Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 

Kal meyvə

 

Könül NƏHMƏTOVA 

Övladlarıma bacardığım qədər yaxşı təlim-tərbiyə verməyə çalışıram. Bəzən də elə güman edirəm ki, onlar artıq hər şeyi özləri dərk etməlidirlər. Amma olmur...

Ağcabədiyə atamgilə getmişdik. Bir səhər eyvana çıxanda gördüm ki, böyük oğlum Adil (onun on beş yaşı var) həyətdə kal meyvəni ayağının ucuyla top kimi oynadır. Bu mənzərə mənə xoş gəlmədi, hətta sarsıtdı desəm, mübaliğə olmaz. Durdum, baxa-baxa fikirləşdim. Hələ ancaq onu fikirləşirdim ki, burada xoşagəlməz olan nədir? Anlaya bilmirdim, amma Adilin halına etirazım da öz səsini boğmaq istəmirdi:

- Adil, sənün üçün eyib deyilmi?

- Neyləyirəm ki?..

- Günahdır.

- Nə?

Sualların cavabları, nə yaxşı ki, bədahətən verilirdi:

- O, Allahın verdiyi ruzidir, hörmətsizlik edirsən, ayağınla oynadırsan.

- O, yetişməyib, kaldır.

- Nə olar ki, əgər çörək hələ bişməyibsə, xəmiri, unu tapdalamaq olarmı?! Əgər hələ una çevrilməyibsə, buğdanı ayaq altına salmaq olarmı?! Ruzi yalnız buğda deyil ki... Bütün yeyilə biləcək şeylər də ruzidir, buğda qədər hörmətəlayiqdir. Anladınmı?

Mən hələ düşünürdüm. Amma o, daha sual vermədi ki, bu kal meyvə yerə düşüb burada çürümüş, yaxud ayağımın altında əzilmiş, nə fərq edəcək ki?.. Aha, bayaqdan olduğu kimi, mənim anlamadıqlarımı sanki mənə diqtə edirlərmiş kimi, bu sualın da cavabını tapdım. Tapdım və yenə hündürdən diqtə etməyə başladım:

- Bax, amma o meyvə orada çürüyəcək, böcəklərin ruzisinə çevriləcək. Heç nə səbəbsiz olmur. Hər hərəkət aktı Allahın izniylə baş verir.

Adil başını aşağı salıb gülümsəyirdi. Mənə elə gəldi ki, onun da qəlbi bu suallarla məşğul idi. Axır ki, yerə düşmüş kal meyvənin də mahiyyətini anladı...

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov