Oktyabrın 3-də BMT-nin İnkişaf Proqramının rəhbəri xanım
Helen Klark "ADA" Universitetində "2015-ci ildən sonrakı
inkişaf gündəliyi və qlobal dayanıqlı inkişaf
məqsədləri" üzrə mühazirə oxuyub.
AzərTAc xəbər verir ki, müvafiq qurumların, QHT
təmsilçilərinin, Bakıdakı diplomatik korpusun
nümayəndələrinin, tələbələrin iştirakı ilə keçirilən
tədbiri giriş sözü ilə "ADA" Universitetinin rektoru
Hafiz Paşayev açaraq Azərbaycan Prezidenti İlham
Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən
danışıb. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının əhəmiyyətini diqqətə çatdıran H.Paşayev
"ADA" Universiteti haqqında məlumat verib və bugünkü
tədbirin faydalı olacağına əminliyini vurğulayıb.
Sonra xanım Helen Klarkın mühazirəsi dinlənilib. Qonaq
BMT-nin İnkişaf Proqramından və onun uğurlarından bəhs
edib. Dünyanın ayrı-ayrı ölkələrinin sosial-iqtisadi
inkişafına, təhlükəsizlik məsələlərinə toxunan H.Klark
qlobal dayanıqlı inkişaf məqsədlərindən danışıb, tərəqqi
üçün bu sahədə ölkələr arasında müsbət təcrübələri
bölüşməyin, həmçinin sülh və əmin-amanlığın, ətraf
mühitin qorunmasının vacibliyini diqqətə çatdırıb.
BMT ilə Azərbaycanın əməkdaşlığının səmərə verdiyini
vurğulayan qonaq respublikamızın inkişaf edən ölkə
olduğunu söyləyib. Bildirib ki, Azərbaycan da müxtəlif
sahələrdə öz təcrübəsini digər ölkələrlə bölüşə bilər.
H.Klark "Minilliyin inkişaf proqramı" barədə məlumat
verərək qeyd edib ki, proqramın məqsədi yoxsulluğun
azaldılması, səhiyyə sisteminin yaxşılaşdırılması,
təhsilin keyfiyyətinin artırılması və gender
bərabərliyidir.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb. |