Oktyabrın
3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Xırdalan şəhərində şahmat məktəbinin açılışında iştirak
edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Son vaxtlarda Xırdalanda tikilən sosial təyinatlı
obyektlərdən biri də şahmat məktəbidir. Bu məktəbdə də
yüksək şərait yaradılıb, balacaların şahmatın sirlərinə
yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb. Bütün
bunlar Prezident İlham Əliyevin "Azərbaycanda şahmatın
inkişaf etdirilməsi haqqında" Sərəncamı və "2009-2014-cü
illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair
Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilib.
Yaradılan şərait şahmatçılarımızın beynəlxalq yarışlarda
möhtəşəm qələbələr qazanmasına, yüksək nəticələr əldə
etməsinə imkan verib. Şübhəsiz ki, bu məsələdə
Xırdalanda inşa olunan şahmat məktəbinin öz yeri olacaq.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın
inkişafı ilə bağlı xidmətlərinə həsr olunan fotoguşə
yaradılıb.
Şahmat məktəbində yaradılan şəraitlə tanış olan
dövlətimizin başçısına məlumat verildi ki, burada məşq
otaqları və digər əlavə otaqlar var. Otaqlardakı
kompüterlər xüsusi şahmat proqramları ilə yüklənib.
Şahmat məktəbi müasir maddi-texniki baza ilə təchiz
edilib. Məktəbdə yarış zalı da var. Burada şahmatla
peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri
əyani vəsaitlər mövcuddur.
Prezident İlham Əliyevə məlumat verildi ki, məktəbin
əsas vəzifəsi idmanın bu intellektual növünün
kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli
təşkilini təmin etməkdir.
AzərTAc |