Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 

Şərəfli peşəmlə fəxr edirəm

 

Oktyabrın 5-i biz müəllimlərin peşə bayramıdır. Müəllim adı dünyanın hər yerində qürurla, hörmətlə səslənir. Təsadüfü deyil ki, UNESCO 1966-cı il oktyabrın 5-də hər il Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərar verib. Bu təşkilat eyni zamanda müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli  sənəd də qəbul edib. İndi dünyanın 100-dən çox ölkəsi müəllimlərin peşə bayramını yüksək səviyyədə keçirir. Ulu öndər Heydər Əliyev  Azərbaycan Respublikasında bu günün qeyd olunması ilə əlaqədar xüsusi sərəncam imzalamışdır.

Qeyd edək ki, dünyanın ən böyük dahiləri öz müəllimlərini heç vaxt unutmamış, onları həmişə xatırlamış və yad etmişlər. Ümummilli lider Heydər Əliyev də öz müəllimləri haqqında həmişə ehtiramla danışırdı. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə müəllimlərin əməyini yüksək dəyərləndirmiş, onlara dövlət səviyyəsində qayğını əsirgəməmişdir.

"Mən müəllim adından yüksək ad tanımıram",  - deyən  ulu öndərin  müəllimə göstərdiyi yüksək ehtiram gənc nəslin də yararlana biləcəyi əvəzsiz örnəkdir. Ulu öndər hər zaman müdrikliklə vurğulamışdır ki, yüksək savadlı, intellektual səviyyəli müəllimlər olmadan cəmiyyətin hərtərəfli inkişafını təmin etmək mümkün deyil.

Ulu öndər müəllimlərin əməkhaqqının artırılması, onlara fəxri adların verilməsi ilə əlaqədar sərəncamlar imzalamışdır. Təqdirəlayiq haldır ki, bu ənənə son 11 ildə də Azərbaycan dövlətinin başçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət müəllimlərin gərgin və gərəkli əməyinin stimullaşdırılmasına diqqət və qayğı ilə yanaşır. Müəllimlərin maaşlarında vaxtaşırı artımlar olur. Müəllimlər orden və medallarla təltif edilirlər, "Əməkdar müəllim"  fəxri adına layiq görülürlər. Hər il ölkə üzrə "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" nominasiyaları üzrə müsabiqələr keçirilir. Qalib gələn məktəblərə  və müəllimlərə diplom və pul mükafatları verilir.

Azərbaycanda mükəmməl müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də həmişə gündəmdə olan məsələdir. Bu məsələdə bir amil xüsusi diqqətdə saxlanılır ki, bu gün həm dövlət, həm də cəmiyyət müəllimə yüksək tələbkarlıqla yanaşır. Çünki müəllim təkcə yazıb-oxumağı öyrədən şəxs deyil, dərin və hərtərəfli biliyə, yüksək intellektə malik mütəxəssisdir. Başqa sözlə, hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodiki cəhətdən kamilliyi, idarəetmə qabiliyyəti, yaradıcı münasibəti, təşəbbüskarlığı, prinsipiallığı ilə fərqlənməlidir. Yalnız bu halda o, cəmiyyətdə öz nüfuzu ilə seçilə bilər.

Bu günün müəllimi ümumi təhsilin müasir məzmununun müəyyənləşdirilməsində, dərsliklərin hazırlanmasında tanınmış mütəxəssis və alimlərin bərabərhüquqlu tərəfdaşına çevrilib.

Azərbaycanın ən ucqar kəndlərində də bu gün müasir məktəb binaları inşa edilir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi ölkənin bütün vətəndaşlarında iftixar hissi oyadır. Bu istiqamətdə Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsləri və fəaliyyətini hamı alqışlayır.

Təbii ki, müasir, yeni məktəbdə həm də yüksək ixtisaslı, günün tələblərinə cavab verən müəllimlər çalışmalıdır.

Qarşıdan 5 oktyabr - Beynəlxalq  Müəllimlər Günü gəlir. Bütün müəllimləri peşə bayramımız münasibətilə təbrik edir, onlara şərəfli fəaliyyətində uğurlar arzulayıram. 

Rəna ƏSGƏROVA,
Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin
informatika müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov