| 
						
						
						 Təhsil 
						nazirinin müavini Firudin Qurbanov Belarusun paytaxtı 
						Minsk şəhərində MDB dövlətlərinin müəllim və təhsil 
						işçilərinin üçüncü qurultayında iştirak edib. 
						
						500-dək nümayəndənin iştirak etdiyi qurultayda Belarusun 
						dövlət başçısı adından Belarus Respublikası Prezidenti 
						Administrasiyası rəhbərinin birinci müavini A.Radkov 
						iştirakçıları salamlayıb. 
						
						Təhsil nazirinin müavini F.Qurbanov həmçinin qurultay 
						çərçivəsində MDB-nin üzvü olan dövlətlərin təhsil 
						sahəsində əməkdaşlıq üzrə Şurasının iclasında müşahidəçi 
						qismində iştirak edib. İclasda 2016-cı ilin "Təhsil ili" 
						elan olunmasının MDB məkanında təhsilin inkişafı və bu 
						sahədə əməkdaşlığın genişləndirilməsində xüsusi 
						əhəmiyyəti vurğulanıb, habelə növbəti iclasın 
						keçirilməsi ilə bağlı müzakirələr aparılıb. 
						
						Səfər çərçivəsində F.Qurbanov Belarusun təhsil naziri 
						S.Maskeviç, habelə bir sıra aparıcı ali təhsil 
						müəssisələrinin rəhbərləri, o cümlədən Belarus Dövlət 
						Universitetinin rektoru S.Ablameyko, Maksim Tank adına 
						Belarus Dövlət Pedaqoji Universitetinin rektoru A.Juk və 
						Peşə Təhsili üzrə İnstitutun rektoru A.Şklyar ilə 
						görüşüb və səmərəli fikir mübadiləsi aparıb. 
						
						F.Qurbanov Peşə Təhsili üzrə İnstitutun rektoru A.Şklyar 
						ilə görüşdən sonra bu təhsil müəssisəsinin tikinti, 
						maşınqayırma və avtomobil təmiri resurs mərkəzlərində 
						olub. Burada iki ölkə arasında bu sahədə gələcək 
						əməkdaşlıq məsələləri müzakirə edilib. 
						
						Bununla yanaşı, nazir müavini F.Qurbanov Maksim Tank 
						adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində 
						fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti 
						Mərkəzində də olub və universitetin tələbə və 
						müəllimləri ilə görüşüb. 
						
						Həmin görüşdə həmçinin Azərbaycanın Belarusdakı səfiri 
						İsfəndiyar Vahabzadə də iştirak edib. Nazir müavini 
						F.Qurbanovun və səfir İ.Vahabzadənin həmin tədbirdə 
						geniş məzmunlu çıxışları görüş iştirakçıları tərəfindən 
						maraqla qarşılanıb. 
						
						F.Qurbanov həmin universitetin önündə qoyulmuş "Mənim 
						birinci müəlliməm" abidəsinin açılışında iştirak edib. 
						Abidənin açılışına Belarus Respublikası Baş nazirinin 
						müavini A.Tozik də qatılıb. |