirildi. Professor-müəllim, tədris-köməkçi, tələbə
heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan
tərbiyə işləri üzrə prorektor Asif Cavadov müqəddəs peşə
sahiblərini Müəllimlər Günü münasibətilə təbrik etdi.
Tədbir iştirakçılarına Beynəlxalq Müəllimlər Günü
münasibəti ilə xoş arzularını bildirən universitetin
rektoru, professor Yusif Yusibov 5 oktyabr tarixinin
həyatımızın əlamətdar günlərindən biri olduğunu,
cəmiyyətin formalaşmasında fədakarlıqla çalışan
müəllimlərimizin peşə bayramının ənənəvi olaraq hər il
respublikamızda təntənə ilə qeyd edildiyini bildirdi.
Müəllim əməyinin dövlətimiz tərəfindən daim yüksək
qiymətləndirildiyindən və bu qayğının bünövrəsinin ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmasından bəhs edən
rektor dedi:
- Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik
etdiyi bütün dövrlərdə müəllimlərə daim hörmətlə
yanaşmış, onların maddi rifahının yaxşılaşdırılması üçün
qayğı göstərmişdir. Ulu öndər deyirdi: "Bizim hər
birimizin qəlbində müəllimlərimizin hərarəti yaşayır.
Mən yer üzündə müəllimdən yüksək ad tanımıram".
Qeyd edildi ki, respublikamızda yenidən inşa olunan
saysız-hesabsız orta məktəb binalarının, ali təhsil
ocaqlarının istifadəyə verilməsi dövlətimizin təhsilə
olan yüksək qiymətinin nəticəsidir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə aparılan təhsil islahatı milli
təhsilimizin inkişafında mühüm əhəmiyyət kəsb edir.
GDU AHİK-in sədri Afaq Qasımova çıxış edərək 21 nəfər
qabaqcıl müəllimə pul mükafatını, 4 müəllimə isə
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Komitəsinin fəxri fərmanını təqdim etdi.
Sonra universitet rektorluğu tərəfindən 28 nəfər müəllim
fəxri fərmanla, 31 müəllim isə "Təşəkkür"lə təltif
olundu.
Bayram tədbiri "Göygöl" mahnı və rəqs ansamblının
üzvlərinin rəngarəng mahnı çələngi ilə davam etdi.
Ümbülbanu HACIYEVA,
GDU-nun Mətbuat şöbəsinin müdiri |