ABŞ-ın orta məktəblərində əcnəbi şagirdlərin
sayı artmaqdadır
Son
məlumatlara görə, ABŞ-ın orta məktəblərində
təhsil alan əcnəbi şagirdlərin sayı
artmaqdadır. Bu barədə Beynəlxalq Təhsil
İnstitutunun hesabatında qeyd olunur. Hesabat
ölkənin orta məktəblərində şagird
mobilliyinin hərtərəfli təhlilinə həsr olunub.
Qeyd olunur ki, 2013-cü ildə Amerikanın orta
məktəblərinə 73 min əcnəbi şagird daxil olub.
Onların 2/3-si "F-1" tələbə, 1/3-i "J-1"
tələbə vizaları ilə ABŞ-a yollanıb. Son 10 il
ərzində Amerika orta məktəblərinin attestatını
alan əcnəbilərin sayı 3 dəfə artıb. Dövlət orta
təhsil müəssisələrində oxumaq istəyən əcnəbilər
üçün müəyyən viza məhdudiyyətləri olduğundan
xarici ölkələrdən gələnlərin 95 faizi özəl
məktəblərdə oxuyurlar. Ötən il 42 ştatda 220
dövlət məktəbinə 2170 əcnəbi şagird qəbul
olunub. Əcnəbi şagirdlər əsasən 6 ştatda-
Kaliforniya (17,6 faiz), Nyu-York (7,8 faiz),
Florida (7,6 faiz), Massaçusets (7,2 faiz),
Pensilvaniya (6,3 faiz), Texasda (5,2 faiz)
təhsil alırlar.
Hesabatda Avstraliya, Kanada və Britaniyada
təhsil alan əcnəbi məktəblilərin müqayisəsi
aparılıb. 2013-cü ildə Avstraliya
məktəblərində 16693, Kanada məktəblərində
23757, Böyük Britaniya orta məktəblərində isə
25912 əcnəbi şagird təhsil alıb. Beləliklə də
belə bir nəticə çıxarmaq olar ki, ABŞ həm əcnəbi
tələbələrin, həm də şagirdlərin sayına görə
dünyada lider ölkədir. |
Dünya ölkələrində müəllim əməyinin
xüsusiyyətlərinə dair hesabat açıqlanıb
İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünya
ölkələrində müəllim əməyinin xüsusiyyətlərinin
genişmiqyaslı öyrənilməsinə dair hesabatını
açıqlayıb. "Təhsil və Təlimin Beynəlxalq
Tədqiqatı" (Teaching and Learning International
Survey, TALIS) adlı hesabatın təqdimatında
Britaniya təhsil sisteminin digər ölkələrlə
müqayisədə üstünlüyündən bəhs olunub.
Sinqapurun təhsil sisteminin uğurları, bu
ölkənin gənc məktəblilərinin bütün dünyada
riyaziyyatın öyrənilməsində çox yüksək nəticələr
göstərməsi xüsusilə qeyd olunub. Bununla belə,
keyfiyyət və təhsil xidmətləri qiymətləri
arasında ən yaxşı nisbətin Finlandiyada olduğu
vurğulanıb. Bildirilib ki, Finlandiya
müəllimlərinin peşəkarlığı sayəsində bu ölkənin
şagirdləri məktəblilərin təhsil
nailiyyətlərinin qiymətləndirilməsi beynəlxalq
proqramlarında (Programme for International
Student Assessment, PISA) yüksək ballar
qazanırlar. Bu araşdırma müxtəlif ölkələrdən
olan şagirdlərin biliyini və qazanılan
bilikləri təcrübədə tətbiq edə bilməsi
bacarığını əks etdirir. Qeyd olunur ki,
Finlandiyada müəllimlərin əməkhaqları o qədər də
yüksək deyil və onlar nisbətən böyük siniflərdə
dərs keçirlər. Hesabatda Finlandiyadan sonra
ən effektiv təhsil verən ölkələr sırasında
Koreya, Çexiya, Macarıstanın adları çəkilir.
Braziliya və İndoneziyanın təhsil sistemləri
təhsil xidmətlərinin qiyməti və keyfiyyəti
nisbətinin ən aşağı göstəricilərini nümayiş
etdirib. Əldə olunmuş nəticələrin əlyetərliyi
nöqteyi-nəzərdən hesabat müəllifləri bütün
dünyada müəllim işinin xüsusiyyətlərinin necə
dəyişməsini əyani göstərmək üçün bu nəticələrdən
istifadə ediblər.
Ən yüksək əməkhaqqını İsveçrə müəllimləri alır
OECD-yə üzv ölkələrdən ən yüksək əməkhaqqını
İsveçrə müəllimləri alır. Müəllimin illik gəliri
bu ölkədə 68000 dollardır. İsveçrədə orta
illik əməkhaqqı isə 50000 dollardır. İsveçrədən
sonra ən yüksək əməkhaqqı Niderland, Almaniya
və Belçikadadır. Lider ölkələrlə müqayisədə
Böyük Britaniya müəllimlərinin illik orta
əməkaqqı 44000 dollardır. Almaniya 30 OECD
ölkəsi arasında müəllimlərin əməkhaqqına görə
13-cüdür. Fransada müəllimin illik orta
əməkhaqqı 30000 dollardır. Yunanıstanda isə
müəllimlər ildə 25000 dollar qazanır.
Məktəblərdə ən çox müəllimin olduğu ölkələr
Hesabata görə, Braziliyada orta hesabla hər bir
müəllimə 32, Portuqaliyada isə 8 şagird düşür.
Norveç və Yunanıstanda nisbətən böyük siniflər
mövcuddur. Böyük Britaniya bir müəllimə düşən
şagirdlərin sayına görə öndə olan ölkələrin
siyahısında 14-cü yerdədir. Tədqiqat göstərib
ki, əgər Böyük Britaniya hökuməti Finlandiyanın
effektiv təhsil sisteminə çatmaq istəyirsə,
buna hər müəllimə düşən şagird sayını 13-dən
16-ya çatdırmaqla nail ola bilər.
Müəllimlərin iş saatı
TALIS (Teaching and Learning International
Survey) tədqiqatı göstərib ki, Böyük
Britaniyada müəllimlər tədris ili ərzində orta
hesabla həftədə 46 saat işləyirlər, bu isə
müvafiq beynəlxalq normadan (38 saat) 8 saat
artıqdır. Bununla belə, Britaniya müəllimləri
sinifdə daha az vaxt keçirir, vaxtlarının böyük
hissəsini başqa tapşırıqlara həsr edirlər.
Finlandiyalı müəllimlər 32 saatlıq iş həftəsinə
malikdir. İtaliyada isə müəllimlər həftə ərzində
29 saat işləyirlər.
Qadın müəllimlərin sayına görə lider ölkə
Qadın müəllimlərin sayına görə Latviya liderlik
edir. Qadınlar bu ölkədə müəllimlərin ümumi
sayının 88,7, Estoniyada 84,5, Slovakiyada
81,8, Bolqarıstanda 81,2, İtaliyada 78,5,
Çexiyada 76,5, İsraildə 76,3, Polşada 74,9 və
s. faizini təşkil edir. Müəllimlər arasında
qadınların sayının ən az olduğu ölkələrə isə
Niderland (54,6 faiz), Meksika (53,8 faiz) və
Yaponiyanı (39 faiz) misal göstərmək olar.
Müəllimlərin orta yaşı aşağıdakı kimi dəyişir:
İtaliyada - 48,9, Estoniyada 47,9, Bolqarıstanda
47,4 yaşdır. Ən gənc müəllimlər isə Malayziyada
(38,9), Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri)
(38,7), Sinqapurda (36) işləyir.
Hansı ölkədə ali təhsilli müəllimlər çoxdur?
Ali təhsilli müəllimlər Avstraliyada (99,9
faiz), Polşada (99,9 faiz), Koreyada (99,8
faiz) üstünlük təşkil edir. Xorvatiyada ali
təhsillilər 82,3, Çilidə 81,6, İtaliyada 80,5
faiz təşkil edirlər. Ən yaxşı pedaqoji staja
malik müəllimlər Latviyada (22 il), Estoniyada
(21,6 il), Bolqarıstanda (21,5 il), İtaliyada
(19,8 il), Portuqaliyada (19,4 il), İspaniyada
(18,3 il) çalışır. Bir qədər az təcrübəli
müəllimlər Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri)
(12,8 il), İngiltərə (12,4 il), Sinqapurdadır
(9,7 il).
Həftə ərzində müəllimlərin tədrisə daha çox vaxt
ayırdığı ölkələrə Çili (26,7 saat), Braziliya
(25,4 saat), Meksika (22,7 saat) Finlandiya
(20,6 saat), İngiltərə (19,6 saat), Fransa (18,6
saat) və daha az vaxt ayrılan ölkələr isə
Niderland (19,9 saat), Rumıniya (16,2 saat) və
Norveçi (15 saat) göstərmək olar.
Müəllimlər haqqında əlavə faktlar
Təhsilin inkişafına daha çox vəsaiti ABŞ
hökuməti ayırır - 809 milyard dollar. Daha sonra
Yaponiya (160 milyard dollar), Almaniya (154
milyard dollar), Braziliya (146 milyard dollar),
Fransa (123 milyard dollar), Böyük Britaniya
(123 milyard dollar) gəlir. BMT-nin açıqlamasına
görə, 2015-ci ilə qədər əlavə olaraq 8 milyon
müəllimə ehtiyac yaranacaq. Beynəlxalq tədqiqata
əsasən, müəllimlərin 68 faizi qadınlardır,
müəllimin orta yaşı isə 48 yaşdır. Müəllimin
orta iş həftəsi 38 saatdır. Müəllimlərin daha
çox işlədiyi Yaponiyada həftəlik iş 54 saat
təşkil edir.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |