Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 
Oçerk

Bir əsrlik ömrün hekayəsi

 

Kəlbəcər rayonundan olan 88 yaşlı müəllim Şəmşir Şəldiyevdən bəhs olunur 

Böyütmək üçün şəkili seçinOnunla görüşə gedəndə əlimdə yalnız quru  faktlar vardı. Hətta bu faktlar belə onun haqqında məlumat verirdi. Bir ömrün hekayəsini danışırdı mənə.  Kəlbəcər və 88 yaş şifrələri qarşılaşacağım həyat səhifələrini artıq gözümün önündə yarıbayarı canlandırırdı. Bir də Dövlət İdarəçilik Akademiyasının yataqxanasının pilləkənləri ilə qalxanda sanki addım-addım o dərdli həyatın zirvəsinə  doğru yaxınlaşırdım. Sanki Dəlidağ adlanan ən yüksək zirvəsinə qalxırdım Kəlbəcərin... 

Qocaman tarix müəlliminin həyatı 

Şəldiyev Şəmşir Mikayıl oğlu 1925-ci ildə Kəlbəcər rayonunun Quzey Çiskin kəndində anadan olub.1941-ci ildə Qılınclı kənd orta məktəbini bitirib. 1942-ci ildə müəllim çatmadığına görə Ağqaya kəndində ibtidai məktəbə müəllim və müdir  təyin edilib. 1942-ci ilin noyabr ayında əsgərliyə çağırılıb, komsomol təşkilat katibi olduğu üçün özünə borc bilərək  könüllü müharibəyə gedib. Sevastopolun qəhrəman müdafiəsində, Stalinqradın birinci, ikinci açılışında iştirak edib. 9 may qələbə gününü hospitalda keçirib. Müharibədə aldığı zərbədən I qrup əlil olub.  Sol əlinin iki barmağını itirib. Müharibədən sonra Laçındakı pedaqoji məktəbdə bir il təhsil alaraq  Kəlbəcərin Keçili kəndinə ibtidai məktəbə müdir və müəllim göndərilib.  1947-ci ildə V.İ.Lenin adına Pedaqoji İnstitutun hüquq və tarix müəllimliyi fakültəsinin qiyabi şöbəsinə  qəbul olunub. 1951-ci ildə institutu bitirib və Sınıq Kilsə kənd məktəbinə tarix müəllimi və direktor təyin edilib.

Şəmşir müəllim gözəl ailə başçısıdır. 1956-cı ildə ailə qurub, həyat yoldaşı  Ziniş xanım öz şagirdi olub, özündən on üç yaş kiçikdir. Yeddi övladı və on üç nəvəsi var.  

Bir ömrün yurd nisgili 

Şəmşir müəllim həyatı yalnız doğma yurdunda dolu-dolu yaşaya bilib. Məktəb direktoru işləyən bu zəhmətkeş müəllim ailəsilə bərabər böyük təsərrüfat idarə edib. Mal-qara saxlayıb, arıçılıqla və kənd təsərrüfatı ilə məşğul olub. 1993-cü il aprelin 2-də Kəlbəcəri tərk etmək məcburiyyətində qalan ailə yalnız öz canlarını qurtara bilib. Bütün var-dövlətini itirən kənd adamı  müflis vəziyyətdə şəhərin quru daş-divarına necə sığıb, bunu yalnız yaşayan bilər.

"Qazandığını, varını, qoyub gələsən... Qapını bağlayıb, mal-qaranı tövlədə, arını, toyuğunu, cücəni həyətində qoyub gələsən..." - deyə acı təəssüflə dolu həyatı yazmağa qələmin də mürəkkəbi axmır. Yəni həyatını qoyub gələsən... Burada söz tükənir artıq. Deyirlər, keçmişinə güllə atanı gələcək topa tutar. Bəs keçmişini itirən adamın gələcəyini haradan tapmaq olar?! Çətin oldu. Şəmşir müəllimin Kəlbəcərdə qalan həyatının Bakıdakı davamını cansız bir cəsəd kimi acı-acı seyr etməkdən başqa əlimizdən heç nə gəlmədi. 

 Kəlbəcərin işğalı zamanı ölənlərdən çox əsir düşənlərin taleyi Şəmşir müəllimin yaddaşının ən ağrılı səhifələridir. Əsirlikdən qayıdan üç nəfərlə söhbəti zamanı az qala infarkt keçirəcəyini deyir. Bunları danışa bilmədi Şəmşir müəllim.

Ailənin didərginlik sıxıntıları övladlarından da yan keçməyib. Üç oğlu ailəsi ilə Dövlət İdarəçilik Akademiyasının yataqxanasında yaşamaq məcburiyyətindədir.

Həyat yoldaşı "qızsan,otur evdə, deyib, vaxtında məni oxumağa qoymadılar" deyə peşimançılıq çəkir. Haqlı da deyilmi, məgər? İyirmi il yataqxananın divarlarından kənara çıxmağa bir bəhanəsi olmayan insan bu sıxıntılara necə sakit qatlana bilər?!  

50 ilin məktəb direktoru  

1941-ci ildə ilk dəfə ibtidai məktəbə direktor təyin edilən Şəmşir müəllim bu işdə böyük səriştə və təcrübəsi, dürüstlüyü, zəhmətkeşliyi ilə  cəmiyyətdə böyük nüfuz qazanmışdır. Buna görə də direktorluq vəzifəsi tarix müəlliminin ömür yoldaşına çevrilib. Kəlbəcərin Kilsəli, Milli, İstisu kimi kəndlərində də direktor işləyib. Kəlbəcər rayonunda altı məktəbin tikintisinə rəhbərlik edib.  Milli kəndində çox əziyyət çəkdiyini deyir. Öz təşəbbüsü ilə  doğulduğu kənddə məktəb binası tikdirib və ora direktor təyin edilib. 1993-cü ilə qədər orada direktor vəzifəsində çalışıb. 1993-cü ildən didərgin düşdükdən sonra Suraxanı rayonunda Kəlbəcər qaçqın məktəbində tarix müəllimi vəzifəsində çalışıb. 50 illik məktəb direktorluğu təcrübəsi, 72 il pedaqoji stajı var.   

Sadəcə qocaman tarix müəllimi  

Şəmşir müəllimin fəaliyyətinin  Bakı dönəmində Suraxanı rayonundakı qaçqın məktəbində tarix müəllimi vəzifəsində çalışıb. 2010-cu ildə səhhəti ilə bağlı olaraq vəzifəsindən azad olunub.  Müəllim kimi  yaşının bu çağında, səhhətinin bu durumunda da təsirini itirməyib qocaman insan. Əgər gözləri görsəydi yenə də işləməyə ruhunun gücü çatardı, duyduq.  Amma  nə etməli ki, ömür də bitməz-tükənməz deyil. Günlərini dua ilə keçirə bilmək də bir təsəllidirsə, xoşbəxtlikdir.

Tarix müəllimi olan Şəldiyev Şəmşir özü də canlı bir tarixdir günümüz üçün. Şəldiyev Şəmşir Mikayıl oğlunu redaksiyamız adından Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edirik, uzun ömür, cansağlığı, tezliklə doğma yurda dönməyini arzulayırıq.  

Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov