Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 

İbtidai sinif müəlliminin qabaqcıl iş təcrübəsi öyrənilib

 

Böyütmək üçün şəkili seçinQabaqcıl təcrübənin öyrənilməsi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının metodiki iş sistemində əsas istiqamətlərdən sayılır. Filialın dislokasiyasına daxil olan rayon və şəhərlərin ümumtəhsil müəssisələrində qarşılıqlı dərsdinləmələri, "açıq dərs"lərin təşkili məhz qabaqcıl təcrübənin müəyyənləşdirilməsi, öyrənilməsi və tətbiqi işinə xidmət edir.

 AMİ-nin Mingəçevir filialının təşəbbüsü, Mingəçevir Şəhər Təhsil Şöbəsinin razılığı və tövsiyəsi ilə qabaqcıl təcrübənin daha bir ünvanı müəyyənləşdirilmişdir: Mingəçevir şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin ibtidai sinif müəllimi Jalə Aftandil qızı Hüseynova.

AMİ-nin Mingəçevir  filialının əməkdaşları 2013-2014-cü tədris ilində Jalə Hüseynovanın  iş təcrübəsini öyrənmişlər. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoryanı şurasında Jalə Hüseynovanın qabaqcıl iş təcrübəsi geniş müzakirə edilmiş və yayılması tövsiyə olunmuşdur.

Jalə Hüseynova 1982-ci ildə Mingəçevir şəhərində anadan olub. 1998-ci ildə Mingəçevir şəhər  10 nömrəli orta məktəbi bitirib, elə həmin il də Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisasına qəbul olunub. Əmək fəaliyyətinə təhsil aldığı 10 nömrəli orta məktəbdə başlayıb, 2011-ci ildən Mingəçevir şəhər təbiət-riyaziyyat və humanitar təmayüllü liseydə sinif müəllimi işləyir. Gənc müəllim pedaqoji fəaliyyətə böyük həvəs və yaradıcılıq ruhu ilə başlayıb. Uğurları ilə valideynlərin hörmətini, tədris idarəetmə qurumlarının diqqətini cəlb edib.

Jalə Hüseynovanın bütün dərsləri şagirdlərin fəal iştirakı ilə canlı və maraqlı keçir. Buna səbəb müəllimin elmi və pedaqoji hazırlığı ilə yanaşı, həm də dərsdə yeni metod və üsullardan, əyani vəsaitlərdən düzgün və səmərəli istifadə etməsidir.

Jalə müəllim təhsildəki yenilikləri, yeni təlim texnologiyalarını, kurikulumun tələblərini, müxtəlif treninqlərdə əldə etdiyi bilikləri öz pedaqoji fəaliyyətinə uğurla tətbiq edir. Onun təcrübəsində diqqəti cəlb edən əsas cəhət informasiya-kommunikasiya texnologiyaları ilə işə daha çox önəm verməsidir. Jalə müəllim deyir ki, dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə şərtlənir. Tədris zamanı texniki vasitələrdən istifadə məzmunun daha tez qavranılmasına kömək edir. Bu cür dərslər şagirdlər tərəfindən maraqla qarşılanır, asan mənimsənilir. Dərsin motivasiya ilə başlanması şagirdlərdə maraq oyatmaqla bərabər, idrak qabiliyyətini yüksəldir, fəallığı artırır. Şagirdlər lövhəyə çıxıb müəllimin tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. Müxtəlif təqdimatlar nümayiş etdirmək, kompüter və proyektorlardan istifadə  Jalə Hüseynovanın dərslərini daha səmərəli və rəngarəng edir.

Jalə müəllimin dərsləri şagirdlərə sərbəst düşüncə vərdişləri aşılayır, düşünməyi öyrədir. Jalə Hüseynovanın tədris prosesindəki uğurları aşağıdakı məqamlarda özünü göstərir:

-  dərsin mərhələlərinin əvvəlcədən düzgün planlaşdırılması;

-  dərsin tipindən asılı olmayaraq təlimin öyrədici, tərbiyəedici və inkişafedici məqsədlərinin düzgün müəyyənləşdirilməsi;

-  iş forması, təlim üsulu və resurslardan bacarıqla istifadə olunması;

-  motivasiya mərhələsinin üç əsas yolundan istifadə;

-  tədqiqatın aparılması;

-  informasiya mübadiləsi;

-  informasiyanın müzakirəsi və təşkili;

-  nəticənin çıxarılması;

-  produktiv (yaradıcı) tətbiqetmə;

-  qiymətləndirmə və refleksiya və s.

Yaradıcı axtarışlara xüsusi önəm verən Jalə müəllim qeyd edir ki, ibtidai siniflərdə şagirdlərin qiymətləndirilməsində ən yaxşı vasitələrdən biri sözdür. Verbal (sözlə) aparılan qiymətləndirmə şagirdlər üçün maraqlıdır. Azyaşlı uşaqlar təriflənməyi, alqışlanmağı xoşladıqları üçün sözlə qiymətləndirmə onların fəallığını daha da artırır. Nəticədə şagirdlərin özünə inamı güclənir. 

Jalə Hüseynova zəhmətlə dolu mənalı bir müəllim ömrü yaşayır. Uşaqlara qayğı, onların təlim və tərbiyəsi gənc müəllimin həyatının mənasını təşkil edir. Onun ən böyük mükafatı şagirdlərin ona olan məhəbbətidir.

Bilik xəzinəsinə gedən yollar dərsdən başlayır. Dərsin yüksək səviyyədə təşkili isə müəllim fəaliyyəti ilə bağlıdır. Bu həqiqəti yaxşı bilən Jalə Hüseynova heç vaxt biliyi ilə kifayətlənmir, dövrün tələblərinə uyğun olaraq daim mütaliə edir, axtarır, elmi-pedaqoji fəaliyyətini yüksəltmək qayğısına qalır. Çalışır ki, gələcəyin qurucuları olan şagirdlər yüksək savad və intellektə sahib olsunlar.  

Namaz MANAFOV,
AMİ-nin Mingəçevir filialının xarici dillər kafedrasının müdiri, dosent, 

Səhyəddin MƏMMƏDOV,
Əlavə təhsilə metodiki xidmət kabinetinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov