Müasir dərs bu gün müəllimdən fəal təlim mühiti
yaratmağı, şagirdlərə bilikləri müstəqil şəkildə əldə
etməyi, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, problemli
situasiyalardan çıxıs yolu tapmaq kimi bacarıqlar
formalaşdırmağı tələb edir. Ənənəvi dərsdən fərqli
olaraq müasir dərsin tələbləri şagirdlərin idrak
fəaliyyətinin formalaşmasına yönəldilir. Mən də dərs
dediyim siniflərdə fəal təlimin üsullarından istifadə
etməyə çalışıram. Hazırlanan elektron dərs vəsaitləri
əsl təlim mühiti yaradır, dərsin daha yaxsı
mənimsənilməsinə imkan verir. Belə ki, şagirdlər
eşitməklə bərabər dərsi əyani şəkildə görür və bunun
nəticəsində dərsi daha yaxşı yadda saxlayır,
mənimsəyirlər. Dərs zamanı suallar elə qoyulmalıdır ki,
şagirdləri düşünməyə, araşdırmağa sövq etsin.
Araşdırmaq, tədqiqat aparmaq, müzakirə edib
öyrəndiklərini tətbiq etmək vacibdir. Yalnız belə halda
şagird öyrəndiklərini unutmur, daim yadda saxlayır.
Bütün bunları nəzərə alaraq bu sahədə topladığım
təcrübəni bir dərs nümunəsində oxuculara çatdırmaq
istəyirəm.
Fənn: ingilis dili
Mövzu - Televizorun həyatımızda rolu.
Standart:
1.1.2-televiziya proqramlarını şəkillərlə
müəyyənləşdirmək
3.1.1/ 2.1.2-televiziya proqramları haqqında mətni
oxuyaraq qrammatikadan istifadə etmək
2.1.3 - televiziyada olan proqram və kanalları
fərqləndirmək
3.1.4/4.1.1-Mətnə suallar vermək və ən çox sevdiyin
televiziya kanalını təsvir etmək
İş forması: qruplarla iş, fərdi iş
İş üsulu: əqli hücum, müzakirə. BİBÖ
Resurslar: dərslik, iş vərəqləri, kompüter və s.
Təlimin məqsədi.
- şagirdlərdə dinləmə-danışma bacarığını inkişaf
etdirmək.
- televizora baxmağın zərərləri və faydaları haqqında
məlumatlar əldə etmək.
Bildiyimiz kimi, motivasiya fəal təlimdə dərsin mühüm
mərhələsidir.
Motivasiya şagirddə maraq oyatmalıdır. Motivasiya hər
dəfə elə rəngarəng qurulmalıdır ki, şagirddə keçilən
mövzuya qarşı maraq oyatsın. Müxtəlif şəkillərlə
motivasiyanın qoyulması sinifdə canlanma yaradır,
şagirdləri fəallaşdırır və öyrəniləcək mövzuya qarşı
marağı daha da artıraraq fikirləri bu istiqamətə
yönəldir. İKT-dən istifadə etməklə şəkillər nümayiş
etdirilir və şagirdlərə həmin şəkillərə baxıb öz
fikirlərini bildirmələri təklif olunur. Bu üsulla
mövzunun adı şagirdlərdən alındıqdan sonra onlar
televizor haqqında bəzi sualları cavablandırırlar.
1. Televizora gün ərzində nə qədər baxırsınız?
2. Nəyə görə televizora baxmağı xoşlayırsınız?
3. Bütün günü televiziya proqramlarına baxmaq
yaxşıdırmı?
4. Hansı televiziya proqramlarını tanıyırsınız?
5. Televizora çox baxanda özünüzü yorğun hiss
edirsinizmi?
Əqli hücum -tamamilə şagirdlərin fikir
sərbəstliyini təmin edir. Bu zaman bütün qrup hər
hansı problemin həllinə cəlb edilir və səslənən fikir və
təkliflər qeydə alınır. Bu fikirlər nə tənqid olunur, nə
də qiymətləndirilir. Yerinə yetirilən işin sonunda bütün
deyilən fikirlər təhlil edilir və onlar üzərində
düzəlişlər aparılır. Əsas məqsəd beyin həmləsi zamanı
mümkün qədər çox fikir toplamaqdır.
Dərsə başlayarkən və ya öyrənmə prosesi başa çatdıqdan
sonra BİBÖ üsulundan istifadə edirəm. Şagirdlər
keçəcəkləri mövzu haqqında nə bildiklərini, nəyi
öyrənmək istədiklərini əvvəlcədən bildirirlər. BİBÖ
cədvəlində bildikləri I sütunda yazılır.
II sütunda şagirdlər nələri bilmək istədiklərini
müəyyənləşdirirlər.
Öyrənmə prosesinin sonunda isə yeni öyrəndiklərini
göstərərək BİBÖ cədvəlini doldururlar. Burada həm də
şagirdin öyrənmək istədikləri yeni maraqları nəzərə
alınmış olur.
Xarici dilin praktik mənimsənilməsini təmin etmək üçün
tədrisin ilk günlərindən öyrənilən dildə ünsiyyət
qurmağa çalışıram. Ünsiyyət qurmağın, öyrətməyin
səmərəli üsullarından biri də rollu oyunlardır. Bu üsul
xarici dil dərslərində ən səmərəli üsuldur. Rollu
oyunlar nitq fəaliyyətini yaxşılaşdırır, ünsiyyət
vərdişlərini inkişaf etdirir və təlimin praktik yönümünü
təmin edir. Şagirdlər rollu oyun kimi televiziya
haqqında dialoqlar danışırlar. İş cütlüklərlə aparılır.
Rollu oyunlar tətbiq olunan dərslər canlı və emosional
olur, uşaqların yüksək fəallığı ilə keçir.
Sonra şagirdlərə qruplarla bir gün üçün televiziya
proqramı qurmaq və televizorun zərərləri və
faydalarından danışılmaq tapşırılır. Belə qrup halında
tapşırığın yerinə yetirilməsi şagirdlərin bir-biri ilə
əməkdaşlıq etmələrinə və bir-birləri qarşısında öz
məsuliyyətlərini dərk etmələrinə imkan yaradır.
Şagirdlərin birgə fəaliyyəti problemləri bir yerdə həll
etməyi onlara öyrədir. Qrupda iş biliyi sərbəst əldə
etmək bacarıqlarının inkişaf etməsi üçün şərait
yaradır. Şagirdlərin özlərinə inamının artmasını,
özlərini tam şəxsiyyət kimi dərk etməsini, eyni zamanda
şagirdin müstəqil şəxsiyyət kimi inkişafını təmin edir.
Bu zaman zəif oxuyan şagirdlər belə fəallaşır, öz
fikirlərini söyləyərək tədqiqatda fəal iştirak etməyə
çalışırlar.
Məlumat müzakirəsi və mübadiləsi
Qrupların işləri təqdim olunur. Bu mərhələdə şagirdlərin
tədqiqatın gedişində əldə etdikləri yeni
informasiyaların mübadiləsi aparılır. Təqdimat zamanı
şagirdlər bir-birini fəal dinləməyə sövq edilir.
Yaradıcı tətbiqetmə
Yaradıcı tətbiqetmə mərhələsinə xüsusilə əhəmiyyət
verirəm. Bu mərhələdə şagirdlərin mövzunu necə
mənimsədikləri bəlli olur. Dərsin bu mərhələsində
şagirdlərin televiziya haqqında öyrəndikləri və
qrammatik qaydaların əks olunduğu tapşırıqları
şagirdlərə təqdim edirəm.
Ümumiləşdirmə və nəticə
Şagirdlər əldə etdikləri bilikləri ümumiləşdirirlər və
sonda tədqiqat sualına yenidən qayıtmaqla əldə etdikləri
nəticələri təhlil edirlər. Fəal dərsdə şagirdlərin
formativ qiymətləndirilməsi hər hansı mərhələdən sonra
istənilən üsulla həyata keçirilə bilər. Apardığım
dərsdə də qiymət qruplara verildi. Hər bir qrup digərini
dinlədikdən sonra öz qiymətini verdi və qiymətləndirmə
səsvermə yolu ilə həyata keçirildi.
Ev tapşırığı
Ev tapşırıqları şagirdlərin müstəqil tədqiqat
aparmasına, sərbəst və yaradıcı düşünmə qabiliyyətinin
formalaşmasına kömək edir. Evə şagirdlərə yeni ildə
keçiriləcək televiziya proqramları haqqında araşdırma
aparıb öyrənmək tapşırılır.
Sevinc ORUCOVA,
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin ingilis dili
müəllimi |