2012/2013-cü
tədris ilindən etibarən ilk dəfə olaraq respublikanın
ümumtəhsil məktəblərinin V siniflərində ikinci xarici
dilin (ingilis, rus, fransız, alman və s.) tədrisinə
başlanmışdır. Təhsil Nazirliyinin sifarişinə əsasən
Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutunda bu fənləri tədris edən müəllimlərə metodik
köməklik məqsədilə ingilis, rus, fransız və alman
dillərinin tədrisinə dair V-VII siniflər üzrə 4 adda
(Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün
ikinci xarici dil fənn kurikulumunun tətbiqinə dair
tövsiyələr. İngilis dili. V-VII siniflər. Bakı, 2014;
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün
ikinci xarici dil fənn kurikulumunun tətbiqinə dair
tövsiyələr. Rus dili. V-VII siniflər. Bakı,2014;
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün
ikinci xarici dil fənn kurikulumunun tətbiqinə dair
tövsiyələr. Fransız dili. V-VII siniflər. Bakı, 2014;
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün
ikinci xarici dil fənn kurikulumunun tətbiqinə dair
tövsiyələr. Alman dili. V-VII siniflər. Bakı, 2014)
metodik tövsiyə hazırlanmış və vəsait şəklində çap
olunmuşdur.
Metodik tövsiyələr giriş, məzmun standartları, illik və
gündəlik planlaşdırma nümunələri, qiymətləndirmənin
aparılmasına dair nümunələr və istifadə olunmuş
ədəbiyyat siyahısından ibarətdir. Girişdə ümumtəhsil
məktəblərində ikinci xarici dil fənninin tədrisinə
verilən tələblər, onun təşkili prinsiplərindən
danışılır.
Birinci hissədə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu ildə təsdiq etdiyi "Ümumi təhsil
pilləsinin dövlət standartları və proqramları
(kurikulumları)"na əsasən hazırlanmış və təsdiq olunmuş
ikinci xarici dil fənn kurikulumunun V-VII siniflər üzrə
məzmun standartları verilmişdir.
İkinci hissədə müəllimlərə kömək məqsədilə siniflər üzrə
illik və gündəlik planlaşdırma nümunələri öz əksini
tapmışdır.
Üçüncü hissədə isə yeni qiymətləndirmə mexanizmlərinə
uyğun olaraq şagird nailiyyətlərinin məktəbdaxili
qiymətləndirilməsinin formativ və summativ növlərinə
dair nümunələr verilmişdir.
Təhsil Problemləri İnstitutunun
Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi |